Rafiq Əliyev 1949-cu il noyabr ayının 14-də Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərindəki 58 nömrəli orta məktəbi, 1971-ci ildə Sankt-Peterburq şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsini, 1979-cu ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirmişdir.
1976-cı ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləməyə başlayan R.Əliyev aktyor kimi “Bumbaraş” tamaşasında Bumbaraş, “Üç müşketyor”da Aramis, “Təmas”da Andrey, “Müsyö Jordan və Dərviş Məstəli Şah”da Hatəmxan ağa, “Buratino”da Karabas-Barabas, “Buraxılış gecəsi”ndə Gena, “Müfəttiş”də Dobçinski, “Keçən ilin son gecəsi”ndə Süleyman, “Quyu”da Akif və başqa obrazlar yaratmışdır. “Quyu” tamaşasındakı Akif obrazına görə o, 1996-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür.
1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərən R.Əliyev “Blez”, “Bir dəfə Braziliyada”, “Donaldın qeyri-adi sərgüzəştləri”, “Nəsrəddin”, “Hind fantaziyası”, “Timsah Genanın məzuniyyəti”, “Arzuları gerçəkləşdirən”, “Sirr”, “Çimnaz xanım yuxudadır” və başqa tamaşalara quruluş vermişdir. R.Əliyev eyni zamanda, Akademik Milli Dram Teatrında “Hamlet”, “İbrus” Teatrında “Şirə bənzər”, İstanbul Bələdiyyə Teatrında “Arslana bənzər”, Qazax Dövlət Dram Teatrında “Alov” tamaşalarının quruluşçu rejissoru olmuşdur.
Teatrla yanaşı kino sahəsində də uzun illərdir ki, səmərəli fəaliyyət göstərən R.Əliyev “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Babamızın babasının babası” filmində Reportyor, “Keçən ilin son gecəsi”ndə Süleyman, “Uzun ömrün akkordları”nda Əli Terequlov, “Qəm pəncərəsi”ndə General-qubernator, “Əlaqə”də Astrofizik və psixiator, “Lətifə”də Komsomol rəhbəri, “Ürəkdarıxdırıcı əhvalat”da Ortancıl qardaş, “Ailə dairəsi”ndə Qarik, “Otel”də ingilis professoru Luis, “Həqiqət anı”nda Əli Ömərov, “Hökmdarın taleyi”ndə Vanya Yüzbaşı, “Papaq”da Başçı, “Ölümə məhkum olunmuşlar”da Müstəntiq kimi obrazlar yaratmışdır.
R.Əliyev “Azərbaycanfilm”də çəkilmiş və son illərin uğurlu uşaq filmlərindən hesab edilən “Dərs” bədii filminin, eyni zamanda, “Mozalan satirik jurnalında “Tövbə” süjetinin quruluşçu rejissoru olmuşdur.
Onun özünəməxsus yaradıcılığı Azərbaycanın zəngin teatr və kino sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. Dünya teatr və kino irsinin nailiyyətlərindən uğurla bəhrələnərək ayrı-ayrı illərdə yaratdığı qiymətli obrazlar və quruluş verdiyi sənət nümunələri R.Əliyevə şöhrət qazandırmış, ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə tamaşaçıların zövqünün formalaşdırılmasına xidmət edərək, milli teatr və kino sənətinin təqdirəlayiq nümunələri kimi yüksək dəyərləndirilmişdir.
R.Əliyev teatr və kino fəaliyyəti ilə bərabər, eyni zamanda, uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsində pedaqoji fəaliyyət göstərərək, gənc nəslə sənətin sirlərini öyrətmişdir.
2004-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq məsələləri üzrə sədr müavini seçilən R.Əliyevin Azərbaycan mədəniyyət və incəsənəti qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, 1990-cı ildə Əməkdar artist, 2007-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunmuş, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Görkəmli sənətkar, gözəl pedaqoq və səmimi insan Rafiq Hacıbaba oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!