Azərbaycan kinosunda “Qarabağ” mövzusu”

“Biz qayıdacağıq”

Danılmaz həqiqətdir ki, kinematoqraf yarandığı vaxtdan etibarən dövrlərin hadisələrinə bələdçilik edir. Təəssüflər olsun ki, zaman-zaman baş verən müharibələr də kinoya kədərli, ağrılı mövzu verdi. Bu mənada kinematoqraf qarşısındakı vəzifələr, öhdəçiliklər artdı. Bədii və sənədli filmərdə bəşəri bəla olan müharibə dəhşətləri yer aldı.   

         Azərbaycan kinosunda yaxın uzaq keçmişin tarixi salnaməsini əks etdirən filmlərdə müxtəlif dövrlərin müharibəsindən bəhs edən filmər çəkildi. Qarabağ mövzusundan bəhs edən filmər isə bildiyimiz kimi 1990-cı illərdən etibarən istehsal edilməyə başladı. Əsasən psixoloji dram janrlı filmlərdə erməni qəsbkarları  tərəfindən dədə-baba torpaqlarımızdan didərgin salınan soydaşlarımızın çətin həyat şəraiti, məcburi köçkün həyatı, ağrılı taleləri göstərildi, həmçinin vətən uğrunda gedən döyüşlərdə həlak olan qəhrəmanlarımızın şücaətlərindən bəhs olundu.  

         Kinoaktyor, kinorejissor, respublikanın əməkdar artisti Elxan Qasımovun quruluş verdiyi  (2007) “Biz qayıdacağıq” filmində də qəlbində, düşüncələrində vətən, torpaq nisgili yaşayan yeniyetmə Zakirin fərəhsiz həyatından söhbət açılıb.

Filmdə 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni separatçıları tərəfindən işğal olunan, əhalisi vəhşicəsinə qətlə yetirilən Xocalı faciəsi filmin baş qəhrəmanı Zakirin dili ilə şərh olunur. Xocalıdan didərgin salınan əhalinin erməni daşnakları tərəfindən vəhşicəsinə öldürülməsi, babasının, qohumlarının, qonşularının,  birlikdə böyüyüb boya-başa çatdığı uşaqların gülələnməsi Zakirin gözləri önündən getmir. O, şahidi olduğu dəhşətli faciənin təsiri altında yaşayır, düşünür, məktəbə gedir, Xocalısız keçən hər gününü doğma elinə qayıtmaq ümidi ilə sayır.   

         Zakirin atası və bacısı həmin qanlı gecədə ermənilər tərəfindən qətlə yetirilıb. O, ailənin böyük oğlu kimi bütün ağırlığı üzərinə götürüb. Həm işləyir, həm də məkətbdə təhsilini yarımçıq qoymamağa çalışır. Bütün uşaqlar kimi Zakirin də arzuları var. O, xanəndə olmaq istəyir. Arzusunu gerçəkləşdirmək məqsəi ilə də əlindən gəldiyi qədər çalışır, işləyir, bununla bərabər musiqi təhsili də alır.  

Film boyu yeniyetmənin gözləri qarşısında doğma torpağından zorla didərgin salınan, köçkün həyatı yaşamağa məcbur olan xocalı sakinlərinin kədərli həyatı canlanır. Zakir musiqi məktəbində birincilik qazansada, gözləri önündən getməyən  kədərli xatirələri onu sevdiyi musiqi sahəsinə deyil, məhz hərbi məktəbə getməyə çağırır. Elini-obasını qorumaq, hər gün torpaq həsrəti ilə yaşayan həmvətənlərini öz dədə-baba torpaqlarına qaytarmaq, vətənin keşiyində durmaq məqsədi ilə də o, şərəfli hərbçi peşəsini seçir. İstəyinə nail olmaq üçün də qətiyyətli addımlarla general Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil our.    

“Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan filmin ssenari müəllifi Natiq Rəsulzadə, operator Rafiq Əliyev, bəstəkar Rauf Əliyev, rəssam Rafis İsmayılov, Rafiq Nəsirov, prodüseri Xamis Muradovdur.

Rollarda: Ayam Mir-Qasım (Nərgiz), Pərvaz İbrahimli (Zakir), Ömür Nağıyev (Xocalı qaçqını Nağıyev), İlham Əsgərov (müəllim), Mirzə Ağayev (Zakirin babası), Kamil Ağazadə (Zakirin qardaşı), Firuz Xudaverdiyev (çəkməçi), Sevil Xəlilova (qaçın qadın) çəkiliblər.

Filmi səsləndirənlər: Hüsniyyə Mürvətova-Nərgiz (Ayan Mir-Qasım), Rasim Balayev- müəllim (İlham əsgərov), Ramiz əzizbəyli-çəkməçi (Firuz Xudaverdiyev), Laləzar Mustafayeva-qaçqın qadın (Sevil Xəlilova).