Kinorejissor və aktyor Elxan Qasımovun doğum günüdür

Onu görəndə istər-istəməz çöhrələrdə təbəssüm yaranırdı. Bunun başlıca səbəbi çoxlarımızın maraqla izlədiyimiz “Əhməd haradadır?” kinokomediyasındakı sürücü Əhməd rolunun iştirakçısı olması və ünsiyyətcil cəhətləri idi. Duzlu-məzəli söhbəti, incə yumoru ilə olduğu mühitdə xoş əhval-ruhiyyə yaratmağı bacarırdı. Maraqlı sənət söhbətləri ilə də diqqət çəkirdi, kino ailəsi haqqında düşüncələrimizi formalaşdırırdı. Təəssüflər olsun ki, indi onun haqqında keçmiş zamanda danışırıq. İstər kinorejissor, kinoaktyor, istərsə də, yüksək mədəniyyətə malik insan kimi Elxan Qasımov onu tanıyanların əhatəsində həmişə əziz insan olub. Elə indi də xatirəsi dost və doğmaları, həmkarları üçün əzizdir, unudulmazdır.

“Kinostudiya mənim üçün doğma yerdir”, – deyən Əməkdar artist ömrünün 50 ildən çoxunu ikinci evi bildiyi kinostudiyada keçirmişdi, həyatını bütünlüklə  məsləyinə həsr etmişdi. Bu da səbəbsiz deyildi.

Bir yaz günündə dünyaya gələn (24.04.1945), taleyinə yazılan ömür payının 78-ci baharında dünyasını dəyişən (29.05.2023) E.Qasımov hələ kiçik yaşlarından sənətə maraq göstərmişdir. Orta məktəbdə oxuduğu illərdə pionerlər evində rəqs dərnəyinə getmiş, paralel olaraq basketbolla, voleybolla məşğul olmuşdur. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında çıxış etmişdir. Rəqs sənətini daha çox sevdiyinə görə məktəb illərində müxtəlif tədbirlərdə çıxış etmiş, Bakıda festival laureatı olmuşdur. Bir müddət sonra Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas kimi (il yarım) çıxış etmişdir.

Orta məktəbi bitirdikdən sonra kinoya olan sevgisinə görə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdur. 1962-1966-cı illərdə institutun aktyorluq fakültəsində təhsil almış, daha sonra Leninqrad DTMKİ-nin rejissorluq fakültəsində oxumuşdur (1973-1978).

E.Qasımovun bəxti onda gətirmişdi ki, tale onu görkəmli teatr, kino xadimi Adil İsgəndərovla rastlaşdırmışdır. Müəlliminin zəngin sənət bilgisindən, dünyagörüşündən bəhrələnmiş, onun doğru təlimatları sayəsində tanınmışdır.  A.İsgəndərovun quruluş verdiyi “Əhməd haradadır?” kinokomediyasındakı sürücü Əhməd rolu onu daha da məşhurlaşdırmışdır. E.Qasımov bu barədə deyirdi: “Əhməd haradadır?” kinokomediyası orta səviyyəli filmdir. Ancaq görkəmli sənətkarlar Sabit Rəhman, Adil İsgəndərov, Rauf Hacıyev, Məmməd Hüseynov birləşdilər və belə gözəl film ərsəyə gətirdilər. Filmdəki rəqslərə peşəkar rəqqas Əlibaba Abdullayev Yaşıl Teatrda gözəl rəqs quruluşları vermişdi. Hamı film üzərində böyük sevgi ilə işləyirdi. Nəticədə də baxılan, sevilən bir film yarandı”.

E.Qasımov bəlkə də başlanğıcda tərəddüdlə çıxdığı çətin, keşməkeşli sənət yolunda bir çox nailiyyətlərə imza atmış, bir sıra filmlərdə maraqlı obrazlar canlandırmış, tez biz zamanda “Azərbaycanfilm” kinostudiyasının sevimli sakininə çevrilmişdir. Bir müddət sonra rejissor kimi fəaliyyət göstərmişdir. Müxtəlif janrlı filmlərdə oynadığı Seyfi (“Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Dağ meşəsindən keçərkən…” novellası), Vəli (“Axırıncı aşırım”), qədeş (“Ürək… Ürək…”), Rauf (“Otel otağı”), sakin (“İnsan məskən salır”) və digər rolları ilə yaddaşlarda iz salmış, filmlərin baxımlılığına zəmin yaratmışdır. E.Qasımov kiçikplanlı rolları haqqında deyirdi: “Evdə hansısa rolumun kiçik olması haqqında gileylənəndə anam tez deyirdi ki, bəs sən kiçik olanda deyirdin, ekranda bircə dəfə görünsəm bəsdir?.. Ailədən də çox şey asılıdır. Evdəkilər mənə həmişə dayaq olublar. Mənim mütaliəmin çox olmasında, sənət adamı kimi formalaşmağımda ailəmin böyük rolu olub”.

Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan aktyor rejissorluq fəaliyyəti dövründə bədii (“Köhnə bərə”, “Biz qayıdacağıq”, “Qocalar, qocalar…”), sənədli (“Nizami Gəncəvi”, “Böyük anda sadiqik” və s.) filmlərlə yanaşı, “Mozalan” satirik kinojurnalı üçün bir sıra süjetlər (“Ay çox, il çox…”, “Atası yandı”, “Cavabsız sual”,  “Cərimə yolları”, “Məhəbbətin familiyası” və s.) ekranlaşdırmışdır. E.Qasımovun qeydlərindən: “Mənim çəkdiyim üç filmdən üçü də müasir həyatdandır. Ancaq bu filmələri mənə təqdim olunan ssenari əsasında çəkmişəm. Hisslərə toxunmayan filmləri çəkmək olmur. Mən düşünürəm ki, məhsuldar işləmişəm. Amma daha məhsuldar ola bilərdim. Arxaya dönüb baxanda çox sevinməsəm də, xəcalət də çəkmirəm”.

Kollektiv sənət növü olan kinoda yaradıcı qrupla birgə işləmək bacarığını, təşkilatçılıq xüsusiyyətini təsdiqləyən rejissor onu narahat edən məsələləri cəmiyyətin diqqətinə çatdırmaqla yanaşı, ictimai fəaliyyətinin bir hissəsi kimi “Azərbaycanfilm” kinostudiyasında Həmkarlar İttifaqının sədri vəzifəsini icra etmişdir. E.Qasımov peşəsinə vurğunluğunu belə xarakterizə edirdi: “Həyatımın əsas hissəsi, 50 ildən çoxu kinostudiyada keçib. Xoşbəxtlikdən evim də kinostudiyaya yaxın olub. Buna görə vaxtımın çoxu burada keçib. Mənə doğma olan bu məkanda müxtəlif insanlarla tanış olmuşam. 18 yaşımda gəlib bu aləmə düşdüyümə görə istər-istəməz hər bir söz-söhbəti dinləmək istəmişəm. Əgər formalaşmış bir sənətkar kimi bura gəlsəydim, mənim öz aləmim olardı və söhbətlərə bu qədər həssas yanaşmazdım. Amma erkən yaşlarımdan burada olduğum üçün tanış olduğum hər bir insana xüsusi diqqətlə, hörmətlə yanaşmışam. Söylədikləri xatirələri, gördükləri işləri yaddaşıma yazmışam”.

E.Qasımovun maraqlı ekran obrazlarından biri də “Əlavə təsir” detektiv filmindəki polkovnik Şəmsəddin Babayev roludur. Film kimyəvi məhlul hazırlayan alimin (Eldar Tağıyev – aktyor Şamil Süleymanlı) ixtira etdiyi kimyəvi məhluldan və bu məhlulun müsbət-mənfi nəticələrinin araşdırılmasından, həmçinin ondan neqativ işlərdə istifadə etmək məqsədi güdən cinayətkarların qanun keşikçiləri tərəfindən zərərsizləşdirilməsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elxan Cəfərovun sənət dostu haqqındakı fikirləri yerinə düşür: “Elxan Qasımovu 1973-cü ildən tanıyırdım. Əvvəlcə onu sürücü Əhməd kimi qəbul etmişdim. Çünki həmin illərdə ən çox nümayiş olunan və sevilən bu film idi. O, bu rolla çox məşhurlaşmışdı. Bununla yanaşı, bizimlə bir binada qalırdılar. Ailəsi ilə çox yaxın idik. Övladlarını, oğlu Samiri yaxşı tanıyırdım. Onunla yaxın dost idim. Təəssüflər olsun ki, Samir gənc yaşlarında faciəvi şəkildə dünyasını dəyişdi. Allah ona rəhmət eləsin.

Elxan əmi tək mənə yox, kinostudiyadakı bütün gənclərə, ümumiyyətlə, həmkarlarına qarşı yaxın insan olub. Biz gənclərə həmişə vacib məsləhətlər verirdi. Böyüyümüz, ağsaqqalımız idi. Hərdən maraqlı zarafatları olurdu. Həmişə məni görəndə zarafatla deyirdi ki, iki Elxanın başı bir studiyada qaynamaz.

Kinostudiyaya, mənim yanıma kimsə gələndə gözətçilərə: “Elxanın yanına gəlmişəm”, – deyirdilər. Onlar da soruşurdu ki, balaca Elxanın, yoxsa böyük Elxanın?.. Mən kiçik, Elxan əmi isə böyük Elxan idi. Bizim aramızda hörmətli,  doğma münasibət vardı.

Onu filmimdə çəkmək arzum idi. “Əlavə təsir” filmimdə birgə işlədik. Rejissor-aktyor münasibətində çox yaxşı əlaqəmiz oldu. Çəkiliş meydançasında  bir-birimizi gözəl başa düşdük. Mənə yaxın insan olduğu üçün haqqında danışmaq o qədər də asan deyil. Mehriban insan, gözəl sənət dostu kimi yeri həmişə görünür. Allah ona rəhmət eləsin”.

Dövlət Film Fondu