Xalq artisti Məmmədrza Şeyxzamanovun 110 illik yubileyi qeyd olundu

Dekabrın 3-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli teatr və kino aktyoru Məmmədrza Şeyxzamanovun 110 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.

Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, M.Şeyxzamanovun kino yaradıcılığı və dublyaj fəaliyyəti haqqında şəxsi xatirələrini bölüşdü. Sonra çıxış edən Xalq artistləri Əbdül Mahmudov, Xalidə Quliyeva, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, Əməkdar jurnalist Akif Əli, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy görkəmli sənətkar haqqında fikirlərini bildirdilər.

Sonda aktyorun ailə üzvləri adından qızı Afaq Şeyxzamanova çıxış edərək, tədbirin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Dövlət Film Fonduna təşəkkürünü bildirdi.

Tədbirdə Məmmədrza Şeyxzamanovun yaradıcılığını özündə əks etdirən videoçarx, aktyorun çəkildiyi filmlərdən fraqmentlər, sənətkarın 95 və 100 illik yubileylərində çıxış etmiş kino xadimləri Amaliya Pənahova, Elxan Qasımov və Tofiq İsmayılovun arxiv görüntüləri nümayiş etdirildi.