Əməkdar artist, kinorejissor Şua Şeyxov dərin kino bilikli, çalışqan, yeniliklərə imza atmağa səy göstərən kino rejissorlarımızdandır. O, 1936-cı ildə “Çapayev” filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub, kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb.
Şua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. Teatra, kinoya böyük maraq göstərib. On yeddi yaşından etibarən Azad Tənqid və Təbliğ Teatrında səhnə fəaliyyətinə başlayıb (1922). Paralel olaraq Bakı Teatr Məktəbində təhsil alıb, 1926-cı ildə oranı bitirib. 1927-1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsi üzrə ixtisasını püxtələşdirib. 1931-1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. 1935-1936-cı illərdə isə kino sənətinin sirlərinə bələd olmaq üçün Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirib.
Bakıya qayıtdıqdan sonra Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib. 1936-cı ildən etibarən “Azərfilm”də (indiki “Azərbaycanfilm”) çalışıb. İlk vaxtlar dublyaj rejissoru kimi fəaliyyət göstərib. “Çapayev” (1934) filmini Azərbaycan dilinə çevirib və dublyaj edib. Daha sonra kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb. İlk dəfə “Ordenli Azərbaycan” (1936, Q.Braginski, A.Konstantinovla birgə) filmində ikinci rejissor kimi işləyib. Daha sonra müstəqil rejissor kimi “Xalq şairi”, “Rahatdır, əlverişlidir, etibarlıdır”, “Əməyə eşq olsun”, “Sağlamlığın düşmənləri”, “Neft kəşfiyyatçıları” filmlərini çəkib.
1954-cü ildə Azərbaycanın ilk rəngli bədii-sənədli filmi olan “Doğma xalqıma” (rejissorlar Yan Frid, Hüseyn Seyidzadə) filmi çəkiləndə yaradıcı heyətin tərkibinə ikinci rejissor kimi təyin edilib. Bu filmdən sonra kinorejissor Hüseyn Seyidzadə onu “O olmasın, bu olsun” filminə ikinci rejissor kimi dəvət edib. Bədii kinoda təcrübə keçən rejissor 1958-ci ildə arxeoloqların həyatından bəhs edən “Kölgələr sürünür” filminə (İsmayıl Əfəndiyevlə birgə) quruluş verib.
Filmdə mineral daşların mənbəyini aşkar etmək üçün dağlarda qazıntılar aparan arxeoloqların fəaliyyətindən söhbət açılır. Onlar qarşılarına çıxan maneələrə baxmayaraq, elmdə həqiqətlərin üzə çıxarılması naminə mübarizə aparırlar, həmçinin müxtəlif yollarla alimlik adı almış meşşan xarakterli insanları ifşa edirlər.
Şua Şeyxov kinokomediya janrında da potensialını sınayıb. 1960-cı ildə “Qəribə əhvalat” qısametrajlı kinokomediyasına müstəqil rejissor kimi quruluş verib. Filmdə spirtli içki həvəskarı olan Kefçilovun (Lütfəli Abdullayev) başına gələn məzəli əhvalatdan danışılır. Baş qəhrəmanın məsuliyyətsiz xüsusiyyəti, davranışı incə yumorla qınaq obyektinə çevrilir. İnsanın cəmiyyətdə özünü doğrultması, təsdiqləməsi, ailə dəyərlərinə önəm verməsi fikri əsas məqsəd kimi diqqətə çatdırlır.
Filmin operatoru Əsgər İsmayılov, rəssamı Cəbrayıl Əzimov, bəstəkarı Vasif Adıgözəlovdur. Baş rolları Lütfəli Abdullayev (Kefçilov), Barat Şəkinskaya (Tükəzban), Bəşir Səfəroğlu (Cəmil), Məleykə Ağazadə (Fəridə) canlandırıblar.
Sonrakı dövrlərdə bir neçə sənədli film (“Paltar fabriki”, “Sabahın xeyir, Bakı!”, “Xalq istedadları” və s.) çəkən Şua Şeyxov daha çox müasirlərinin həyatını ekranlara gətirməyə üstünlük verib, əmək adamlarının həyat və fəaliyyətini təqdim edib.
Daim yaradıcılıq axtarışında olan, sənətini püxtələşdirən rejissor 1970-ci ildə dünyasını dəyişib. Biliyinin, bacarığının, düşüncələrinin əksi olan filmləri vasitəsilə imzasını Azərbaycan kino salnaməsində, xatirəsini yaddaşlarda əbədiləşdirib.
Dövlət Film Fondu
