Noyabrın 30-da Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar incəsənət xadimi Arif Babayevin 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Tədbir Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgiyə baxıblar. Daha sonra Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək rejissorun həyat və fəaliyyətindən, milli kinomuzun inkişafındakı xidmətlərindən söz açıb. Bildirilib ki, onunla bağlı 2000-ci ildə “Kinorejissor Arif Babayev” sənədli filmi, həmçinin bir neçə televiziya filmi ekranlaşdırılıb. Görkəmli rejissor Azərbaycan milli kinematoqrafiyasının inkişafında silinməz izlər qoyub. O, 1956-cı ildə Rauf Kazımovski, Kamil Rüstəmbəyov, İsmət Səfərəlibəyov kimi ustad rejissorlarla çalışıb. 1960-cı ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışan sənətkar 1965-ci ildə artıq “Zirvə” filmini təhvil verməklə özünü sübut edə bildi.Diqqətə çatdırılıb ki, A.Babayev daha çox “Gün keçdi”, “Uşaqlığın son gecəsi”, “İnsan məskən salır”, “Arxadan vurulan zərbə” filmləri ilə tamaşaçı rəğbətini qazanıb.
Kinoşünasların, mədəniyyət xadimlərinin, yubilyarın qohumlarının iştirakı ilə keçirilən tədbirdə digər çıxış edənlər sənətkarın həyat və yaradıcılığından, sənət fəaliyyətindən danışıblar.
Daha sonra qonaqlar Arif Babayev haqqında çəkilmiş “Ən romantik rejissor” filminə baxıblar.