Sənədli kinoya aid unikal materiallar əldə olunmuşdur

Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində Əməkdar Mədəniyyət işçisi, kino veteranı Lidiya Şarkovkinanın vəfatının 40-cı günündə onun və  həyat yoldaşı Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar Mədəniyyət işçisi, “Böyük Vətən Müharibəsi” iştirakçısı, kinooperator Vladimir Konyaginin şəxsi arxiv sənədləri ailəsi tərəfindən Belarusiyanın Vitebsk şəhərindən Dövlət Film Fonduna göndərilmişdir. Təhvil verilmiş arxiv sənədləri hər iki kino xadiminə aid sənədlər, əlyazmalar, diplom, medal və ordenlərdən, sənədli kinoya aid unikal  fotoşəkillərdən ibarətdir və bu materiallar əsasında Dövlət Film Fondunda şəxsi arxiv fondu yaradılacaq.

V.Konyagin Azərbaycan kinosunda 1936-cı ildən fəaliyyət göstərirdi. O, 100-dən artıq sənədli filmlərin, kinoxronikaların operatoru və rejissoru kimi çalışıb. Onun operatoru olduğu “Dostluq məşəli”, “Çiçəklənən Abşeron”, “Sovet Azərbaycanının 50 illiyi”, “Dirçəldilmiş torpaq” , “Respublikam haqqında həqiqət”, “Ürək yaddaşı” (K.Məmmədovla birgə), rejissor-operator kimi  «Şirvanneft», “Dənizdə möcüzə”, “Muğanın dastanı”, “Tayqa qəhrəmanı”, “Tələbə avtoqrafları”, “Vahid bayraq altında” (M.Dadaşovla birgə), “Həyat naminə” və s. onlarla filmlərin  müəllifidir.

10.02.2021