Tanınmış kino rəssamı Fikrət Ələkbərov yubiley yaşını (18.02.1946) qeyd edir. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Fikrət müəllimi ürəkdən təbrik edir, ona cansağlığı, işlərində nailiyyətlər arzulayırıq.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 60-dan çox filmdə çalışan (aktyor, rəssam assistenti, quruluşçu rəssam) Fikrət Ələkbərovun taleyini kino sənətinə bağlaması heç də təsadüfi deyildir. Atası kinooperator Ağazeynal Ələkbərov gənc yaşlarından (18 yaşından etibarən) Bakı kinostudiyasında çalışmış, İkinci Dünya müharibəsi illərində kinostudiyada ön cəbhəyə göndərilmək, müharibənin xronikasını yaratmaq üçün təşkil olunan kino qrupların birinə təhkim olunmuşdur. Sovet ordusu ilə birgə əvvəlcə İrana göndərilmiş, sonra Tehran və Təbriz şəhərlərində çəkilişlər aparmışdır. Daha sonra cəbhə kinooperatoru kimi Kerç, Odessa, Sevastopol, Tuapse uğrunda aparılan ağır döyüşlərdə iştirak etmiş, dövrünün faciələrini lentlərin yaddaşına həkk etmiş, tarixin salnaməsini yaratmışdır.
Atasının əmisi oğlu, görkəmli sənətkar, Xalq artisti Ələsgər Ələkbərov Akademik Dram Teatrının səhnəsində və bir sıra filmlərdə baş və aparıcı rolların ifaçısı kimi məşhurlaşmışdır. Ailədə olan sənət söhbətləri, yaradıcılıq müzakirələri Fikrət Ələkbərovun diqqətindən yayına, düşüncələrində dərin iz buraxmaya bilməzdi. Buna görə də orta məktəbi bitirdikdən sonra Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq şöbəsində təhsil almışdır (1962). Daha sonra M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir (1967-1973). Yaradıcılıq taleyini kino ilə əlaqələndirmiş, “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlamışdır.
F.Ələkbərov kinoya gəlmə səbəbini izah edir: “Mən Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuduqdan sonra Moskvada Kinematoqrafiya İnstitutuna daxil oldum. Lakin orada bir il oxudum. Sonra sənədlərimi M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsinə verdim və qəbul olundum. İnstitutu 1973-cü ildə bitirdim. 1974-cü ildə atam məni “Azərbaycanfilm” kinostudiyasına gətirdi. Onu da qeyd edim ki, 1957-ci ildən kinostudiya ilə tanışlığım vardı və buranın qaynar həyatı, çəkiliş meydançaları mənə doğma idi. Hələ kiçik yaşlarımdan müxtəlif filmlərdə (“Sonuncu qarış”, “Amfibiya adam”, “Brilyant əl” və s.) epizodik rollarda çəkilmişdim. Kinostudiyada işlədiyim dövrdə 60-dan çox filmdə quruluşçu rəssam və geyim rəssamı kimi işlədim. Taleyimi kinostudiya ilə bağladığım üçün atama minnətdaram”.
F.Ələkbərov 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında bədii filmlərdə rəssam assistenti kimi çalışmış, 1976-cı ildən dekor, geyim rəssamı kimi işləmiş, quruluşçu rəssam kimi fəaliyyətini davam etdirmişdir. “Gənc qadının kişisi” (1988), “Girişmə, öldürər!” (1991), “Hər şey yaxşılığa doğru” (1997), “5 nömrəli kameranın məhbusu” (1993, Türkiyə), “Murad-Sad” (1987, q/m), “Bir anın həqiqəti” (2003, 12 seriya), “Xəyallar gündəliyi” (2008), “Qocalar” (2008), “Psixiatr” (2009, həm də aktyor), “Niyyət” (2010), “Əlavə təsir” (2010), “Dərs” (2015) və digər filmlərin quruluşçu rəssamı olmuşdur. “5 nömrəli kameranın məhbusu” filmində sovet zabiti rolunda çəkilmişdir. “Mozalan” kinojurnalının 100-dən artıq nömrəsində quruluşçu rəssam kimi çalışmışdır.
F.Ələkbərov kinodakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür (2008).
Dövlət Film Fondu
