Həbib İsmayılov – 120

Görkəmli rejissor Həbib İsmayılovun anadan olmasının 120 illiyidir.

H.İsmayılov 1906-cı il 21 fevral tarixində Naxçıvan şəhərində anadan olmuşdur. Əvvəllər Nehrəm kəndində yaşamış, daha sonra ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. Maddi durumları ağır olduğuna görə bir müddət sonra İsmayılovlar ailəsi Tiflis şəhərinə köçməli olmuşdur (1910). H.İsmayılov burada orta məktəbdə oxuduğu illərdə “Yeni fikir” qəzetində korrektor köməkçisi kimi işləmiş, paralel olaraq Tiflisdəki Azərbaycan Dövlət Teatrının səhnəsində uşaq rollarını ifa etmişdir.

Bir müddət sonra ailəsi ilə birlikdə Bakıya köçən H.İsmayılov burada Fəhlə fakültəsində təhsil almış, eyni zamanda dram dərnəyində səhnə fəaliyyətini (aktyor və rejissor kimi) davam etdirmişdir. Taleyini səhnə sənəti ilə bağlamağı qarşısına məqsəd qoyan H.İsmayılov 1927-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən  Moskvaya Mərkəzi Teatr Sənəti Texnikumuna (sonradan Dövlət Teatr Sənəti İnstitutu) rejissorluq və aktyorluq fakültəsində oxumağa göndərilmişdir. Orada  SSRİ Xalq artisti, rejissor və pedaqoq Konstantin Stanislavskidən sənət dərsi almışdır.

İnstitutu bitirdikdən sonra Bakıya qayıdan gənc sənətsevər Türk İşçi  Teatrında çalışmışdır (1931). Buradakı fəaliyyəti dövründə bədii rəhbər, rejissor kimi işləmiş, bir sıra tamaşalara quruluş vermişdir (“Küləklər şəhəri”, “Lənkəran xanının vəziri”, “Gizli əl”, “Kölgə”, “Yaşar”, “Ölülər”, “Od gəlini” və s.). Türk İşçi Teatrı 1933-cü ildə Gəncə şəhərinə köçürüldükdə kollektivlə birlikdə Gəncəyə getmiş, orada rejissor kimi çalışmış, həmçinin bir sıra tamaşalarda müxtəlif xarakterli rollar (Toğrul – “Yaşar”, Barxudar – “Namus”, general-qubernator – “1905”, vəzir Mirzə Həbib – “Lənkəran xanının vəziri” və s.) oynamışdır. Bakı, Gəncə, Mahaçqala teatrlarında bədii rəhbər, rejissor, baş rejissor vəzifələrində işləmişdir (1931-1943).

Teatr islahatlarını düzgün yerinə yetirən, məhsuldar yaradıcılıq ərsəyə gətirən H.İsmayılov 1938-ci ildə Bakıya çağırılmış, yeni təşkil olunmuş 

Musiqili Komediya Teatrına baş rejissor vəzifəsinə təyin olunmuş, burada maraqlı tamaşalara quruluş vermişdir (“Aşıq Qərib”, “Əlli yaşında cavan”, “Lənkəran xanının vəziri” və s.). Paralel olaraq, A.Zeynallı adına musiqi məktəbində opera sinfində aktyor ustalığı fənnini tədris etmişdir.

1942-ci ildə ordu sıralarına çağırılmış, hərbiləşdirilmiş caz orkestrinin rəhbəri, sonra isə 402-ci Azərbaycan atıcı diviziyası klubunun rəisi təyin olunmuşdur. 1942-ci ilin sonunda Mahaçqala şəhərinə göndərilmiş, 1943-cü ilin əvvəlində Dağıstan Dövlət Teatrının direktoru vəzifəsinə təyin olunmuşdur. Burada “Arşın mal alan” operettasına quruluş vermişdir.

1943-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakıya qayıdan H.İsmayılov Bakı kinostudiyasında işləməyə başlamışdır. Əvvəlcə kinoxronika şöbəsinin rəisi kimi çalışmış, az sonra baş redaktor vəzifəsinə təyin olunmuşdur. 1947-ci ildə kinoxronika şöbəsinin bədii filmlərin Azərbaycan dilinə dublyajı üzrə rejissor işləmişdir.

1950-ci ildə peşə təcrübəsini artırmaq məqsədilə Moskvaya “Mosfilm” kinostudiyasına ezam olunmuşdur. Həmin il Dövlət Teatr Sənəti İnstitutunun qiyabi şöbəsinin aspiranturasına qəbul edilmişdir. Dissertasiyası üçün “SSRİ Xalq artisti Mirzağa Əliyevin yarım əsrlik səhnə fəaliyyəti” mövzusunu seçmişdir. Həmçinin kinoxronika şöbəsində bir sıra elmi-kütləvi və sənədli filmlər çəkmişdir (“Dağıstan MSSR-in 25 illiyi”, “Cəfər Cabbarlı”, “Naxçıvan MSSR-in 25 illiyi”, “Sovet İttifaqının himni”, “Torpaq və onun münbitliyi” və s.). “Azərbaycan pambıqçılığında aqrotexnikanın tətbiqi” filminə görə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin gümüş medalına layiq görülmüşdür (1955).

Bədii filmlər ekranlaşdırmağı yaradıcılıq məqsədinə çevirən H.İsmayılov böyük yaradıcılıq eşqi ilə “Ögey ana” (1958) və “Böyük dayaq” (1962) filmlərini ekranlaşdırmışdır. Teatr və kino sahəsində özünəməxsus yaradıcılıq nümayiş etdirən rejissora hər iki film böyük uğur gətirmiş, geniş tamaşaçı auditoriyasına sevdirmişdir. “Ögey ana” filmi ilk dəfə 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə nümayiş etdirilmiş, Moskva tamaşaçılarının sevgisini qazanmışdır, həmin ildə Kiyevdə keçirilən Ümumittifaq kinofestivalda mükafat almışdır.

H.İsmayılov sənətdəki xidmətlərinə görə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür (1960).

Dövlət Film Fondu