Azərbaycanın teatr fədailərindən olan, adı kino tariximizə ilk milli kino rejissoru kimi yazılan Abbas Mirzə Şərifzadənin kinoda çalışmasının başlıca səbəbi insanları narahat edən mövzuları, vacib mənəvi dəyərləri ekranlara gətirmək idi. Sənətin yüksəlişininə xidmət etmək missiyasını böyük cəfakeşliklə yerinə yetirən rejissor 19 illik kino fəaliyyəti dövründə milli kadrların kinoya gəlməsinə, azərbaycanlı kinematoqrafçıların yetişməsi istiqamətində mühüm işlərə imza atdı. Onun ibrətamiz mövqeyindən, sənət təəssübkeşliyindən örnək alan onlarla kinematoqrafçı yetişdi, Azərbaycan kino sənətinin inkişafına (sonrakı mərhələlərdə) öz töhfəsini verdi. Bu mənada sənət fədaisinin əziz xatirəsi hər zaman dərin ehtirama layiqdir.
Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Rəsul kişi dövrünün sayılıb-seçilən insanlarından biri kimi tanınmışdır. Seyid Əzim Şirvaninin açdığı yeni “Üsuli-Cədid” məktəbində dərs demiş, Şamaxının hörmətli müəllimlərindən biri olmuşdur.
A.M.Şərifzadə Şamaxıda doğulsa da, gəncliyi və bütün həyatı Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk etmiş, Bakıya köçmüşlər. Burada o, həvəskar teatr tamaşalarında çıxış etmiş, 15 yaşından etibarən həyatını tamamilə səhnə sənətinə həsr etmişdir. Peşə sirlərini H.Ərəblinskidən öyrənmiş, müxtəlif cəmiyyətlərin truppalarında çıxış etmişdir. 1913-cü ildən Azərbaycanın şəhər və kəndlərində, Qafqazın və Yaxın Şərqin bir çox şəhərlərində qastrol şəhərlərində olmuş, müxtəlif tamaşalarda çıxış etmiş, teatr xadimi kimi daha da şöhrətlənmişdir.
A.M.Şərifzadənin kinoya gəlişi 1915-ci ilə təsadüf etmişdir. Həmin ildə Bakıda fəaliyyət göstərən “Filma” Səhmdar Cəmiyyətinin rejissoru B.Svetlov dövrünün tanınmış aktyorunu “Knyaz Dəmir Bulat” filmində baş rollardan birinə çəkilməyə dəvət etmişdir. Film 1916-1917-ci illərdə Bakının ekranlarında nümayiş olunmuşdur.
Ötən əsrin 20-ci illərində teatr aktyorlarının kinoda çalışması intensivləşmiş, onların iştirakı ilə irihəcmli filmlərin istehsalına başlanılmışdır. A.M.Şərifzadənin kinoya xüsusi marağı olduğuna görə bu sahədəki fəaliyyətini çoxşaxəli şəkildə davam etdirməyə müvəffəq olmuşdur. 1924-cü ildə rejissor Georgi Kravçenkonun çəkdiyi “Bayquş” filmində xan rolunda çəkilmişdir. Həmin ildə rejissor kimi ilk işi olan “Azərbaycana səyahət” sənədli filmini ekranlaşdırmışdır. Filmdə respublikanın mənzərəli təbiəti, zəngin yeraltı sərvətləri və mədəni iqtisadi həyatı əks olunmuşdur.
Teatr sənəti ilə yanaşı, kino fəaliyyətini böyük yaradıclıq eşqi ilə davam etdirən A.M.Şərifzadə görkəmli yazıçı, dramaturq C.Cabbarlının məsləhəti ilə kino rejissorluğu sahəsindəki fəallığını artırmış, 1925-ci ildə Azərbaycan Foto-Kino İdarəsi nəzdində təşkil olunmuş kino rejissorluğu və kino aktyorluğu kurslarına daxil olmuş, həmçinin orada aktyorluq sənətindən dərs demişdir. Həmin illərdə Azərbaycan kinematoqrafiyasının milli kadrlara böyük ehtiyacı olduğundan sənətin incəliklərini dərindən qavramağa meyillənmiş, Rusiyadan dəvət olunmuş S.Trotski, M.Arbatov, V.Sladkopevtsevdən kino rejissorluğunun əsaslarını öyrənmişdir. Digər həmkarlarının, azərbaycanlı sənətsevərlərin kinoya cəlb olunmasına, onların kino bilgilərinin artmasına imkan yaratmışdır.
