Həyatın inikası kimi qəbul etdiyimiz kinoya əsasən kinooperatorların gözü ilə baxır, onların dəqiq mizanlanmış kadrları vasitəsilə müxtəlif həyat hekayələrinin şərhini izləyirik.
Azərbaycan sənədli kinosunda öz dəst-xəttinə, istedad və bacarığına görə seçilən tanınmış kinooperatorlarımızdan biri də Köçəri Məmmədovdur. Taleyinə yazılan 62 illik ömür payının 32 ilini kinoya həsr edən, örnək timsallı ömür yolunda həmkarlarının, dost və doğmalarının böyük hörmətini qazanan, işgüzarlığı, peşəkarlığı ilə seçilən Köçəri Məmmədovun bu il anadan olmasından (16.10.1946-26.05.2008) 75 il ötür. Kinorejissor, əməkdar incəsənət xadimi Tofiq Məmmədovun qardaşı haqqında xatirələri və sənət dostu, kinorejissor, əməkdar incəsənət xadimi Nizami Abbasın birgə çalışdıqları illərə bələdçiliyi Köçəri Məmmədov haqqında ətraflı məlumat əldə etməyimizə imkan verəcək.
Tofiq Məmmədov: “Əvvəla onu deyim ki, Köçəri qardaşım olsa da, operator kimi mənimlə birlikdə iki film işləyib. Kinostudiyada hamı onun xətrini çox istəyirdi. Çünki bütün insanlarla mehriban rəftar edir, xoş münasibət saxlayırdı. İstiqanlı insan idi. O, 1946-cı il oktyabrın 16-da Gədəbəy rayonunun gözəl yaylaqları, dağları olan Düz Rəsullu kəndində dünyaya göz açıb. Bu kənd Şınıx mahalındadır. El-oba yaylaqdan qayıdan vaxtı anadan olduğuna görə valideynlərim adını Köçəri qoymuşdular. Mən ondan 5 yaş böyüyəm. Bizim ailə çox böyük idi. Dörd bacı, beş qardaş idik. Evin sonbeşiyi bacımız olsa da, Köçəri qardaşların sonbeşiyi idi. Anam evdar qadın idi. Atam Əsgər kişi Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsində çalışıb. Həmçinin müxtəlif illərdə kolxoz sədri, kənd sovetinin sədri vəzifəsində də işləyib.
Gədəbəyin Düz Rəsullu kəndində bizim bir evimiz, Tovuzda isə başqa bir evimiz vardı. Köçəri yeddinci sinfə qədər Gədəbəydə oxudu. Əlaçı, bilikli, bacarıqlı bir oğlan idi. Sonra ailəmiz Tovuza köçdü. Köçəri orada əvvəlcə Puşkin adına orta məktəbə getdi. Futbola həvəsi çox idi. Bura köçəndən sonra vaxtının çoxunu futbol oynamaqla keçirirdi, dəcəlliyi də vardı. Burada əlaçı olmasa da, biliyi, savadı var idi”.
Köçəri Məmmədov 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra sənətə olan böyük sevgisinə görə sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verib və institutun nəzdindəki ixtisasartırma kurslarını bitirib. 1969-cu ildən 2008-ci ilədək “Azərbaycanfilm” kinostudiyasında işləyib. İlk dəfə “Aşıq Ələsgər” qısametrajlı sənədli filmində operator assistenti kimi çalışıb. Bu filmdən sonra müxtəlif mövzulu sənədli filmlər operatoru kimi filmlər çəkib. Peşəkar kinorejissorlardan Yalçın Əfəndiyev, Teymur Bəkirzadə, Zaur Məhərrəmov, Rauf Nağıyev, Xamis Muradov, Davud İmanov, Rafiq Yüzbaşov, İqbal Məmmədəliyev və digərlərinin çəkdiyi sənədli filmlərdə işləyib, həmçinin xronikal filmlərin operatoru kimi çalışıb, 50-dən çox film ekranlaşdırıb.
“Çətin yol” (1975, Fikrət Əsgərovla birgə), “Yay günləri (1977), “Ali neft-qaz və neft-kimya təhsili” (1978, Azər Salayevlə birgə), “Futbol, futbol…” (1979, Elxan Əliyevlə birgə), “Dostluq körpüləri” (Faiq Qasımov və Hüseyn Mehdiyevlə birgə), “Xaqani” (1980), “Bakıda “Mosfilm” günləri” (1981, Sərdar Vəliyev və Tofiq Sultanovla birgə), “Yürüşün sonu varmı?” (1985, Sərdar Vəliyevlə birgə), “Neftçi-87” (1987, Fəramiz Məmmədov, Sərdar Vəliyev, Rafiq Əliyevlə birgə), “Meydan” (1989, Zaur Məhərrəmov, Nizami Abbas, Rəfael Salamzadə ilə birgə), “Xəzər köməyə çağırır” (1991, Elxan Əliyev, Sərdar Vəliyevlə birgə), “Şəhidlər və qazilər” (1991, Sərdar Vəliyev və Elxan Əliyevlə birgə), “Azərbaycan… Əbədiyyət yolu” (2006, Orxan Dadaşovla birgə), “Rənglərin sehrli dünyası” (2007), “Həqiqətin özü” (2008, Elşən Əliyevlə birgə) və digər filmlər çəkib.
