Aktyor Muxtar Maniyevin doğum günüdür

“Əsl sənət sənətkardakı qarşısıalınmaz istəkdən yaranır” deyirlər. Xalq artisti, istedadlı aktyor Muxtar Maniyevin Azərbaycan kinosunda canlandırdığı bir-birindən maraqlı, məzmunlu ekran obrazları da sənətinə olan böyük sevgisindən, məsuliyyətindən, həyata olan fərqli baxışından, dəqiq müşahidələrindən yaranmışdır.

Müxtəlif xarakterli rolları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan M.Maniyev 1935-ci il aprelin 4-də Bakıda dünyaya göz açmış, ilk təhsilini şəhərin 199 saylı orta məktəbində almışdır. Buranı bitirdikdən sonra Neft-Kimya İnstitutunda mühəndis ixtisasına yiyələnmişdir. Lakin kinoya olan vurğunluğu, aktyorluq sənətinə olan sevgisi bir an da olsa onu sakit buraxmamışdır. Buna görə də aktyor olmaq qərarını vermiş, mühəndis diplomu aldıqdan sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda ikinci ali təhsil almış, aktyorluq peşəsinə yiyələnmişdir.

M. Maniyevin kinoda debütü “Onu bağışlamaq olarmı?” (1959) kinodramında (milis serjantı) olmuşdur. Bundan sonra “Koroğlu” filmində dəmirçi Polad roluna çəkilmiş, paralel olaraq sözügedən filmdə çapar və qapıçı rolunu  canlandırmışdır. Sonrakı illərdə bir-birinin ardınca maraqlı ekran əsərlərində rol almış, o cümlədən “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, “Qızıl uçurum”, “Qərib cinlər diyarında”, “Gözlə məni”, “Xoşbəxtlik qayğıları”, “Ölsəm… bağışla”, “Sizi dünyalar qədər sevirdim”, “Nizami” və digər filmlərdə çəkilmişdır.

M.Maniyev aktyorluq sənətini seçməkdə heç də yanılmamış, sənətə olan sevgisini hər bir rolunda bəyan etmişdir. Geniş potensialı, realist təqdimatı fonunda ekran personajlarının mənəvi keyfiyyətlərini dəqiq göstərmiş, bəzən qəliz, bəzən məkrli, bəzən hiyləgər, bəzən komik, bəzənsə qəddar xüsusiyyətlərini böyük ustalıqla çatdırmışdır. Personajların mövqeyinə uyğunlaşdırdığı doğru mizanları, orijinal tapıntıları rejissorları qane etmiş, tərəf-müqabilləri ilə yaradıcılıq sazişində ərsəyə gətirdiyi realist təqdimatı yaddaqalımlı rolların yaranmasına səbəb olmuşdur. Bədii filmlərlə yanaşı, “Mozalan” satirik kinojurnalının bədii süjetlərinə, televiziya tamaşalarına dəvət alan aktyor Azərbaycan kinosunda ümumilikdə 100-dən artıq filmdə yaddaqalan obrazlar yaratmışdır. İstər sosial mövzulu, istərsə də tarixi filmlərdə bənzərsiz ifalar nümayiş etdirmiş, ekran hadisələrinin gerçəkliyinə, filmlərin baxımlılığına rəvac vermişdir.

Böyük istedad sahibinin bəxti onda gətirib ki, milli kinomuzda çalışan görkəmli kinorejissorların filmlərinə dəvət almış, aktyorluq bacarığını, başqalaşmaq, vəziyyətin ab-havasını çatdırmaq qabiliyyətini hər bir təqdimatında qabartmışdır. Obrazların daxili mənini açmaq xüsusiyyətini məqamında lazımınca dəyərləndirmiş, ekran personajlarının təfsirində sənətkarlıq keyfiyyətini təsdiqləmişdir.

