Koronavirusa həsr olunan film çəkilir

Hollivuddakı “SK Global Entertainment” şirkəti koronavirusun Çində yayılmağa başladığı dövrə həsr olunan yeni film üzərində çalışmağa başlayıb.

Gələcək filmin ssenari müəllifi, “Böyük qısa” (“Big Short”) filminə görə 2016-cı ildə “Oskar” mükafatı alan Çarls Randolf məsələni şərh edib:

“Bu virusun yarasalarla dolu mağaradan böyük bir şəhərə necə gedib çıxması hələ uzun müddət cavab axtaracağımız bir müəmmadır. Bu film pandemiya haqqında trillerdən daha çox tibbi mövzuda dram olacaq”.

Ç.Randolf əsas diqqətin çinli həkim və tibb işçilərinin bu qorxulu xəstəliyə qarşı necə mübarizə apardıqlarına yönəltmək olduğunu qeyd edib.

Filmin çəkilişlərinə gələn il Çində başlamaq nəzərdə tutulur. “Bu məsələnin nə qədər siyasiləşdiyini unutmuruq, bununla bağlı əngəlləri dəf etməli olacağıq”, – deyə “SK Global Entertainment” şirkətinin rəhbərlərindən biri fikrini bildirib. /avanqard.net/

04.07.2020