Fevralın 12-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kino və teatr aktrisası Amaliya Pənahovanın 80 illik yubileyi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.
Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, A.Pənahovanın kino və dublyaj fəaliyyəti haqqında geniş məlumat verdi, görkəmli kino xadimlərinin aktrisa haqqında xatirələrini bölüşdü. Sonra çıxış edən Xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Xalidə Quliyeva, Firəngiz Mütəllimova, Əməkdar artistlər Suğra Bağırzadə, Firdovsi Atakişiyev, Hüsniyyə Mürvətova görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər.
Aktrisanın ailə üzvləri adından qızı Aynur Muxtarova çıxış edərək, tədbirin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Dövlət Film Fonduna təşəkkürünü bildirdi.
Tədbirdə Xalq artisti Amaliya Pənahovanın yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş etdirildi.


















