Dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından yaranmış, dünya musiqi mədəniyyəti xəzinəsində layiqli yer tutan bədii incilər xalqımızın mənəvi sərvətidir. Görkəmli bəstəkar Azərbaycan opera sənətinin, musiqili komediya janrının əsasını qoymuş, ədəbi-bədii yaradıcılığın bir sıra sahələrində məhsuldar fəaliyyət göstərmişdir.
Azərbaycan dramaturgiyasında nadir nümunələr hesab olunan Üzeyir Hacıbəylinin komediyaları, zəngin xalq musiqisi xəzinəsindən qaynaqlanan, xəlqiliyi, oynaq musiqi və qüvvətli yumoru ilə fərqlənən “O olmasın, bu olsun” və “Arşın mal alan” operettaları kinematoqrafçıların daim diqqət mərkəzində olmuş və onlar müxtəlif dövrlərdə bu musiqili komediyaları ekranlaşdırmışdır.
Nəinki Azərbaycanda, həm də keçmiş ümumittifaq məkanda böyük şöhrət qazanan, görkəmli teatr, kino rejissoru, respublikanın xalq artisti Rza Təhmasibin quruluş (1945) verdiyi “Arşın mal alan” filminin çəkilməsindən 75, görkəmli kinorejissor, respublikanın xalq artisti Tofiq Tağızadənin çəkdiyi “Arşın mal alan” kinokomediyasının üçüncü variantının isə ekranlara çıxmasından 55 il ötür.
Müxtəlif illərdə quruluş verilən hər iki film musiqili komediyanın bütün təravətini özündə qoruyub saxlaya bilmiş, geniş tamaşaçı auditoriyası tərəfindən böyük sevgi və rəğbətlə qarşılanmışdır. Filmdəki hadisləri məhz musiqi hərəkətə gətirir, onun ritmini təyin edir, qəhrəmanların xarakterini açır, epizodların emosional təsvirini yüksəldir.
1945-ci ildə ekranlara çıxan “Arşın mal alan” filmində aktyorlardan Münəvvər Kələntərlinin (Cahan xala), Ələkbər Hüseynzadənin (Soltan bəy), Leyla Bədirbəylinin (Gülçöhrə), Rəşid Behbudovun (Əsgər), İsmayıl Əfəndiyevin (Süleyman), Lütfəli Abdullayevin (Vəli), Fatma Mehrəliyevanın (Telli), Rəhilə Mustafayevanın (Asya), Mirzəağa Əliyevin (məşədi İbad) yaratdıqları obrazlar müvəfəqiyyətli və yaddaqalandır.
Film 1945-ci ildə ekranlara çıxanda əsl sənət bayramına çevrildi, adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazıldı. 1946-cı ildə filmin yaradıcı heyəti Stalin mükafatına layiq görüldü.
Filmin rejissoru Rza Təhmasibin dediyinə görə, film əvvəlcə Moskvanın iki kinoteatrında ekrana buraxıldı. Camaatın böyük axınını görən kinonun rəhbərliyi filmin nüsxələrini çoxaldıb digər kinoteatrlara da verdi. Beləliklə, daha 18 kinoteatrdan arşınmalçının səsi eşidildi. İllər ötdükcə film “Arşın mal alan”, “Çadra altında məhəbbət” adı ilə dünyanın 130-dan artıq ölkəsində nümayiş etdirildi, filmin yaradıcı heyətinə böyük şöhrət gətirdi. Qısa bir vaxt ərzində dünya şöhrəti qazanan film tamaşaçıların qəlbində iz saldı, dünyanın bir çox xalqları bəstəkarın sehrli musiqisinə, mənalı yumoruna valeh oldular.
Təkcə 1945-ci ilin son aylarında ekrana buraxılandan sonra bu filmə 16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat liderləri sırasında olmuşdur. Görkəmli sənətkar Rəşid Behbudov bu filmdən sonra qısa bir vaxt ərzində məşhurlaşdı, eyni zamanda Azərbayacnı bütün dünyada tanıtdı.
Rəşid Behbudov söhbətlərinin birində qeyd edib ki: “Mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl “Arşın mal alan” filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar.”
Filmin quruluşçu operatorları görkəmli kino xadimləri, respublikanın əməkdar incəsənət xadimləri Əlisəttar Atakişiyev və Muxtar Dadaşovdur.
Respublikanın xalq artisti Leyla Bədirbəyli “Arşın mal alan” filminin çəkilişi ilə bağlı xatirələrində qeyd edib ki: “Bizim filmdə iki operator var idi. Əlisəttar Atakişiyev və Muxtar Dadaşov. Çəkiliş prosesində onların hərəsinin öz işi var idi. Onlar bir-birlərinə mane olmurdular. Əksinə bir-birlərini tamamlayırdılar.”
Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasında “100 sevimli film” seçilmişdir. Həmin filmlər üç hissəyə Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş “Arşın mal alan” kinokomediyası məşhur kino mətəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya daxil edilmişdir.
1965-ci ildə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 80 illiyi münasibəti ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Arşın mal alan” operettasını yenidən istehsal etdi. Bu dəfə film genişekranlı və rəngli varianda oldu. Filmə rejissor Tofiq Tağızadə Muxtar Dadaşovla birgə yazdığı ssenari üzrə quruluş verdi. “Arşın mal alan”ın musiqisi bəstəkar Fikrət Əmirov tərəfindən yeni redaksiyada işlənildi. Baş operator İlya Minkovetski, baş rəssam Elbəy Rzaquliyev bər çox səhnələri dekorasiyadan çıxarıb respublikamızın gözəl guşələrinin fonunda çəkdilər. Filmdə Göygölün, Qubanın və başqa yerlərin füsunkar təbiət mənzərələrindən bacarıla istifadə edildi.
Filmdə görkəmli sənətkarlardan Nəcibə Məlikova (Cahan xala), Ağadadaş Qurbanov (Soltan bəy), Həsən Məmmədov (Əsgər), Leyla Şıxlinskaya (Gülçöhrə), Murad Yagizarov (Süleyman), Səfurə İbrahimova (Telli) və başqaları çəkiliblər.
“Arşın mal alan” (1965) kinokomediyası 1967-ci ildə Tbilisidə keçirilən I Zaqafqaziya və Ukrayna respublikaları filmərinin “Prometey-67” zona kinofestivalında ən yaxşı musiqili filmə görə Gürcüstan Bəstəkarlar İttifaqının mükafatına layiq görülüb.
Dövlət Film Fondu
20.08.2020