Azərbaycan kinosunda “Qarabağ” mövzusu”

“Günaydın mələyim”

2008-ci ildə ekranlaşdırılan kinodramda Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs edilir. Psixoloji süjet üzərində qurulan filmin baş qəhrəmanı Mədinə adlı gənc qadındır. Mədinənin sevib ailə qurduğu insan, həyat yoldaşı Qarabağ uğrunda gedən döyüşdə həlak olur. Mədinə sevdiyi insanın yoxluğu ilə heç vaxt barışa bilmir, onun xatirələrini qəlbində daşıyır. Həyat yükü ağır olan, tənhalıqdan əzab çəkən qadın bir neçə işdə çalışmaqla həyatını qazanmağa çalışır. Lakin bir çox məqamlarda Mədinə də bəzi neqativ və fırıldaqçı insanlarla qarşılaşır. Belə anlarda o, daha məyus olub, sarsılır. Lakin iradəsi, işgüzarlığı sayəsində yenidən ayaqda durmağı bacarır, işinə davam edərək çətinliklərin öhdəsindən gəlir. Zəhməti sayəsində həyatda özünü təsdiqləməyə nail olan  Mədinənin  yüksək mənəvi keyfiyyətləri ətrafındakıların da gözündən yayınmır. Şəxsi keyfiyyətlərinin üstünlüyünə, zəhmətkeşliyinə, istedad və bacarığına görə Mədinə tədricən dostları və əməkdaşları arasında hörmət qazanır, sənətində özünü təsdiqləməyə nail olur.

Filmdə insanın qarşılaşdığı hər cürə çətinliklərinə baxmayaraq ümidini itirməməsindən, həyatında baş verən faciələrə dözərək iradəsi, gücü sayəsində yaşamağı bacarmasından, şəxsiyyətini təsdiqləməsindən bəhs olunur.

Quruluşçu rejissor və ssenari müəllifi Oktay Mir-Qasım, quruluşçu operator Rafiq Quliyev, quruluşçu rəssam Mayis Ağabəyov, Nazim Bəykişiyev, Rafiq Nəsirov, İsmayıl Məmmədov, Mirnadir Zeynalov, bəstəkar Elmar Fel, rejissor Vaqif Azəryar, icraçı prodüser Nadir Əliyev, prodüserlər Xamis Muradov, Oqtay Mir-Qasım, qrim Firuzə İsmayılova və s.

Rollarda: Ayan Mir-Qasım (Mədinə), Bəsti Cəfərova (Raya), Fuad Poladov (Fuad), Abbas Qəhrəmanova (bağban), Telman Adıgözəlov (teatr rejissoru), Qurban İsmayılov (Sabir), Elşən Rüstəmov (Mədinənin əri), Elnur Kərimov (Rəhman) və s.