Tanınmış ssenarist, redaktor, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxovun 75 yaşı tamam olur. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından yubilyarı ürəkdən təbrik edirik, ona möhkəm cansağlığı, işlərində nailiyyətlər arzulayırıq.
İnsan sevdiyi peşəni seçdikdə ona sadiq qalır, məhsuldar işi müqabilində müəyyən nailiyyətlərə imza atır. Ömür yolunu zinətləndirir, maraqlı, mənalı xatirələrlə zənginləşdirir. Yusif Şeyxovun da yeniyetməlik yaşlarından çəkiliş meydançalarında, kinematoqrafçıların əhatəsində olması, görkəmli kinorejissor Əlisəttar Atakişiyevin quruluş verdiyi “Sehrli xalat” filmində Eldar roluna çəkilməsi sonralar kino sahəsində çalışmasına, peşəkar kino işçisi kimi tanınmasına səbəb olmuşdur. Fürsətdən istifadə edib bacarıqlı kino xadiminin yaradıcılıq yoluna nəzər salırıq.
Yusif Mənsur oğlu Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olmuşdur. Burada 23 saylı orta məktəbi bitirmişdir. İki il (1969-1971) Neft-Kimya İnstitutunda təhsil almışdır. Kinoya olan marağına görə təhsilini yarımçıq qoymuş, sənədlərini İncəsənət İnstitutuna vermiş, rejissorluq fakültəsinə qəbul olunmuşdur (1971-1975). Yusif Şeyxovun dediklərindən: “Mən ikinci kursun ortalarından başa düşdüm ki, bura heç cür uyğunlaşa bilmirəm, buradan getməliyəm. “Sehrli xalat”ın təsiri heç cür ötüşüb keçmirdi. Mən kinoya vurulmuşdum. Kinostudiya məni özünə çəkirdi. Buna görə də qış sessiyasını verdikdən sonra institutu tərk etdim. Növbəti qəbul imtahanları başlayanda sənədlərimi İncəsənət İnstitutuna verdim və qəbul olundum. Yaxşı ki, fikrimi vaxtında dəyişdim, buna heç vaxt da peşman olmadım”.
İnstitutu bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayan Yusif Şeyxov burada “Vulkana doğru” (1976-1977), “Dantenin yubileyi” (1978), “Yarımçıq qalmış mahnı” (1979) filmlərində rejissor assistenti kimi işləmişdir. 1979-1985-ci illərdə Dövlət Kinematoqrafiya Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1985-1989-cu illərdə “Azərkinoprokat” idarəsinin müdiri, 1990-2001-ci illərdə (aprel ayına qədər) “Azərkinovideo” birliyində baş direktor müavini vəzifəsində işləmişdir. 2001-2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri vəzifələrində çalışmışdır. 2018-2021-ci illərdə Dövlət Film Fondunda baş mütəxəssis vəzifəsində işləmişdir.
Çoxşaxəli kino fəaliyyəti dövründə Yusif Şeyxov paralel olaraq bir neçə sənədli (“Qobustan”, “Portret. Tokay Məmmədov”, “Dua”, “Naxçıvan – qədim diyar”, “Nizami”, “Sübhdən başlanan həyat”), animasiya (“Qızıl”, “İt sərgisi”, “Cırtdan və sehrli xalat”) və bədii (“Arxada qalmış gələcək”, “Hədiyyə” q/f, “Üçüncü günün adamı”) filmlərin ssenarisini yazmışdır. Həmçinin “Mozalan” kinojurnalı üçün süjetlər (“Tövbə”, “Halal” və b.) hazırlamışdır. Rejissor və ssenari müəllifi kimi “Unudulmuş dəhliz” tammetrajlı sənədli filmini ərsəyə gətirmişdir. Həmçinin “Cavid ömrü”, “Axınla aşağı”, “İçəri şəhər”, “4.1 Şəhər motivləri”, “Yarımçıq xatirələr” və digər bədii, sənədli filmlərin redaktoru olmuşdur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə (18.12.2000) Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Dövlət Film Fondu
