Sənətdə istedadlı olmaq azdır. Əsl sənət hünəri istedadla zəhməti qovuşdurmağı bacarmaq, potensialını incəsənətin yüksəlişinə sərf etməkdir. Xalq artisti, “Şöhrət” ordenli Həsən Turabov da geniş potensialı, zəhmətkeşliyi sayəsində Azərbaycan teatr, kino sənətinin inkişafına böyük töhfələr vermişdir. Milli kino sənətimizdə yaratdığı bir-birindən məzmunlu, koloritli rolları ilə yaddaşlarda, qəlblərdə iz salmışdır. Unudulmaz sənətkarın Akademik Milli Dram Teatrının səhnəsində, həmçinin “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərdə canlandırdığı dolğun, yaddaqalımlı personajlar səhnə və kino sənətimizin tərəqqisinə yol açmış, nəsillərin maariflənməsində, təlim-tərbiyəsində mühüm rol oynamışdır.
1938-ci il martın 24-də Bakıda dünyaya göz açan gələcəyin məşhur aktyoru sənətə hələ uşaq yaşlarından həvəs göstərmişdir. 31 saylı orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini, görkəmli pedaqoq Mehdi Məmmədovun kursunu bitirmişdir. Tələbəlik illərində Azərbaycan radiosunda və televiziyasında diktor kimi çalışmış, uzun illər radioda şeir və qəzəllər demişdir, bədii qiraətlə məşğul olmuşdur. Çoxsaylı tamaşaçı auditoriyasının böyük rəğbətini qazanan aktyorun məxməri, ahəngdar səslə söylədiyi şeirlər və qəzəllər Dövlət Radiosunun qızıl fondunda qorunub saxlanılır.
H.Turabov institutu bitirdikdən sonra Akademik Milli Dram Teatrında çalışmışdır. Orada hazırlanan tamaşalarda baş və aparıcı rolları böyük yaradıcılıq eşqi ilə təqdim etmişdir. Kinoda ilk dəfə kinorejissor Ağarza Quliyevin quruluş verdiyi “Qara daşlar” bədii filmində kiçik epizodda – rabitəçi Hüseyn rolunda çəkilmişdir. Bu filmdən sonra “Telefonçu qız” filmində Hüseyn, “Yun şal”da (telefilm) Cəlal, “İstintaq davam edir” detektiv macəra filmində Quliyev, “Sən niyə susursan?” filmində milis mayoru, “Sevil” film-operasında Rüstəmov və digər xarakterik rolları özünəməxsus yaradıcılıq manerası, forma və üslub çalarları ilə təqdim etmişdir. Teatrda illərlə qazandığı zəngin sənət təcrübəsi kino rollarının daha da dolğunlaşmasına, müəlliflərin ideyasını təsdiqləməsinə, filmlərin baxımlı olmasına səbəb yaratmışdır. Sənət bilgisinin, potensialının çoxluğuna görə görkəmli kinorejissorların filmlərində ardıcıl olaraq rol almışdır.
Filmoqrafiyasına 50-dən artıq film daxil olan aktyorun yaradıcılıq bioqrafiyasını maraqlı və məzmunlu rollar təşkil edir. Gəray bəy (“Yeddi oğul istərəm”), Kəbirlinski (“Dantenin yubileyi”), Afşin (“Babək”), Cəfər (“Qorxma, mən səninləyəm”), Qaçaq Nəbi (“Atları yəhərləyin”), Əsəd (“Bəyin oğurlanması”), Qəzənfər Mamedoviç (“Yaramaz”) və digər ekran personajları aktyorun kino fəaliyyətində əhəmiyyətli yer tutur.
H.Turabovun “Sevinc buxtası” filmində oynadığı Əlizadə, “Gözlə məni”də Böyük bəy, “Ürək… ürək…” filmində Murad, “Dərviş Parisi partladır” kinokomediyasında Rəşid bəy, “Səmt küləyi”ndə Biçeraxov, “Axırıncı aşırım”da Xəlil və digər rolları forma və məzmun etibarilə fərqlidir, orijinaldır.
Yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılan “Dantenin yubileyi” televiziya bədii filmində H.Turabov Feyzulla Kəbirlinski rolunu əsl sənətkarlıq keyfiyyətinə xas üslubda canlandırmış, personajın fərdi cəhətlərini orijinal dəst-xətlə təqdim etmişdir.
