Ulu öndərin bu sözləri may ayının 7-də Dövlət Film Fondunda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar keçirilən konfransın mövzusunu təşkil etmişdir.
Konfransı əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev açmışdır. O, çıxışında qeyd etdi ki, Heydər Əliyev respublikaya rəhbər kimi fəaliyyətə başladığı dövrdən filmlərimizdə həyatımızın reallıqları, cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizə meylləri öz bədii həllini tapmağa başladı. Eyni zamanda kino sənətimizin həm texniki bazasının, həm də yaradıcı potensialının möhkəmlənməsində çox güclü inkişaf prosesləri gedirdi. Respublikamız müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi kinomuzda da çox ciddi böhran yaranmışdı. 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə kinomuzda bir canlanma nəzərə çarpdı. Dövlət sifarişi ilə filmlərin istehsalı bərpa edildi. Kino işçilərinə qayğı göstərilməyə başladı. Azərbaycan kinosunda milli motivlərin qorunub saxlanmasında və gücləndirilməsində, tarixi janrın yaşadılmasında onun xidmətləri əvəzsizdir.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə öz çıxışında Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyinin üzvü kimi, nəinki kino sahəsinə, eləcə də kuratorluq etdiyi bir sıra başqa sahələrdə o zaman çalışan mütəxəssisləri özünün peşəkar bilikləri və təşkilatçılıq bacarığı ilə heyran edirdi. Onun rəbərliyi altında sovet kinosunun inkişafına dair əsaslı planlar işlənib hazırlanmışdı.
Tədbir iştirakçılarına rejissor və ssenarist Etibar Məmmədovun “Qalxan və qılınc” sənədli filmi təqdim olundu. Nümayişdən öncə çıxış edən müəllif filmin sovet dönəmində Azərbaycanın təhlükəsizlik orqanlarına rəhbərlik edən Ulu öndərin bilavasitə səyi nəticəsində xalqımıza qarşı erməni təxribatının qarşısının alınması və cinayətkarların cəzalandırılması ilə bağlı hadisələri özündə əks etdirdiyini bildirdi və ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhs edən filmi çəkməsini özü üçün şərəfli olduğunu vurğuladı. Bildirdi ki, belə sənədli filmlərin ərsəyə gətirilməsi Ulu öndərin xidmətlərinin daha geniş şəkildə tanıdılması və təbliğ olunması baxımdan vacibdir.