“GÖRÜŞ”-65

Kino zamanın inikasıdır. Hər bir film bəhs etdirdiyi dövrün ictimai mühitini, sosial əhavl-ruhiyyəsini əks etdirir. Azərbaycan kinosunda müxtəlif dövr hadisələrini, insanların həyat tərzini əks etdirən müxtəlif janrlı ekran əsərləri var ki, həmin filmlər geniş tamaşaçı auditoriyası tərəfindən bu gün də sevilərək izlənilir. Çəkilişindən onilliklər keçməsinə baxmayaraq böyük rəğbət hissi ilə baxılan filmlərimizdən biri də

görkəmli kinorejissor, respublikanın xalq artisti Tofiq Tağızadənin quruluş verdiyi “Görüş” (1955) kinokomediyasıdır.

Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan bəhs edən bu filmin əsas ideyasını əmək adamlarının qaynar iş rejimi təşkil edir. Filmdə kolxozun əmək qabaqcıllarının qayğısız həyat tərzi ilə yanaşı, tənbəl insanların da meşşan həyat tərzi tənqid hədəfinə çevrilir.

“Görüş” filmində hadisə bolluğu filmin koloritini və baxımlılığını artırır. Sosializm yarışının gedişini yoxlamaq məqsədi ilə özbək pambıqçılarının azərbaycanlı həmkarlarının pambıq sahələrini gəzmələri, bir-birlərinə planları yerinə yetirmələri barədə raport vermələri, Kamili qabaqcıl pambıqçı hesab edən Lalənin həm də ona vurulması, Kamilin bacısı Bilqeyisin traktorçu Musa ilə sevgi əhvalatları, kolxoz sədri Münəvvərin zəhmətkeş insanlarla olan xoş rəftarı, kolxozçuların əmək yarışmasının gedişatını maraq və həvəslə izləməsi, həmçinin maraqlı olduğu qədər də baməzə obrazlardan olan Şıxəlinin, suçu Əbülfəzin meşşan həyat tərzi , ictimai qınaqlarla rastlaşmaları, tənbəliklərinə görə ifşa olunmaları və başqa komik hadisələr tamaşaçılar tərəfindən böyük maraqla izlənilir.

Filmdə gülüş doğuran komik nüanslar çoxluq təşkil edir. Hadislərin məntiqli həlli isə tametrajlı bədii filmin ideya məzmununu tamamlayır, peşəkar aktyorların koloritli, inandırıcı ifaları kinokomediyanın baxımlılığını artırır. Bu və ya digər üstün keyfiyyətləinə görə korifey və peşəkar kino aktyorlarının rol aldığı ekran əsəri bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən böyük maraq və sevgi ilə izlənilməkdədir.

Filmin quruluşçu operatorları Cahangir Məmmədov və Teyyub Axundovdur. Hər iki operatorun təbiət mənzərələrini, kənd həyatını heyranlıqla təsvir etmələri, mühitlə bağlı ab-habvanı yaratmaları, rejissor fikrini, üslubunu kompozisiya şəkilində təqdim etmələri, işıq effektindən, natura çəkilişlərindən məharətlə istifadə etmələri filmə uğur gətirən başlıca səbəblərdəndir.

Filmdə əsasən natura çəkilişlərindən istifadə olunsa da, pavilyonda hazırlanmış dekorasiyalar, iş otaqları, mənzillər, otaqlardakı əşyalar, mebellərin yerləşdirilməsi, işıq effektlərindən düzgün istifadə film qəhrəmanlarının hər birinin ayrı-ayrılıqda əhval-ruhiyyəsini dəqiq ifadə edir.

Filmin musiqiləri görkəmli bəstəkar, respublikanın xalq artisti Tofiq Quliyevə məxsusdur. Hadisələri müşaiyət edən musiqi parçaları, mahnılar kinokomediyanın tamaşaçılar tərəfindən daha düzgün, emosional qarşılanmasına səbəb yaradır, filmin qəhrəmanlarının xarakterlərinin açılmasında hadisələrin inkişaf prosesində mühüm rol oynayır.

Filmdə xalqımızın məişəti, adət-ənənələri, qonaqpərvərliyi, mənəvi-əxlaqi dəyərləri öz əksini tapmışdır.

Filmdə Azərbaycanın görkəmli sənətkarlarımızdan Münəvvər Kələntərli (Münəvvər), Leyla Bədirbəyli (Bilqeys), Həsənağa Salayev (Musa), Barat Şəkinskaya (Şövkət), Əzizə Məmmədova (Əzizə), Ağahüseyn Cavadov (Əbülfəz), Əliağa Ağayev(Şıxəli), Müxlis Cənizadə (Ənvər), Fateh Fətullayev (Quluzadə), Məmmədəli Vəlixanlı (çayçı) və başqaları çəkiliblər.

Dövlət Film Fondu

06.08.2020