Noyabrın 28-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə dünya kinosunun dahi sənətkarı Çarli Çaplinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əməkdar incəsənət xadimi, kinoşünas və rejissor Ayaz Salayevin tədbirin aparıcısı qısmində çıxış etməsi bədii gecəyə xüsusi əlvan çalarlar əlavə etmişdir. Tamaşaçıların dünya şöhrətli aktyor haqqında son dərəcə maraqlı məlumatların Çaplinin sadiq pərəstişkarı olan Ayaz müəllimin ifasında səslənməsi salonda özünəməxsus sənət atmosferi yaratmışdır. Kinoşünasın emosional çıxışı böyük klassikin filmlərindən kadrlarla müşayiət olunurdu.
Tədbirin əvvəlindən səhnə ilə zal arasında yaranmış səmimi münasibətin bütün gecə boyu qorunub saxlanılmasında müğənnillər Samir Cəfərov, Cavan Zeynallı, Tünzalə Qəhrəmanova, Nərmin Kərimbəylinin ifalarında səslənən musiqi nömrələri, Bəhruz Vaqifoğlunun pantomima səhnəciyi, Çarli Çaplin obrazında çıxış edən Ceyhun Sadıxovun səssiz reprizaları əhəmiyyətli rol oynadı, onların çıxışları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılandı.
Ayaz Salayevin özünəməxsus artistik təqdimatında Çarli Çaplin kinosevərlər üçün təkcə nəsil-nəsil tamaşaçıların yaddaşında qalan obrazların ifaçısı kimi yox, həm də böyük bir şəxsiyyət, bəstəkar və əlbəttə təkraredilməz rejissor kimi də bir daha tanıdılıb.
Tədbirin ideya müəllifi Rəşad Qasımovun quruluşunda baş tutmuş yubiley axşamı unudulmaz təəssürat yaratmış, onun yüksək bədii səviyyəsi tamaşaçılar tərəfindən yüksək dəyərləndirilmişdir.