Rejissor və rəssam Firəngiz Qurbanovanın doğum günüdür

Azərbaycan kino rəssamı, animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Firəngiz Qurbanovanın doğum günüdür. Firəngiz xanımı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq uğurları diləyirik.

Firəngiz Qurbanova 1943-cü il martın 12-də Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. (1961-1965). Burada təhsil alarkən kinorejissor Lətif Səfərovun 1961-ci ildə quruluş verdiyi “Leyli və Məcnun” filmində Zeynəb rolunu canlandırmışdır.

Peşəkarların əhatəsindəki yaradıcı atmosfer, çəkiliş meydançasındakı qızğın iş prosesi, bir sözlə kinonun cazibə qüvvəsi təsirsiz ötüşməmiş, onda kinoya qarşı böyük məhəbbət hissi yaratmışdır. Buna görə də o, Moskvaya getmiş, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir (1971). Bakıya qayıtdıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyət göstərmiş, bir sıra bədii filmlərin quruluşçu rəssamı olmuşdur (1971-1988). “Xatirələr sahili” (1972; F. Əhədovla birgə), “Ömrün səhifələri” kinoalmanaxına daxil olan “Rəqiblər” və “Nəğmə dərsi” kinonovellaları (1974), “Alma almaya bənzər” (1975), “Şir evdən getdi” (1977), “Bir ailəlik bağ evi” (1978), “Anlamaq istəyirəm” (1980), “Gümüşü furqon” (1982), “Kölgədə 40 dərəcə isti” (1988) və digər filmlərdə çalışmışdır.

F.Qurbanova 1970-ci illərin əvvəllərindən bir sıra sənədli (“Cəfər Cabbarlı. Səhnə əsərləri” (1973), “Yunanlar” (1973), “Yeraltı əhvalat” (1975), “Beləliklə, biz başlayırıq” (1976, rej. – animator) filmlərdə işləmişdir. 1973-cü ildən animasiya filmlərinin rejissoru və rəssamı kimi fəaliyyət göstərmişdir. “Bulud niyə ağlayır?” (1973; M.Pənahi ilə birgə quruluşçu rəssam.; VII ÜKF birinci mükafatı, Bakı, 1974), “Arzunu yarat” (1977), “Akvarium” (1983; Murmanskda II Ümumrusiya müsabiqəsinin diplomu, 1984), “Bir axşam…” (1985; XIX ÜKF-da mükafat, Alma-Ata, 1986), “Humayın yuxusu” (1985), “Ana ağaca qonub” (1986), “Seans” (1988; L. Səfərova ilə birgə ssenari müəllifi; Krakov və Bilbao BKF diplomları, 1988), “Mərhəmətin dadı” (2007, rəssam və bədii rəhbər), “Nuş olsun” (2008, rejissor və ssenari müəllifi) və digər animasiya filmlərini ərsəyə gətirmişdir.

1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının müstəqil “Birlik” kinostudiyasının təsisçisi və bədii rəhbəri kimi fəaliyyət göstərmiş, burada “Kürən” (1989; “Mövzu üzrə kompozisiya” serialının 1-ci filmi), “Keşikçi” (1990), “Yaramaz kral” (1990; serialın 2-ci filmi), “Şahzadə qız” (1991; serialın 3-cü filmi), “Ad günü” (1992; serialın 4-cü filmi), “İfritə Meymunə” (1992), “Zəka yatarsa…” (1996, ssenari müəllifi və rejissor) və digər animasiya filmlərini çəkmişdir. “Naməlum torpaq” sənədli filminin (1992) prodüseridir.

Kinodakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 2024-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Dövlət Film Fondu