“Bismillah” filmi A.M.Şərifzadənin bədii kinoda ilk işidir. Pavel Blyaxinin ssenarisi əsasında çəkilən film dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmişdir. Filmdə yalançı mollaların törətdikləri cinayətlərdən, yoxsul kəndlilərin başına gətirdikləri oyunlardan bəhs edilir. Fırıldaqçı mollalara öz xeyri üçün tərəfdar çıxan yerli bəylərin əməllərindən bəhs edilir. Filmdə Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazı da süjetə daxil edilmişdir.
Rejissor bundan sonra “Şaxsey-vaxsey” (1925) qısametrajlı sənədli filmini ekranlaşdırmışdır. Paralel olaraq, kinorejissor Aleksandr Litvinovun quruluş verdiyi xarici kəşfiyyat agentlərinin axtarılıb tapılması, Azərbaycan çekistlərinin onlarla mübarizəsi haqqında danışan, ilk Azərbaycan detektiv filmi olan “Əvəz-əvəzə” filmində baş rollardan birini canlandırmışdır.
1929-cu ildə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin eyniadlı pyesinin motivləri əsasında “Hacı Qara” (“Sona”) filmini çəkmişdir. Kinolentin mövzusu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilmiş, əlavə obrazlar salınmış, milli adət, ənənələrdən bəhs edilmişdir. Film ümumittifaq ekranlara 1929-cu il martın 9-da buraxılmış, müvəfəqiyyətlə nümayiş etdirilmişdir.
Kinorejissor kimi rəğbət qazanan A.M.Şərifzadə 6 il sonra “Məhəbbət oyunu” (1935) kinokomediyasını ərsəyə gətirmişdir. Filmdə əməyə xor baxan tənbəl adamlar tənqid edilmişdir. Süjet xəttinə Leyla adlı bir qıza vurulan müxtəlif xarakterli iki dostun həyat mövqeyi, davranışı, ətrafındakılara münasibəti daxildir. Leyla dostların birinə, işini ciddiyə almayan Səttara rəğbət bəsləyir. Kimsənin nəsihətini dinləməyən, passiv həyat tərzini pozmaq fikri olmayan Səttarın tənbəl xüsusiyyəti nəhayət ki, Leylanın təsiri və nəzarəti altında yaxşılığa doğru dəyişir. Film rejissorun kinoda sonuncu işidir.
A.M.Şərifzadə teatr sənətinin inkişafı yolunda çalışdığı qədər Azərbaycan kino sənətinin tərəqqisi istiqamətində də dövrü üçün əhəmiyyət kəsb edən mühüm işlərə imza atdı. Azərbaycanın milli kino rejissoru kimi tanındı, şöhrətləndi. Sənətdə qazandığı nailiyyətlərə, deputat seçilməsinə, Xalq artisti fəxri adına layiq görülməsinə baxmayaraq dövrünün amansızlığına tuş gəldi. Stalin repressiyasının qurbanlarından biri kimi “xalq düşməni” adlandırılaraq 1938-ci ildə, 45 yaşında həlak oldu. Adı Azərbaycan mədəniyyət tarixinə, o cümlədən milli kino salnaməmizə əbədi həkk olundu.
Azərbaycan milli kinosunun formalaşması istiqamətində səmərəli işlər görmüş A.M.Şərifzadənin imzası sənət üfüqündə daim parlayacaq, adı qəlblərdə yaşayacaq.
Dövlət Film Fondu
