Azərbaycan Dövlət Film Fondunda Xalq yazıçısı, kinodramaturq Yusif Səmədoğlunun 90 illik yubileyi qeyd olunacaq. Tədbir Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2025-ci il tarixli Sərəncamına müvafiq olaraq təşkil olunur.
Tədbirdə Y.Səmədoğlunun eyniadlı əsəri əsasında çəkilmiş, Dövlət Film Fondunun arxivində qorunub saxlanılan “Foto-fantaziya” filmi ilk dəfə olaraq, geniş ictimaiyyətə təqdim olunacaq. 1970-ci ildə rus dilində lentə alınmış film Azərbaycan dilində subtitrlərlə nümayiş etdiriləcək.
Qeyd edək ki, film Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifovun kurs işi kimi Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda istehsal olunub. Filmin rejissoru Dövlət mükafatı laureatı Rauf Nağıyevdir.
Yubiley tədbiri 9 yanvar 2026-cı il, saat 15:00-da Azərbaycan Dövlət Film Fondunda keçiriləcək.
Giriş sərbəstdir.
