QARABAĞA DƏSTƏK BƏYANATI!

Qarabağ uğrunda gedən döyüşlərə dünya ölklərində yaşayan həmyerlilərimiz dəstək aksiyasına başlayıblar, hər tərəfdən həmrəyliyi hiss edən xalqımız getdikcə daha çox həyəcanla mübarizə meydanına atılmağa hazırlaşır. Belə bir məqamda İran İslam Respublikasının Azərbaycanlı kinematoqrafçıları “Qarabağın işğalına son!” başlığı altında bəyanatla çıxış etdi.

Bəyanatda Azərbaycanımızın  müstəqillikdən sonra, 90-cı ilin əvvəllərində qonşu Ermənistanın təcavüzü və işğalçılığına məruz qalmasından, Dağlıq Qarabağ bölgəsindən əlavə 7 rayonunun işğal edilməsindən, minlərlə müsəlman bacı-qardaşlarımızın toqquşmalarda, Xocalı soyqırımında şəhid olması, bir milyondan çox azərbaycanlının isə öz doğma yurdundan didərgin düşməsindən bəhs edilir.

Daha sonra hadisələrdən ötən bu illər ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa və tanınmış beynəlxalq sərhədlərə qayıtmağa çağıran 4 qətnamənin qəbulı olunmasına rəğmən Ermənisstan və onun silahlı qruplarının qərb ölkələrinin himayəsinə arxalanaraq bu qətnamələrə məhəl qoymamasına diqqəti çəkərək qeyd edirlər: “Biz İranın Azərbaycanlı kinematoqrafçıları, İranın digər ədalətsevər və haqsevər xalq kütlələri və bütün vicdanlı insanlar, xüsusilə Azərbaycan vilayətlərinin bəzi millət vəkilləri, ədliyyə vəkilləri və digərləri ilə birlikdə Azərbaycanın qəhrəman ordusunun işğal olunmuş əraziləri geri qaytarmaq əzmini dəstəklədiyimizi bildirir, Qarabağın azad edilməsindən sonra davamlı və ədalətli sülhün uğrunda danışıların aparılmasını istəyirik”.

Qeyd edək ki, ümumilikdə 100 nəfər İranın Azərbaycanlı kinematoqrafçıları bəyanata qoşulub: Rza Naci, Nasir Şəfəq, Rəhim Bişarət, Rəhbər Qənbəri, Rza Siyami, Nağı Neməti, Əzim Məhəmmədi, Əli Əbdali, Məhəmməd Müslimi, Soniya Fəthi, Əfşin Əlizadə, Yusif Yəzdani, Rəsul İranzad, Behruz Aləmi, Məhəmməd Əlimuradi, Əli Həsənzadə, Solmaz Əlizadə, Məryəm Əsgəri, Leyla Əhədi, Salman Abbasi və başqaları.

05.10.2020