Sənət fərdiliyi sevir. Fərqli xüsusiyyətlərini obrazlara yansıtmaq, rolların təfsirində sevdirmək isə unudulmazlıq qazandırır.
Respublikanın əməkdar artisti, tanınmış aktyor, şoumen Bəharm Bağırzadə də fərdi düşüncə tərzini, həyata baxış formasını orijinal yaradıcılığına yansıdan aktyorlarımızdandır. Onun özünəməxsus yaradıclıq manerası bir çox səhnə və ekran personajlarını yaddaqalımlı edib, onu milyonların sevimlisinə çevirib.
20-yə yaxın filmdə rola alan, daha çox komik səpkili personajları vasitəsilə ekran əsərlərinə baxımlılıq gətirən aktyor özünəməxsus orijinal və koloritli metodlardan istifadə edərək çoxsaylı tamaşaçıların qəlbinə yol tapmağı bacarıb. Onun “Hər şey yaxşılığa doğru” filmində canlandırdığı milis kapitanı, “Adam” kino dramında oynadığı kommersant, “Yuxu” filmində yaratdığı Akif, “Vəkil hanı?” kinokomediyasında canlandırdığı Əfqan, “Qorxma mən səninləyəm” filmindəki Qafurbəy , eləcədə digər rolları ifadə və jest baxımından yaddaqalımlıdır, xarakterikdir.
Aktyorun ekranda canlandırdığı personajların bir çoxunun kiçikplanlı olması təəssüf doğurur. Çünki ona həvalə olunan rolları fərqli və tamamilə sərbəst üslubda, daha çox xırıltılı, bəzənsə pıçıltılı səsə uyğunlaşdırdığı baməzə priyomlarla dolğunlaşdıran aktyor rolların real, xarakterlərin inandırıcı olmasına nail olub, hadisələrin gerçəkliyinə bizləri inanadırıb. Tamaşaçıları hadisələrin iştrakçısına, personajların müasirinə çevirməyi bacarıb.
Yaradıcılığındakı fərqli üslubu fərdi (rollardan fərqlənərək) olaraq diqqətə çatdırmaq, milyonların marağına səbəb olmaq, filmərdəki hadisələrə istinadən (hadisələrdəki vəziyyətə uyğun şəkildə) daha çox səmimi cəhətlərinə görə tamaşaçıların sevimlisinə çevrilmək isə sənətə olan sevginin nəticəsi, əsl sənət sevincidir.
Məlumdur ki, hazırda dünya xalqları, o cümlədən ölkəmiz qlobal problemə çevrilən COVID-19 infeksiyasına qarşı mübarizə aparır. Həkimlərimiz insanların sağlamlığı naminə gecə və gündüz bu infeksiyadan əziyyət çəkənlərin səhhətinin keşiyində dururlar. Bu infeksiyaya yoluxmanın qarşısını almağa çalışırlar.
Təəssüf edirik ki, sevimli aktyorumuz Bəhram Bağırzadə də COVID-19 infeksiyasına yoluxub və xəstəliyi ağır keçirdiyindən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun səhhətinin yaxşılaşdırılması üçün həkimlərimiz əllərindən gələn köməyi, dəstəyi əsirgəmirlər. Biz də Azərbaycan kinematoqrafçıları, eləcədə Bəhramsevər tamaşaçılar adından ona tezliklə sağalmasını və yenidən böyük coşqu, məhəbbətlə səhnədən, televiziyadan, filmlərdən tamaşaçılara olan ürək sözünü ünvanlamasını arzu edirik.
Şəhla Əmirli
Dövlət Film Fondunun baş mütəxəssisi
18.06.2020