Kinorejissor Gülbəniz Əzimzadənin doğum günüdür

Ədiblərimiz haqlı olaraq: “İncəsənətin vəzifəsi həqiqəti təsirli şəkildə təqdim etməkdir”, – deyirlər. Əslində bu sözləri kinoya da şamil etmək olar. Həyat gerçəkliklərini əks etdirən, ekran qəhrəmanlarının daxili aləmini emosionallıqla çatdıran, inandırıcı təqdim edən təsirli filmlər baxılır, düşündürür, həyat üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə də müəlliflərini minnətdarlıq hissi ilə xatırladır. Yaradıcılığı fonunda müxtəlif həyat hadisələrinə münasibətini bildirən, həmçinin müasirlərinin həyatına biganə qalmayan, mühüm həyat şərtlərini ekranlara gətirən sənətkarların yaradıcılığı bu mənada diqqət çəkir, sevilir.

Azərbaycan kinosunda özünəməxsus dəst-xəttinə görə seçilən tanınmış kino rejissorlarımızdan biri də Əməkdar incəsənət xadimi Gülbəniz Əzimzadədir. Quruluş verdiyi filmlərdə aktual mövzuları qabardan, məntiqli həyat səhnələri ilə tamaşaçını düşündürməyə vadar edən rejissorun anadan olmasının ildönümüdür. Unudulmaz rejissorun həyat və yaradıcılığına qısa nəzər salırıq.

G.Əzimzadə 1947-ci il aprelin 26-da Bakıda ziyalı ailəsində dünyaya göz açmışdır. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam kimi tanınmışdır. Daim sənət söhbətləri gedən mühitdə böyüyən uşaqda rəsm çəkməyə  həvəs hələ erkən yaşlarından başlamışdır. Buna görə də səkkizinci sinfi bitirdikdən sonra sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə vermiş, 1963-1968-ci illərdə burada oxumuşdur. Kinoya olan marağına görə daha sonra Moskvaya (1969-1974) getmiş, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda rejissorluq ixtisası üzrə təhsil almışdır. Professor İ.Talankinin emalatxanasında kinonun sirlərinə yaxından bələd olmuşdur.

G.Əzimzadə diplom işini müdafiə edərkən heç də sadə mövzu seçməmiş, dağılmış bir ailədən, ana himayəsində böyüyən uşağın atası ilə bir günlük görüşündən bəhs edən “Nəğmə dərsi” filmini çəkmişdir. Filmdə atanın (Əliabbas Qədirov) oğlu (Fəxri Həsənov) ilə olan dialoqunda xarakterini, düşüncəsini, psixologiyasını əks etdirən incə məqamlara, vacib nüanslara aydınlıq gətirilmişdir. Ailə dəyərlərinin qorunmasının vacibliyi filmin leytmotivini təşkil edir. 1974-cü ildə “Ömrün səhifələri” kinoalmanaxına daxil olan novella kompozisiya tamlığına, aktyor ifasının inandırıcılığına, hadisələrdəki ab-havanı hiss etdirdiyinə, emosional təsir gücünə görə bu gün də maraqla baxılır, sevilir.

Kino fəaliyyətinin hələ ilkin mərhələsində insan amilini, psixologiyasını yaradıcılığının qayəsinə çevirən G.Əzimzadə ali kino məktəbini bitirdikdən sonra vətənə qayıtmış, “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi fəaliyyət göstərmiş (1974-1998), 10-dan artıq (bədii, sənədli) müxtəlif mövzulu ekran əsəri ərsəyə gətirmişdir. “Qaladan tapılan mücrü”, “Ötən ilin son gecəsi”, “Avqust gələndə”, “Qətl günü”, “Müqəddəs oda yanaram” (Hafiz Fətullayevlə birgə), “İmtahan” (Şahmar Ələkbərovla birgə), “Ümid” və digər filmlərə quruluş vermişdir.

G.Əzimzadənin baxımlı filmlərindən biri də yazıçı-rejissor Anarla birgə quruluş verdiyi “Dantenin yubileyi” kinodramıdır. Sənətə hədsiz sevgisi olan, böyük məhəbbətlə xidmət edən qocaman aktyor Feyzulla Kəbirlinskinin (Həsən Turabov) həyatından bəhs edən filmdə aktyor sənətinin incəliklərindən, teatr aləminin iç üzündən, yersiz çəkişmələrindən, sənət mühitinin çətinliklərindən danışılır.

Yaşına və təmkinli davranışına görə teatrda Kəbirlinskiyə daim epizod rollar təqdim olunur. Bir çox hallarda isə həmkarları onu bacarıqsız hesab edirlər. Mülayim, təvazökar, sadə, səmimi xüsusiyyətə malik olan Kəbirlinski ailədə həyat yoldaşı, işdə isə həmkarları tərəfindən daim danlanır, sakit təbiətli olduğu üçün qınanılır. Həyat yoldaşının deyingənliyindən bezməyən, iş yoldaşlarının tənə və qınağını çılğın xüsusiyyətləri, zarafatları kimi qəbul edən Kəbirlinskini ətrafındakılar heç bir nailiyyətə malik olmayan zəif insan adlandırırlar. Əslində isə daxili mədəniyyətə, təmkinə sahib olan bu yaşlı aktyor səhnə sənətinin yarandığı ilkin mərhələdən görkəmli aktyorlarla çiyin-çiyinə çalışmış, kəndbəkənd, şəhərbəşəhər gəzərək, ağır, çətin illərdə səyyar tamaşalar göstərərək insanların maariflənməsi istiqamətində mühüm işlər görmüşdür.

Kəbirlinskinin evində qoruyub saxladığı teatrla, həmkarları ilə bağlı olan şəkillər teatr salnaməsinin inkişaf mərhələsini təsdiqləyən qiymətli arxivdir,  fotosənədlərdir. O, evinə gələn, sənət dostları, həyatı haqqında məlumat öyrənən jurnalistə böyük məmnuniyyət hissi ilə keçmişi haqqında məlumat verir. Həmçinin sənətindən bəhs edərkən kövrəldiyini, böyük şövqlə teatr xadimlərindən bəhs etdiyini görürük. Böyük sənət yolu keçən Kəbirlinskinin heç də sadəlövh,  bacarıqsız olmadığı, əslində mühitinin onu dəyərləndirmədiyi, şəxsiyyətini qiymətləndirmədiyi məlum olur. Sənətə bağlılığının bariz nümunələri aydınlanır, ziyalı, təmkinli xüsusiyyəti təsdiqlənir.

G.Əzimzadənin bu və ya digər ekran qəhrəmanlarının xarakterləri, həyat mövqeləri önəmli həyat faktı kimi diqqət çəkir, daxili dünyalarının, fərdiyyətçiliklərinin təhlili önə çəkilir, davranışları, psixologiyaları incəliklə cilalanır. İbrətamiz fikirlər və davranışlar filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülən rejissorun sənəti vasitəsilə cəmiyyətə çatdırmaq istədiyi mesajı, nəsihəti kimi qəbul edilir.

Dövlət Film Fondu