Sənət hisslər tufanıdır. Unudulmaz sənətkarlarımızın Azərbaycan səhnəsinə, kinosuna bəxş etdiyi sənət nümunələri də hisslərin təntənəsindən yaranan yaradıcılıq toplusudur. Respublikanın Xalq artisti, Dövlət mükafatı laureatı, istedadlı aktyor Şahmar Ələkbərovun kino yaradıcılığı bütünlükdə həssas qəlbinin, məntiqli düşüncələrinin məhsuludur. Aktyorun yaddaqalımlı ekran personajlarını xatırladıqca Azərbaycan kinosunun “qızıl fond”una daxil olan ən baxımlı ekran əsərləri göz önündə canlanır. Bu isə milli kinomuza bir-birindən maraqlı, koloritli obrazlar bəxş edən aktyorun Azərbaycan kinosunun intibah dövrü adlandırılan mərhələyə özünün məhsuldar yaradıcılıq töhfəsini verməsi, dillər əzbəri olan həmin mərhələnin yaranmasında müstəsna xidməti olması deməkdir.
Çətin və məsuliyyətli kino aləmini, əslində, elə sənət cəbhəsi adlandırmaq olar. Çünki fərdi yaradıcılığı ilə diqqətçəkən sənətkarların qazandıqları uğurlar məsləklərinə olan hörmətdən əlavə, vətəninə, elinə, insanlara göstərdikləri böyük sevgi və ehtiramın təcəssümündən qaynaqlanır. Görkəmli kinoaktyor Şahmar Ələkbərovun bütün dövrlər üçün aktual və qəbuledilən yaradıcılıq toplusunda vətən sevgisi, həmvətənlərinə olan hörməti öndə durur.
Məhsuldar başlanğıc
Hələ tələbəlik illərindən müəllim və tələbə yoldaşlarının hörmətini qazanan Şahmar Ələkbərovun institutda assistent kimi saxlanılması təsadüfi deyildi. Çünki böyük potensiala sahib olan istedadlı gənc auditoriyanı ələ almaq bacarığını həmin illərdən təsdiqləmişdi. Aktyor sənətindən dərs deyən (1965-1986), Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru (qısa fasilələrlə, 1963-1972) olan sənətkar, eyni zamanda kino fəaliyyəti ilə respublikamızda və o vaxtın ümumittifaq məkanında geniş tamaşaçı auditoriyasının diqqət və rəğbətini qazanmağı bacardı.
Şahmar Ələkbərovun yaradıcılığı bütünlükdə cəmiyyətə ünvanladığı ürək sözü, eləcə də vətəni, ətraf aləmi, insanlar üçün olan böyük nigarançılığının təzahürü idi. Bunu aktyorun sənət taktikasında, özünəməxsus şəkildə şərh etdiyi təhlillərində, obrazlarına hopan müdrik yanaşma tərzində görmək mümkündür. Əldə etdiyi uğurların kökündə ədəbi materialı böyük məharətlə vizual hadisələrə çevirmə, həyatın inikası olaraq təsdiqləmə bacarığı, haqsızlığı, hiylə və məkrləri ifşa edərək insanları ayıq-sayıq olmağa, ehtiyatlı davranmağa səsləyən mesajları dayanırdı.
Döyüşən obrazlar
1967-ci ildən başlayaraq Azərbaycan kinosunda 30-a yaxın filmdə bir-birindən maraqlı ekran obrazları yaradan aktyorun yaradıcılıq qismətinə daha çox insanların xoşbəxtliyi, əmin-amanlığı naminə mübarizə aparan cəsur, vətənpərvər, əzmkar xarakterli rollar düşüb.
“Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmində Fərrux, “Mən ki gözəl deyildim” filmində Məzahir, “Yeddi oğul istərəm”də Qəzənfər, “Axırıncı aşırım”da İman, “Skripkanın sərgüzəşti”ndə Davud, “Qatır Məmməd”də Qatır Məmməd, “Bakıda küləklər əsir”də Azad, “Arxadan vurulan zərbə”də Gündüz Kərimbəyli, “Babək”də Cavidan, eləcə də digər ekran qəhrəmanları, tarixi obrazlar fikir və qənaətlərinə əsasən ictimai-siyasi hadisələri, sosial problemləri şərh edən mühüm mövqeli prototiplərdir. Bu və ya adları çəkilməyən digər personajların tipik xüsusiyyətləri bilavasitə aktyorun yüksək mənəvi dünyasından, ziyalı təfəkküründən, həyata olan dəqiq baxışından, məntiqli yanaşmasından yaranıb, orijinallığına, özünəməxsusluğuna görə sevilib, yadda qalıb.
Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Şahmar Ələkbərov haqqında yazdığı məqalədə aktyor oyunu ilə bağlı fikirlərini bölüşür: “Mənim təsəvvürümdə yaxşı aktyor o deyil ki, obrazın qabığını oynasın, onun cildinə girib xarakterin hərəkətlərini mexaniki surətdə yerinə yetirsin. Mənim təsəvvürümdə yaxşı aktyor ilk növbədə sərbəst fikirləşmək qabiliyyəti olan yaradıcı şəxsiyyətdir. Obraz aktyora özünütəsdiq üçün bir vasitə olmalıdır. Aktyor obrazın zahiri əlamətləri arasında öz sözünü deyə bilməlidir. Professional səhnədə və ya ekranda aktyorun oyunu, xüsusən də onun gözləri daim tamaşaçıya qat-qat, lay-lay fikir impulsları keçirməlidir”.
Sənətinə dərin rəğbət bəsləyən aktyorun bütün kino obrazlarının təfsirində də yuxarıda qeyd olunan fikirlərin yüksək formada təsdiqini izləyirik.
Şahmar Ələkbərovun yaradıcılıq taleyinə hər aktyora nəsib olmayan böyük sənət xoşbəxtliyi yazılmışdı. Sənət uğurunu bəzi hallarda şans adlandırsaq da, istedadı təsdiqləyən böyük yaradıcılıq axtarışları, zəhmət və gərgin iş rejimidir.
Aktyorun istər sosial məsələlərlə bağlı, istərsə də tarixi-inqilabi mövzulu filmlərdə oynadığı rollarının həcm və məntiqini nəzərə alsaq, böyük ictimai məsələlərin həllini, eləcə də mühüm hadisələrin mahiyyətini dərindən çatdırmaq üçün müxtəlif yaradıcılıq priyomlarından, üslub və metodlardan istifadə etdiyini, daha doğrusu, özünü rolun öhdəsindən bacarıqla gələ bilmə prinsipinə köklədiyini görərik.
Vətənpərvərlik prinsipi Şahmar Ələkbərov yaradıcılığının ana xəttini təşkil edir. Aktyorun rolların həyat mövqeyinə uyğunlaşdırdığı mizanlarda nəzərə çarpan kamillik zirvəsi tamaşaçını valeh edir, insanlıq üçün mühüm olan faktorlar ekran əsərlərinin mahiyyətini, dəyərini artırır. Təbii ki, mühüm mövqeli rolları dolğun, bitkin xarakter olaraq çatdırmasında aktyorun tamaşaçını mütəəssir edən məxməri səsinin də rolu böyükdür. Bu barədə isə bir qədər sonra…
Azərbaycan kinosu üçün əsl tapıntı olan Şahmar Ələkbərov hələ sənət karyerasının ilkin mərhələsindən etibarən kino obrazını dillər əzbəri etdi. Oynadığı rolların tamaşaçı qəlbində kök salmasının başlıca səbəblərindən biri də məhz onların nümunəvi həyat mövqeyinin, şəxsiyyət tamlığının olmasıdır. Rolların xarakterləri cilalandıqca vətənpərvərlik hissini bütün hiss və duyğulardan öndə tutan personajların ətraf mühitə olan həssas münasibəti, səmimiyyəti, etibarı, sədaqəti insanlığa və ali ideyalara zidd gedən ədalətsizliyi, özbaşınalığı aradan qaldırmağa qadir olan qəhrəmanlara çevirir. İnsanlığı təlqin edən, cəmiyyəti naqis və zalımlardan qoruyan qəhrəmanları qalib və güclü edən də məhz düzgünlüyə, haqq-ədalətə xidmət etmələridir. Xalqa xidmət edən kinonun yüksək keyfiyyətlərin daşıyıcısı olan missiyasını təsdiqləyən isə aktyorun müsbət xarakterli personajları idrak qabiliyyətinə əsaslanaraq məntiqli ifayla tamaşaçılara çatdırması, qəlblərdə yaşatmasıdır.
