Dekabrın 16-da Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar incəsənət xadimi Fikrət Əliyevin anadan olmasının 80 illiyinə həsr edilən xatirə gecəsi keçirilib.
Dövlət Film Fondunun təşəbbüsü ilə təşkil edilən xatirə gecəsində Fikrət Əliyevin sənət dostları, doğmaları, yaxınları iştirak ediblər, kinorejissorun 80 illiyi münasibətilə ekranlaşdırılan yeni film nümayiş olunub.
Gecə sənətkarın yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Təqdim edilən materialda Dövlət Film Fondunun arxivində qorunan foto və videolentlərdən istifadə edilib.
Tədbirdə “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Xamis Muradov, Əməkdar artist Elxan Qasımov, sənədli filmlər rejissoru Tofiq Məmmədov çıxış edərək rejissorun özünəməxsus yaradıcılığından söz açıb, xatirələrini bölüşüblər.
Natiqlər Fikrət Əliyevin Azərbaycan kinosunda xidmətlərindən danışıb, onun kinoya gəlişi, yaratdığı filmlərdən bəhs ediblər. Bildirilib ki, Fikrət Əliyev Arif Babayevdən sonra Abşeron koloritini ekrana gətirən görkəmli rejissor kimi kino tariximizə düşüb. Onun özünəməxsus dəstxətti, baxışı var idi.
Bildirilib ki, Fikrət Əliyev rejissorluğa “Baladadaşın ilk məhəbbəti” qısametrajlı filmi ilə başlayıb. “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və digər filmlərin rejissoru olub, “Dəli Kür” filmində Şamxal obrazını yaradıb. O, kinorejissor Hüseyn Mehdiyevlə birlikdə “Qoca palıdın nağılı” filminə quruluş verib. Kino karyerasına aktyor kimi başlayan Fikrət Əliyev sonralar bir neçə ekran əsərində rejissor assistenti, ikinci rejissor kimi işləyib, sənədli filmlər, “Mozalan” kinosüjetləri çəkib. Onun filmoqrafiyasında 30-a yaxın ekran işi var.
Diqqətə çatdırılıb ki, düşüncələrini ekranlara köçürən, maraqlı və məzmunlu filmləri ilə tamaşaçıların sevgisini qazanan kinorejissor ekran əsərlərində həmişə müasirlərinin həyatından, onların cəmiyyətdəki rolundan, ətraf aləmə münasibətindən bəhs edib. Kinoda rahatlıq tapıb, arzularını burada gerçəkləşdirib.
Gecədə Fikrət Əliyevə həsr olunmuş film nümayiş olunub. Film ARB TV-nin “Aranfilm” Yaradıcılıq Mərkəzində ərsəyə gətirilib.
Ekran əsərinin ssenari müəllifi və rejissoru Babək Abbaszadədir. Çəkilişlər Mərdəkan, Buzovna, Balaxanı və Bilgəhdə aparılıb.
Filmin operatoru Anar Seyidov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Baş rolu Xalq artisti Şamil Süleymanlı ifa edib. Filmdə rejissorun lentə aldığı filmlərin əksər baş qəhrəmanları yer alıb.
Daha sonra filmin yaradıcı heyətindən Tahir Əliyev və Babək Abbaszadə çıxış edərək filmin ərsəyə gəlməsində iştirak edən təşkilat və yaradıcı heyətə təşəkkür ediblər.
Qeyd edək ki, Fikrət Əliyev 1939-cu il dekabrın 13-də Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Onun ekranlaşdırdığı “Baladadaşın ilk məhəbbəti”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və s. kimi filmləri tamaşaçıların yaddaşında yaşayır.
Fikrət Əliyev 2016-cı il martın 8-də dünyasını dəyişib.