Filmin uğur qazanmasında yaradıcı heyətin düzgün seçilməsi şərtdir. Bu baxımdan ədəbi əsərlərin mövzuya uyğun tərtibatda ekranlaşdırılmasında kino rəssamlarının əməyi böyükdür. 20-yə yaxın bədii, bir neçə sənədli filmdə quruluşçu rəssam kimi çalışan, ekran əsərlərinin ideya-bədii fikrini tamamlayan Əməkdar rəssam Cəbrayıl Əzimovun məhsuldar yaradıcılığı da Azərbaycan kinosunun inkişafında xüsusi rol oynayıb. Ustad sənətkarın anadan olmasının 95-ci ildönümündə kino fəaliyyətinə, ömür yoluna qısa nəzər salaq.
1926-cı ildə Bakıda, neftçi ailəsində dünyaya göz açan Cəbrayıl Əlimuxtar oğlu Əzimov rəssamlığa hələ uşaq yaşlarından həvəs göstərib. Sənətə olan fərdi münasibəti və sevgisi onu 1941-ci ildə (7-ci sinfi bitirdikdən sonra) Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarıb. Burada oxuduğu müddətdə kitablara illüstrasiyalar çəkib, rəssamlıq sənətinin sirlərinə dərindən bələd olub.
Bacarıqlı rəssam kimi püxtələşən gənc istedad bacarığını uşaqlıqdan vurulduğu kinoya həsr etməyi qət edib. 1947-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Filmin təsvir-dekorasiya tərtibatı fakültəsinə daxil olub. Burada sovet kinosunun görkəmli rəssamları Fyodor Boqorodskinin, Yuri Pimenovun sənət təcrübəsindən bəhrələnib, kino rəssamlığının incəliklərini öyrənib.
1953-cü ildə vətənə qayıdaraq “Bakı” kinostudiyasında rəssam kimi fəaliyyətə başlayıb. “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə”, “İnsan məskən salır” və digər ekran əsərlərində mövzuya uyğun tərtib etdiyi natura və dekorasiya çəkilişləri filmlərin ideya-bədii həllini tapmasında mühüm rol oynayıb. Cəbrayıl Əzimovun ilk yaradıcılıq işi olan “Doğma xalqımıza” (rəssam Elbəy Rzaquliyev və A. Freydlə birgə) rəngli bədii-sənədli filmi rəssamın potensial zənginliyini təsdiqləyib, növbəti filmlərə dəvət almasına zəmin yaradıb. Çalışdığı filmlərdəki bədii tərtibatın yüksək səviyyədə təşkili ekran kompozisiyasının tamlığını təmin edib. Eskizləri əsasında qurulmuş dekorasiyalar, düzgün seçilmiş (natura çəkilişləri üçün) məkanlar rejissorların ideyasını dolğun, əhatəli təsvir edərək ekran əsərlərini baxımlı edib.
Cəbrayıl Əzimovun rəssam kimi quruluş verdiyi baxımlı filmlərdən biri də görkəmli kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi “Sehrli xalat” (Məmməd Hüseynovla birgə) nağıl-filmidir. Filmin dekorasiya çəkilişləri nəinki respublika, hətta keçmiş ümumittifaq məkanı tamaşaçılarının böyük marağına səbəb olmuşdu. Filmdə üç dövrün keçmişin, müasir zamanın və gələcəyin mühiti rəssamın illüstrasiyaları vasitəsilə ekrana vüsət alıb. Müxtəlif dövrlərin abu-havasına uyğun hazırlanmış dekorasiyalar rejissorun ideyasını təsdiqləyib. Müxtəlif dövr və məkana aid olan tərtibatları ekran əsərinin ideyasına uyğun dəqiq müəyyənləşdirən rəssamın filmlərdə geyim rəssamı kimi fəaliyyəti də diqqətçəkəndir. Məsələn, “Əmək və qızılgül” filmində istər filmin qəhrəmanlarının, istərsə də məşhur çeçen rəqqası Mahmud Esambayevin (Mahmud) səhnə üçün tikilmiş əlbəsələri mühit və fikir ölçülərini təsdiqləyir. Real kadrlar ictimai baxışın ekranda baş verənlərə münasibətini dəqiqləşdirir, kinonun həyat üçün vacibliyini vurğulayır.
Yüksək mənəvi üstünlüyə, insani cəhətlərə malik, məsləyini ali səviyyədə təqdim edən peşəkar kino rəssamı Cəbrayıl Əzimov şəxsiyyəti və yaradıcılığı bu mənada unudulmur, sevilərək xatırlanır.
Dövlət Film Fondu
19.05.2021