XX əsrin əvvəllərində Azərbaycan teatr sənətinin təşəkkülündə böyük xidmətləri olmuş sənət adamının həyatından bəhs edən filmdə H.Turabov baş rol olan Feyzulla Kəbirlinski obrazını canlandırmışdır. İş yoldaşları tərəfindən sənəti bəyənilməyən, səhnə təqdimatı hər dəfə gülüş hədəfinə çevrilən, lakin bütün bunlara baxmayaraq, peşə etikasının vacibliyini təlqin edən, insani xüsusiyyətlərini qoruyub saxlayan, məqam düşən kimi ətrafdakılara qarşı qayğıkeş davranış nümayiş etdirən Kəbirlinskinin fərdiyyəti, sadəlövh, utancaq, mülayim xasiyyətləri aktyorun təqdimatında psixoloji və inandırıcı maneralarla çatdırılmışdır. Obrazın şəxsi və ictimai mövqeyi fərdi xüsusiyyətinə uyğunlaşdırılmış tərzdə dəqiqliklə səciyyələndirilmişdir.
Bundan əlavə, ekran kompozisiyasına, maraqlı təsvir həllinə görə uğurlu ekran taleyini yaşayan, böyük sərkərdə, siyasi xadim Babəkin ərəb xilafətinə qarşı mübarizəsindən bəhs edən “Babək” tarixi dramında aktyorun canlandırdığı Afşin obrazı tamamilə fərqlidir, orijinaldır. Afşin şöhrətpərəst və lovğadır. İstər xəlifə Mötəsimin hüzurunda, istərsə də Babəklə görüşlərində onun hiyləgər niyyəti bəlli olur, məkrli məqsədli sərkərdə kimi yadda qalır. H.Turabovun zəngin sənət təcrübəsi, geniş potensialı rolun psixoloji durumunu, niyyət və məqsədini müxtəlif vəziyyətlərdə ustalıqla çatdırmasına imkan vermişdir. Orta əsrlərdə yaşanan dramatik hadisələrin vizual şərhinə yol açmışdır, filmin ideyasının dolğunluğuna, tarixi dramın maraqla izlənilməsinə səbəb yaratmışdır.
H.Turabovun yaddaqalan ekran personajlarından biri də “Nizami” tarixi-bioqrafik filmindəki Müzəffəri obrazıdır. Dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş filmdə aktyor şan-şöhrət düşkünü olan saray şairi rolunu bacarıqla ifa etmişdir. Müzəffəri tamahkardır, kinlidir, mənfəətpərəstdir. Bir sıra təəccüb və maraq doğuran cəhətləri var. Dövrünün qanunauyğunsuzluqlarını yaradanlardan biri olan, ətrafındakılardan heç bir üstün cəhəti ilə fərqlənməyən Müzəffərinin çirkin zəmanəsinə bənzəyən ikiüzlü simasını H.Turabov orijinal çalarlarla, realist ifa ilə canlandırmış, obrazın təfsirində dövrün ab-havasını, mühitin vəziyyətini aydın formada anlatmışdır.
“Atları yəhərləyin” filmində isə öz xalqının əmin-amanlığı naminə mübarizə aparan Qaçaq Nəbinin qəhrəman obrazı, dövrün hadisələrinə fərqli və fərdi yanaşması, yenilməzliyi aktyorun inandırıcı ifasında, parlaq mizanlarında, xarakterik cizgilərində təsdiqini tapmış, qəbul edilmişdir. Onun digər filmlərdə canlandırdığı Şəmsi (“Var olun, qızlar”), Kamran (“Xatirələr sahili”), Mehdi Mehdiyev (“Ömrün ilk saatı”), Səlimov (“Qatır Məmməd”), Adil (“Çarvadarların izi ilə”), “Qəyyum” (“Qaladan tapılan mücrü”), Mirzə Cəlil (“Qəm pəncərəsi”), baş nazir (“İşarəni dənizdən gözləyin”), Əsəd müəllim (“Bəyin oğurlanması”), müstəntiq (“Nə gözəldir bu dünya”) və başqa rolları müxtəlif dövrlərin müasirlərinin düşüncə və psixologiyasını, cəmiyyətdəki yeri və rolunu müəyyənləşdirmiş, kinonun həyatın inikası olduğunu vacib nüanslarla, incə ştixlərlə vurğulamışdır.
Teatr, kino fəaliyyəti ilə paralel olaraq dublyaj studiyasında çalışan aktyor xarici və yerli filmlərdəki personajları ustalıqla səsləndirmiş, dublyaj sənətinin kino üçün vacibliyini hər bir təqdimatında vurğulamışdır.
Teatrda illərlə qazandığı sənət təcrübəsi kino fəaliyyətinə böyük təkan verən H.Turabov uzun illər rol aldığı Akademik Dram Teatrına 1987-ci ildə direktor vəzifəsinə təyin edilmiş, 1989-cu ildə paralel olaraq bədii rəhbər kimi işləmişdir (2001-ci ilə kimi). 1991-2003-cü illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmuşdur. 1994-cü ildə Avropa Türkləri İslam Birliyinin qızıl medalı ilə təltif edilmişdir.
Dövlət Film Fondu
