Leyla Vəzirzadə – 65

Bu gün tanınmış sənətşünas, kino redaktoru, kinoşünas, Azərbaycan Dövlət Film Fondunun baş redaktoru Leyla Vəzirzadənin 65 yaşı tamam olur.

Leyla Vəzirzadə 2 aprel 1961-ci ildə Xalq artisti Elmira Şabanova ilə kinorejissor Rüfət Şabanovun ailəsində anadan olub. Hələ uşaqkən “Liftçi qız” filmində balaca Lalə rolunda çəkilən Leyla xanım 1980-1984-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Televiziyasında (Azərbaycan Teleradio Verilişləri QSC) başlamış, ştatdankənar müxbir, rejissor assistenti, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində kiçik redaktor, redaktor, böyük redaktor, Bakı şəhəri Reklam və Dizayn İdarəsi nəzdində “Xəzər” studiyasında redaktor, 1995-2009-cu illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının yaradıcı bölmələr müdiri, Mədəniyyət və Turizm Nazirliyi kino şöbəsinin aparıcı məsləhətçisi, ANS Müstəqil Yayım və Media şirkətində icraçı prodüser işləmişdir. 2009-cu ildən Azərbaycan Dövlət Film Fondunda baş redaktor vəzifəsində çalışır. “Analar və laylalar” (1992), “Lağım” (1993) animasiya, “Nailə” (1994) və “Unudulmuş dəhliz” (2021) sənədli filmlərinin, “Azərbaycan kinematoqrafçıları” silsilə buraxılış kitablarının redaktoru, “Kinobülleten” illik məcmuəsinin baş redaktorudur. “Azərbaycan kino salnaməsi” (I – II cildlər), “Azərbaycan kinosu. Ensiklopedik lüğət” (I – II cildlər) kitablarının redaksiya heyətində xüsusi fəaliyyəti ilə seçilmişdir.

Kinoda göstərdiyi xidmətlərə görə 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.