Xalq artisti Rafael Dadaşov vəfat edib

16.03.2020
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da ömrünün 74-cü ilində vəfat etmişdir.

Rafael Dadaşov 1946-cı il yanvar ayının 4-də Zaqatala rayonunda anadan olmuşdur. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında  çalışan aktyor  ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda Zaur, Don Juan (“Ümid”, “Bəşərin komediyası, yaxud Don Juan”, M.İbrahimbəyov), Klavdi, Klavdio, (“Hamlet”, “Heç nədən hay küy”, V.Şekspir), Bəhram, (“Fitnə”, A.Şaiq), Vojevatov və Paratov (“Cehizsiz qız”, A.Ostrovski), Rövşən (“Əliqulu evlənir”, S.Rəhman), Müstəntiq (“İstintaq”,  R.İbrahimbəyov), Birinci reportyor (“Səhra yuxuları”, Anar), Knyaz Xasay, Qədim, Cəmil (“Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Unuda bilmirəm”, İ.Əfəndiyev), Fikrət və Rəşad (“Kimdir haqlı?”, B.Vahabzadə), Mirzə Fətəli (“Mirzə Şəfi”, N.Xəzri), Vasif (“İblis”, H.Cavid), Qiyas (“Şəhərin yay günləri”, Anar), Murad (“Nakam qız”, A.Şirvanzadə), Fəxrəddin (“Qılınc və qələm”, M.S.Ordubadi), Camal (“Nişanlı qız”, S.Rəhman), Həsən Soltan (“Şeyx Xiyabani”, İ.Əfəndiyev), Mindövlət və Aydar (“Sokratı anma gecəsi”, Ç.Aytmatov və M.Şahanov),  Tesey (“Fedra”, J.Rasin), Özdəmir (“Afət”, H.Cavid),  Şeyx Nəsrullah (“Ölülər”, C.Məmmədquluzadə),  Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə),  Agah (“Qanlı Nigar”, S.Şendil), Filippo  (“Qoca kloun tələb olunur”, M.Vişnek), Anton Antonoviç Skvoznik-Dmuxanovski (“Müfəttiş”, N.Qoqol) və s. müxtəlif xarakterli yaddaqalan dramatik və tipik obrazlar yaratmış, ümumilikdə 100-ə yaxın rolda uğurla çıxış etmişdir.

Rafael Dadaşovun yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkmiş, mütəxəssislərin və tamaşaçıların yüksək dəyərini qazanmışdır.

Aktyorun çəkildiyi “Var olun, qızlar”, “Yarımçıq qalmış serenada”, “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” bədii filimləri və “Qaçaq Süleyman”  televiziya filmi, “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Bağışla”, “Yollar görüşəndə”, “Topal Teymur”, “Ordan-burdan”, “Mənim günahım”, “Göz həkimi”, “İblis qadın”, “2-ci bahar”, “Sənə inanıram” və s. televiziya tamaşaları bu qəbildən olan yaradıcılıq işləridir.

Yaradıcılığındakı uğurlarına və səmərəli fəaliyyətinə görə Rafael Dadaşov 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına, 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülmüşdür.  2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin!