Azərbaycan Dövlət Film Fondu tərəfindən qiymətli arxiv materialları əldə olunmuşdur.
Şəxsi mənbələrdən daxil olan kinoxronika materiallarının araşdırılması zamanı rejissor Abbas Mirzə Şərifzadənin “Hacı Qara” filminə aid bir fraqment aşkar edilmişdir. Xatırladaq ki, 1928-ci ildə çəkilmiş filmin kino lenti bu günə gəlib çatmamışdır.
Buna görə də fondun əməkdaşları kino tədqiqatçısı Ədhəm Qulubəyovun 1960-cı ildə rus dilində çap olunmuş “Azərbaycanda kino sənəti” kitabını əsas götürərək araşdırmalar aparmışlar. Belə ki, kitabın 16-cı səhifəsində filmin baş rolunun ifaçısı Mirzəağa Əliyevin Hacı Qara obrazında filmdən fotosu əks olunmuşdur. Foto və videokadrların müqayisəsi, həmçinin kino lentinin texniki xüsusiyyətləri fondun mütəxəssislərində tam əminlik yaratmışdır ki, aşkarlanan və kino lentindən köçürülərək rəqəmsallaşdırılan 38 saniyəlik epizod bugünədək bir neçə fotodan başqa heç bir görüntüsü mövcud olmayan “Hacı Qara” filminə aiddir.
Filmdən həmin parçanı və kitabın həmin səhifəsini təqdim edirik.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Abbas Mirzə Şərifzadə, ssenari müəllifi Cəfər Cabbarlı, operatoru İvan Tartakovskidir. Rollarda Mirzəağa Əliyev, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli, Sidqi Ruhulla, Mərziyə Davudova, Hacıağa Abbasov, Əzizə Məmmədova və başqa aktyorlar çəkiliblər.
Dövlət Film Fondu