Azərbaycan teatr, kino sənətində yaratdığı məzmunlu, bənzərsiz rolları ilə sənətsevərlərin qəlbində əbədi iz salan Xalq artisti Ələsgər Ələkbərovun milli mədəniyyətimizin inkişafında rolu əvəzsizdir. Aktyor müxtəlif dövrlərə aid ekran hadisələrinin dolğun çatdırılmasına nail olmuş, kinomuzun səssiz dövründə kamera qarşısındakı sərbəst davranışına, peşəkar təqdimatına görə filmlərin uğurlu alınmasına zəmin yaratmışdır.
Ə.Ələkbərov Akademik Dram Teatrının sütunu, romantik, realist aktyor məktəbinin yaradıcılarındandır. Qəlbini, meylini incəsənətə hələ kiçik yaşlarından verən gələcəyin məşhur aktyoru orta məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəklərinə getmiş, sənətin incəliklərinə erkən yaşlarından bələd olmuşdur. Bu səbəbdən də 17 yaşından teatra, 18 yaşından kinoya qədəm qoymağa, yaradıcılığını təsdiqləməyə müvəffəq olmuşdur.
Debüt rolunu (Əhməd) “Vulkan üzərində ev” filmində oynayan aktyorun kino yaradıcılığı ilk mərhələdən uğurlu alınmışdır. Səssiz filmdə aparıcı rollardan biri olan Əhməd obrazının təfsirində dövrünün (XX əsrin əvvəllərində) reallığından irəli gələn səbəblərdən çətin həyat şəraiti yaşayan, ibtidai üsulla, min bir əziyyətlə neft hasil edən fəhlənin ağır güzəranını təhlil etmişdir.
Aktyorun zəngin sənət təcrübəsi kamera qarşısındakı sərbəstliyinə, əsasən də mimika cizgilərindən, məqsədini bəyan edən jestlərdən məharətlə istifadə etməsinə səbəb olmuşdur. Kinonun səssiz mərhələsində mühüm olan bu kimi amillərə görə rolların uğurlu alınmasına, inandırıcı olmasına zəmin yaratmışdır.
Bu filmdən sonra o, “Lətif” (1930) filmində kolxoz sədri obrazını yaratmışdır. Səssiz kinonun məhdud imkanları filmin ideya məzmunun təsdiqini aktyor ifasına yükləmişdir, deyə bilərik. Ələsgər Ələkbərovun sözsüz kadrlardakı ekran görünüşü belə ağ-qara təsvirlərin lal sükutuna əlvanlıq gətirmiş, rəng qatmışdır. Sənətkarın böyük məsuliyyətlə prototipin həyat mövqeyini, ətrafdakılara münasibətini çatdırmasını izlədikcə sənət sevgisini, peşə biliciliyini görmək mümkündür.
Kolxoz sədri kəndə gətirilən traktorun insanların ağır əmək şəraitinə kömək edəcəyinə şaddır və kənd təsərrüfatı texnikasının kəndə göndərilməsinin əhəmiyyətini gözəl bilir. Bu münasibətlə də kəndlilərin sevincinə ürəkdən şərik olur, onlarla bərabər şənlənir, qol açıb oynayır. Bir-birini əvəzləyən kadrlarda kolxoz sədrinin kənd sakinləri ilə olan ünsiyyətində onların xarakterlərini tanıdan münasibətini aktyorun mimika cizgilərində, baxışında ironik ifadələrdə görürük. Pantomim jestlərin 48 dəqiqəlik təsvirində əsasən həmin dövrün faciəsini, sivilizasiyanın təkamül prosesinin necə çətinliklə həyata keçməsini, boz, sıxıcı mühitin təsvirləri fonunda müasir dövrün qiymətini bilmək kimi vacib mesajları da alırıq, anlayırıq. Aktyorun kinodakı növbəti uğurlarının sirri də səssiz kinonun məhdud imkanlarını aşan potensial çoxluğudur.
Aktyor “Almaz” (rejissorlar: Ağarza Quliyev, Qriqori Braginski) kinodramındakı Fuad rolu ilə istedadını bir daha təsdiqləmişdir. Rejissorların doğru seçimi kiçikplanlı rolu tamaşaçılara filmin aparıcı qüvvəsi kimi qəbul etdirmişdir. Ə.Ələkbərovun bəxti onda gətirmişdir ki, kinorejissorlar ona ilk rolundan etibarən müsbət xarakterləri canlandırmağı həvalə etmişdilər.
Azərbaycan kinosunda 13 filmdə çəkilən, özünəməxsus dəst-xətti ilə geniş tamaşaçı rəğbəti qazanan aktyor “Fətəli xan” tarixi-bioqrafik filmində Fətəli xan, “Kəndlilər”də aşıq Göydəmir, “Qara daşlar”da Qüdrət İsmayılzadə, “Kölgələr sürünür” də Rəşid Sərdarlı, “Uzaq sahillərdə” hərbi-vətənpərvərlik filmində Ferrero, “Ögey ana”da Hüseyn dayı, “Leyli və Məcnun”da Şeyx Əmiri və başqa filmlərdə maraqlı rollar yaratmışdır. Əsasən teatr fəaliyyəti üstünlük təşkil edən aktyorun istedadından məqam tapdıqca bəhrələnən, bacarığını kinoya yansıdan kino rejissorları “Qızmar günəş altında” filmində Nadirov (aktyor İsmayıl Əfəndiyev), “Matteo Falkone” kinodramında Matteo Falkone (aktyor Nodar Şaşıqoğlu) rollarını da Ə.Ələkbərovun səsində təqdim etməyə nail olmuşlar. Bununla belə, qüdrətli səhnə ustasının kino və dublyaj fəaliyyətinin azlığı təəssüf doğurur.
Ə.Ələkbərovun “Səhər” (1960) tarixi-inqilabi filmində oynadığı Rəhim bəy surəti uğurlu ekran personajlarındandır. Neftxudalarının ümumiləşdirilmiş obrazı kimi xarakterizə olunan rolun təfsirində XX əsrin əvvəllərində insanların əməyini istismar edən bəzi sahibkarların həyat tərzi, düşüncə və psixologiyası təsdiqini tapır. Kino yaradıcılığının ilk dövründən neft mədənlərində çalışan fəhlə, mühəndis rolunu oynayan aktyorun illər sonra canlandırdığı neft sahibkarı obrazı müsbət xarakterlər ustasının yaradıcılığında fərqli olduğu qədər də amplua çərçivəsinin olmadığını təsdiqləyir.
Aktyorun kino rollarının inandırıcı olmasının əsas səbəblərindən biri də personajları ürəkdən canlandırmasıdır. Dram, faciə rollarının məşhur ifaçısı olan Ə. Ələkbərovun kino obrazları teatra gələn gənc nəsil aktyorlar üçün nümunəvi məktəbdir.
Ə.Ələkbərovun sonuncu kino obrazı “Böyük dayaq” filmindəki Rüstəm kişidir. Aktyorun bu və ya digər ekran personajları (Göydəmir, Fətəli xan, Ferrero, professor Sərdarlı və s.) yüksək mənəvi dəyərləri, şəxsiyyət tamlığını, tükənməz həyat eşqini, mənəvi gözəlliyin, üstünlüyün vacibliyini, böyüklüyünü əks etdirir.
İstedad və zəhmətinə, sənətdəki peşəkarlığına görə nəsillərin sevimlisinə çevrilən görkəmli aktyor Ə.Ələkbərovun əziz xatirəsi illər sonra belə hörmətlə anılacaq, yaradıcılığı unudulmayacaq.
Dövlət Film Fondu