“Nəsimi” tarixi-bioqrafik filmində oynadığı Miranşah obrazı aktyorun uğur zirvələrindən biri olaraq yaradıcılıq palitrasını zənginləşdirmişdir. Əmir Teymurun oğlu Miranşah dövrünün zalım sərkərdələrindən biri kimi tarixə düşmüşdür. Hürufi təriqətinə qənim kəsilən sərkərdənin amansızlığı filmdə bir neçə epizodda göstərilmişdir. Əmir Teymurun əmrlərini icra edən Miranşah zəbt etdiyi ölkələrdə qan tökməkdən, qətllər törətməkdən bezmir, usanmır. Bununla yanaşı, o, ayaq basdığı hər bir məkana bəla gətirir. Miranşahın faciə saçan daha bir xüsusiyyəti Şeyx Əzəmin qızı Şəmsin ölümünə bais olmasıdır. Filmdə yaddaqalan səhnələrdən biri də Miranşahın Şəmslə ratslaşmasıdır. Şeyxin qonağı olduğu gün Şəmsi görməsi, ailəsindən güclə ayırması, qətlə yetirdiyi Dövlət bəyin başını Şəmsin qarşısına ataraq qürurunu sındırmaq cəhdi, Teymurlənglə söhbətlərində təlaşlı, hiyləgər vəziyyəti cılız xüsusiyyətlərini, mənəvi düşkünlüyünü bəyan edir. Qısa epizodlarda şərh etdiyi tarixi obrazın fərdi keyfiyyətləri fonunda dövrünün haqsızlığı, qan içində boğulması, mühitin ab-havası haqqında məlumatlanmağımızı təmin edir. Rolun xarakterini bəyan edən vəhşət, hiylə dolu baxışları, dramatik situasiyaların bolluğuna səbəb yaradan qəddarlığı həyəcan, qorxu saçan gözlərində, sifət cizgilərində əksini tapır. İddialı, hikkəli davranışları personajın daxili mənini tanıdır, nəinki dövrünün, insanlığın bəlası olduğunu tamlıqla göstərir.

“Babək” tarixi-bioqrafik filmindəki İbn Muaz obrazı da M.Maniyevin uğurlu təqdimatlarındandır. Xürrəmilər üsyanının qarşısını almaq məqsədilə xəlifə Məmunun təlimatına əsasən İbn Muaz Babəkin və onun tərəfdarlarının üzərinə nizami ordu ilə çıxır, lakin məğlub olur. Babəkin tərəfdaşları ilə üz-üzə gələn, məğlubiyyətini anlayan, dövrünün amansız qanunlarının icraçısı olan İbn Muazla tanışlığımız aktyorun inandırıcı, dolğun təqdimatında, davranışlarında, jestlərində təsdiqini tapır, həyatı, şəxsiyyəti haqqında məlumatlanmağımıza imkan yaradır.

Dramatik obrazları fonunda filmlərin mahiyyətini, mənasını tamlıqla çatdıran aktyor, bir sıra “Mozalan” süjetlərində canlandırdığı personajlar vasitəsilə komik situasiyaların ironik mənasını aydınlatmışdır.

Rejissor Şərif Qurbanəliyevin yazıçı, dramaturq Əli Əmirlinin əsəri əsasında ekranlaşdırdığı “Bala – başa bəla!” televiziya tamaşasındakı Qədir obrazı baməzə xüsusiyyətləri ilə vəziyyət komediyasını yaradır, həmçinin digər personajların xarakterlərinin, təəccübdoğuran hadisələrin məzmununun açılmasına təkan verir. Qədirin pula, vara hərisliyi, vəziyyətə uyğun məqamda xarakterini dəyişməsi cılız cəhətləri fonunda üzə çıxır. Personajın keyfiyyətsiz xarakteri şəxsiyyət cılızlığını təsdiqləyir, gülüş doğuracaq səbəblərdən biri kimi səciyyələndirilir.

“Bəyin oğurlanması” kinokomediyasında maraqlı hadisələrindən biri də  baməzə xarakterli təsadüfi qonağın (M.Maniyev) toya gəlməsi, tanımadığı insanlarla hay-küylə görüşməsidir. Toy iştirakçıları qədər tamaşaçıları da təəccübləndirən personajın fərdiyyəti, ünsiyyəti final kadrlarına xüsusi kolorit, baxımlılıq gətirir. Kinokomediyanın pozitiv notlarla tamamlanmasına, kadrların dolğunluğuna, xarakter bolluğuna səbəb yaradır.

Azərbaycan kino səltənətini bənzərsiz yaradıcılığı ilə zənginləşdirən, ampluasız aktyor kimi tanınan, müxtəlif xarakterli rolların öhdəsindən ustalıqla gələn M.Maniyevin hər bir personaja öz münasibəti, öz yanaşması vardı. Buna görə də canlandırdığı rolları inandırıcı, səmimi alınırdı. Dövrlərin müasirlərini həmsöhbətimizə çevirən aktyorlardan birinci gözlənti obrazların səmimi təqdimatıdır. Əsl sənətkarlıq qüdrəti də sənətin tələblərinə yüksək səviyyədə cavab vermək, tamaşaçını ovsunlamaq, yaddaşında əbədiləşmək, qəlblərdə kök salmaqdır. Xalqın artisti Muxtar Maniyev kimi.

Dövlət Film Fondu