Sönməyən sənət eşqi

Bu il Respublikanın xalq artisti, istedadlı aktrisa Elmira Şabanovanın 80 yaşı tamam olur. Azərbaycan kinematoqrafiya tarixinə adını qızıl hərflərlə yazan aktrisa 60-cı illərdən etibarən sevimli kino aktrisası kimi məşhurluq qazanmışdır. Sonralar ailə-məişət qayğıları ilə əlaqədar olaraq bir neçə müddət kino yaradıcılığında fasilə yaranan aktrisa uzun müddət ekranlarda görnməsə də, tamaşaçıların sevimlisi olaraq yaddaşlardan çıxmadı, qəlblərdən silinmədi. Buna isə aktrisanın rollarına yansıtdığı mülayim, zərif qadın zərifliyi, gözəlliyi ilə yanaşı, sənətə olan sevgisi, peşəkarlığı səbəb olmuşdur.

Aktrisa xatirələrində vurğulayır ki: “Bu həyatda məni sevindirən iki şeydir. Ailəm və peşəm. Baxmayaraq ki, ailə qurduqdan sonra uzun müddət peşəmdən ayrı düşmüşdüm, teatrın, kinonun həsrətini çəkirdim. Lakin seçimimdən razıyam: ləyaqətli övladlarım, nəvələrim, şirin-şəkər nəticələrim var. Onları görəndə könlüm açılır, cavanlaşıram, yaşım yadımdan çıxır…”

Bəli, geriyə baxanda, özünə sənət və həyat hesabatı verəndə qürurlanacaq, fəxr edəcək xatirələrin varsa deməli ömrü heçə yaşamamısan. Elmira Şabanova da ailəsini qoruduğuna, sənətini eyni müstəvidə, bir paraleldə yaşatdığına, sənət zirvəsini fəth etdiyinə görə mənalı ömrün nümunəvi sahibi kimi qibtə edilən aktrisalarımızdandır.  

Aktrisanın həyat yoluna nəzər salanda, Azərbaycan kinosunda yaratdığı obrazları xatırlayanda kino sənətini seçdiyinə, bacarığına güvənərək fərqli xatarketrlər yaratdığına görə minnətdarlıq hissi duyursan. Düşünürsən ki, nə yaxşı ki, bu sənəti seçmisiniz Elmira xanım, nə yaxşı ki, Azərbaycan qadının tipik cəhətlərini fərdi yaradıclığınıza yansıdaraq obrazların təfsirində pisi yaxşıdan seçməyimizə, həyat təcrübəmizin artmasına imkan yaradacaq ekran obrazları ərsəyə gətirmisiniz. İndi isə aktrisanın sənət yoluna qısa nəzər salaq.

 Elmira Şabanova 1940-cı ildə noyabr ayının 1-də Bakıda ziyalı ailəsində anadan olub. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitinun aktyorluq (1958-1962), sonra isə rejissorluq  fakültəsini bitirib. İnstitutda oxuyarkən görkəmli teatr rejissoru, Əməkdar İncəsənət xadimi Tofiq Kazımovdan sənətin sirrlərini öyrənib. Kinoya gəlməsi də sənət müəllimiminin istəyi əsasında baş tutub. Aktrisa bu barədə xatirələrində qeyd edir ki: “1959-1960-cı illərdə Bakı kinostudiyasında kinorejissor Ağarza Quliyev “Səhər” adlı tarixi-inqilabi janrda film çəkirdi. Tofiq Kazımov həmin filmdə ikinci rejissor işləyirdi. “Səhər” filmində Sevda roluna məni məhz Tofiq müəllim dəvət etmişdi.”  

Gözəlliyinə, fərdi istedadına, rolu məharətlə oynadığına görə aktrisa rejissor Ağarza Quliyevin, müəllimi Tofiq Kazımovun, yaradıcı heyətin, eləcədə çoxsaylı tamaşaçıların böyük rəğbətini qazanır. Bununla da Azərbaycan kinosunun siması kimi şöhrətlənir.    

Bundan sonra “Aazərbaycanfilm” kinostudiyasında fərqli janrlı filmlərdə bir-birindən maraqlı rollar yaradan aktrisa, o cümlədən “Ötən ilin son gecəsi” filmində Həmidə, “Gecə qatarında qətl”də Ana, “Gəmi saatının sirri” filmində Alikin anası, “Qəm pəncərəsi”ndə Həmidə, “Təhminə”də Aliyə, “Fəryad” filmində İsmayılın anası və başqa ekran əsərlərində xarakterik, koloritli rollar yaratdı.

Elmira xanım realist yaradıcılıq üslubunda pafosdan kənar səmimiyyətlə, incə lirizmlə məişət davranışlarını, etik qaydaları dəqiqliklə tamaşaçılara çatdırıb, müxtəlif zamanların müasiri olan personajların həyat mövqeyini, düşüncə tərzini, davranışlarını  dolğunluğu ilə ifalarında xarakterizə edib.

Ümumilikdə 20-dən artıq filmdə çəkilən aktrisa sənədli və bədii kino ilə yanaşı televiziya seriallarında da maraqlı, tipik xarakterli, yaddaqalan rollar yaradıb. Bu isə sənət yolunda yorulmamaq, hər yaş kateqoriyasına aid personajların fərdi cəhətlərini, psixologiyalarını tamaşaçlara çatdırmaq, həmçinin sevib seçdiyi məsləyinin hər zaman keşiyində durmaq, sözünü demək, özünü sözündə təsdiqləməkdir.

Biz də Dövlət Film Fondunun əməkdaşları və çoxsaylı kinosevərlər adından Elmira Şabanovaya yubiley yaşı münasibətilə can sağlığı, yeni-yeni sənət sevincləri, tükənməz tamaşaçı məhəbbəti arzulayırıq.

Dövlət Film Fondu  

01.11.2020