Tofiq Məmmədovun qardaşı haqqında olan maraqlı faktlarla davam edirik: “Köçəri instituta girməmişdən əvvəl hərbi xidmətə getmişdi. Hərbi xidmətdən tərxis olunduqdan sonra bir müddət milisdə işlədi. Mən həmin vaxtlarda İncəsənət İnstitutunu bitirib kinostudiyada çalışırdım. Bir dəfə kinostudiyadan məni ezamiyyətə göndərmişdilər. Qayıdanda gördüm ki, Köçəri kinostudiyanın aşkarlama sexində (laboratoriyada) işləyir. Soruşdum ki, bəs sən milisdə işləyirdin, sən hara, kinostudiya hara? Məlum oldu ki, mənim dostlarım Xamis Muradov, Elxan Qasımov, Fikrət Əliyev, Əbdül Mahmudov (onu da qeyd edim ki, biz dostlar hamımız bir kursu bitirmişdik və həmişə də bir yerdə olurduq) onun xətrini çox istədiklərindən kinostudiyada işə düzəldiblər. Köçəri kinostudiyaya gələndə soruşublar ki, burada işləmək istəyirsənmi? O, da “Böyük məmnuniyyətlə” deyə cavab verib. Onlar da Köçərini kadrlar şöbəsinə aparıb, işə düzəldiblər. Bir müddət operator assistenti kimi işlədikdən sonra Köçəri müstəqil operator kimi filmlər çəkməyə başladı. İki film də mənimlə işlədi.”
Nizami Abbasın xatirələri sənət dostunun şəxsiyyəti haqqındakı təsəvvürlərimizi bir qədər də genişləndirir: “Mən 1976-cı ildə kinostudiyaya gələndə ilk görüşdüyüm insanlar Köçəri Məmmədov və xalq artisti Həsən Məmmədov olub. Köçəri həmin ərəfədə operatorluq dərəcəsi almışdı. Mən onda “Lenfilm” kinostudiyasından yeni gəlmişdim (iki il orada qeyri-rəsmi olaraq, operator kimi fəaliyyət göstərdim). Kinostudiyada bir çox filmdə onun assistenti kimi işlədim. İş yoldaşı və dost kimi gözəl insan idi. Yadımdadır, bir dəfə Şamaxıya çəkilişə getmişdik. Orada ən yüksək nöqtədən çəkiliş aparmalı idik. Kinostudiyadan bizə “UAZ” markalı maşın vermişdilər. Elə oldu ki, dağı qalxanda maşın sürətini itirdi və iki dəfə yumalanıb aşdı. Maşında olan kino avadanlıqları, aparatlar hamısı üstümə töküldü. Köçəri maşının arxa pəncərəsini kameranın ştativi ilə sındırdı. Birinci oradan məni çıxardı. Sonra Xamis Muradovu və digərlərini. Gördüm maşın yellənir. Çiynimi maşına söykədim ki, aşmasın. Köçəri digər ləvazimatları çıxarırdı. Birdən dayandı, gördüm ağlayır. Özümə baxdım, gördüm sol ayağım əsir və sağ qolum sınıb. Amma mən qolumun sındığını hiss etmirdim. Niyə ağladığını soruşanda dedi ki, qorxdum, sənə ciddi bir şey olar, onda mən nə edərəm… Çox həssas, incə qəlbli insan idi. Biz oradan mehmanxanaya getdik, sonra da xəstəxanada qolumu gipsə saldılar. Doğrudan da insan ən çətin anda tanınar. Köçəri sənətkar kimi də, şəxsiyyət kimi də dəyərli dost, yoldaş idi”.
Köçəri Məmmədovun yaradıcılığının əsasını lentə aldığı filmlərdəki mövzulara olan fərdi münasibəti və çəkdiyi hər bir kadrı duyğularından keçirərək nəfəs, can verməsi təşkil edirdi. Çəkdiyi hər bir kadrda mütləq şəkildə onun baxışı, münasibəti duyulur, hiss olunur. Çəkdiyi istər sosial, istər siyasi, istərsə də elmi-kütləvi filmlərdə sənədli kino estetikasının yüksək ənənələrini davam etdirdiyini görür, həyatın hər üzünü, vacib, ciddi mövzuları əks etdirən yaradıcılığında vətəndaş və sənətkar borcunu layiqincə yerinə yetirdiyinin şahidi oluruq.
Həyat missiyası insanlığı dəyərləndirən, həyat şərtlərini asanlaşdıran fərdi cəhətləri, xoş rəftarı ilə dostlarının və doğmalarının rəğbətini qazanan, sevgi ilə sarıldığı sənətində daim peşəkarlıq nümayiş etdirən unudulmaz kinooperatora uca Allahdan rəhmət diləyir, əziz xatirəsini böyük ehtiramla anırıq.
Dövlət Film Fondu