Məxməri səsin sehri
Səs qəlbdən gəldikdə məlahətli olar. Şahmar Ələkbərovun məxməri, məlahətli səsinin xüsusi bir sehri, qəlbəyatanlığı vardı. Səsin müdrik çalarları, diksiyanın müdhiş qüsursuzluğu obrazların şəxsi mövqeyindən əlavə hiss və duyğularını tamamilə aydın və səlis ifadə etməsinə imkan yaradırdı.
Əməkdar mədəniyyət işçisi, tanınmış dublyaj rejissoru Arif Həbibinin Şahmar Ələkbərovun dublyaj fəaliyyəti haqqında fikirləri də maraqlıdır: “Şahmar böyük sənətkar idi. Nadir səsə malik olduğuna görə onu bədii filmlərlə yanaşı sənədli filmlərin oxunuşuna da dəvət edirdilər. Səsinin məlahətli olmağı bir yana, o həm də, kino dili ilə desək, çox yaxşı “ukladçik” (düzücü) idi. Çox aktyorun səsini yazırdıq. Amma “ukladka” (düzmə) etməyə daha çox Həsən Əbluc və Şahmar gəlirdi. Bu, çox çətin sahə olduğuna görə hər aktyor bacarmırdı. Gərək söz ehtiyatın çox olaydı, dili gözəl biləydin ki, tərcüməni, səs artikulyasiyasını düzgün müəyyənləşdirib improvizə edərək birbaşa yaza biləydin.
Onu yerli filmlərimizlə yanaşı xarici filmlərin səsləndirilməsinə də çağırırdılar. İl ərzində 60 xarici film dublyaj edirdiksə, Şahmarı ən azı 20-25 film səsləndirməyə çağırırdıq. Bu isə yüzlərlə filmi səsləndirmək deməkdir. Bizim çox yaxşı dostluq münasibətlərimiz vardı. O, çox yaxşı insan, xoşxasiyyət həmkar idi. Məclislərdə çox vaxt bir yerdə olurduq. Mən onun səsini yazanda işin mükəmməlliyinə görə həmişə qürur hissi keçirirdim”.
Aktyorluqdan rejissorluğa
Aktyorun ədəbi əsərlərin ideyasını dərindən qavraması, başa düşərəkdən (rolun təfsirində) izah etməsi, hadisələri və personajları öz dövrlərinin məhsulu kimi qiymətləndirməsi hər hansı bir prototipin neytral mövqedə qalmamasına səbəb yaradır, yaradıcılığını Azərbaycan kinosunda mühüm mərhələyə çevirirdi. Məhz buna görə də Şahmar Ələkbərovun müsbət rolları qədər məharətlə təqdim etdiyi mənfi obrazları da (Feyzi – “Firəngiz”, İbrahim – “Atları yəhərləyin”, Saleh –“Sevinc buxtası”) filmlərin aparıcı qüvvəsi olaraq kollektiv sənət növünə (kinoya) uğur qazandırırdı.
Rejissor kimi də fikir və duyğularını kinoda təsdiqləməyə çalışan Şahmar Ələkbərov bu sahədə debütünü “İmtahan” (kinorejissor Gülbəniz Əzimzadə ilə birgə) bədii televiziya filmi ilə etdi. Rejissorluq fəaliyyətində də mühüm mövzulara toxunaraq cəmiyyəti narahat edən məsələlərə aydınlıq gətirməyə çalışdı, müxtəlif dövrlərin ədalətsiz qanunlarına qurban gedən ekran personajlarının mənəvi-əxlaqi iflasını şəxsi prizmadan mənalandırdı. Müstəqil olaraq quruluş verdiyi “Sahilsiz gecə” və “Qəzəlxan” (həm də ssenari müəllifi) kinodramları tamaşaçılar tərəfindən birmənalı qarşılanmasa da, sosial problemlərin kökünü mümkün qədər üzə çıxaran, mühakimə edən ciddi ekran əsərləri olaraq diqqət çəkdi.
49 illik (1943-1992) ömür payının 25 ilini milli kinomuza həsr edən Şahmar Ələkbərov kinostudiyaya ayaq basdığı müddətdən etibarən fədakar, məsuliyyətli yaradıcı insan olaraq sağlam düşüncəsini, zəhmət və fəaliyyətini cəmiyyətin mənən ehtiyac duyduğu sənət nümunəsinə çevirdi. Böyük maraqla izlənilən yaradıcılığına görə də yoxluğunda belə sevilir, unudulmur, hörmət hissi ilə xatırlanır.
Şəhla ƏMİRLİ
kinoşünas
23.08.2020