“Kino və Zaman” – kitabının təqdimatı olub

Noyabrın 28-də Nizami Kino Mərkəzində Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin müəllifi olduğu “Kino və Zaman” kitabının təqdimatı olub.

Yeni nəşr “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq çap edilib.

Tədbiri Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı, əməkdar mədəniyyət işçisi Almaz Sultanzadə açaraq kitab haqqında məlumat verdi. Bildirib ki, “Azərbaycanfilm” kinostudiyasının 90 illiyinə həsr olunan kitab kinomuzun salnaməsini əks etdirən dəyərli bir nəşrdir. Kitabın ərsəyə gəlməsində Dövlət Film Fondunun əməkdaşları müəllifə yaxından kömək ediblər.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək kitab haqqında danışdı. Bildirib ki, mütəxəssislər, incəsənət sahəsində təhsil alan tələbələr, kinosevərlər üçün nəzərdə tutulan kitabda Azərbaycan kino tarixi sistemli şəkildə öz əksini tapıb. “Şərq-Qərb” nəşriyyatında çap edilən bu kitab Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşəkkülünə, inkişafına həsr olunub, və kinostudiyada çəkilmiş, sonralar beynəlxalq mükafatlara layiq görülmüş  müxtəlif janrlı filmləri ərsəyə gətirən  insanların sənət  yoluna nəzər salınıb.

“Kitabda Aydın müəllim kinomuzun tarixini, keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdırır. Kitab sözün əsl mənasında gələcək nəsillər üçün çox böyük məlumat bazasıdır, tədris vasitəsidir”, – deyə M.Hətəmov söyləyib.

Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək kitabın əhəmiyyətindən söz açıb: “Bu kitabın yazılması və nəşri indiki və gələcək nəsillər üçün olduqca əhəmiyyətlidir. Burada Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olmuş dəyərli kino xadimləri haqqında məlumatlar yer alır. Bu nəşrdə Aydın müəllim hər şeyə, elmi və kino prizmasından yanaşıb. Kitab 120 illik tarixi canlandırır və gələcək nəsillər üçün rabitə yaradır. Tarixən Azərbaycan kinosunun başına çoxlu müsibətlər gətirilib. Kino sənətinin dirçəlməsi və inkişafında Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün belə nəşrlərin işıq üzü görməsi bizim kino irsimizə, mədəniyyətimizə böyük hörmətin göstəricisidir”.

Kinoşünas Ayaz Salayev qeyd edib ki, kinomuzun tarixindən söz açılanda, ilk növbədə, Aydın Kazımzadənin araşdırmaları yada düşür. Onun Azərbaycan kinosunun tədqiqinə həsr olunan kitabları kinematoqrafiyamızın gerçək tarixini əks etdirir.

Xalq artisti, kinorejissor Oqtay Mir-Qasım müəllifi təbrik edib, vurğulayıb ki, kinematoqrafiyanı itirən ölkə ümumi mədəniyyətini itirir: “Aydın Kazımzadə kino irsimizin qorunması üçün ömrü boyu xidmət edən insanlardan biridir. Bu kitab bütün zamanlara sübutdur ki, Azərbaycan kinosu yaşayır və onun fəxr ediləsi tarixi var”.

Xalq artisti Həmidə Ömərova, Xalq rəssamları Arif Hüseynov, Rafiz İsmayılov və digər çıxışçılar kitabla bağlı fikirlərini bölüşüb, müəllifə yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıblar.

Aydın Kazımzadə kitabın ərsəyə gəlməsində dəstəyi olan hər kəsə təşəkkür edib.

Sonra “Kino və Zaman” kitabı müəllifin imzası ilə tədbir iştirakçılarına hədiyyə edilib.