Elə sənətkarlar var ki, onların sənətə gəlməsi, məsləklərini sevərək təqdim etməsi, sənətin fövqündə cəmiyyətə ali məqsədləri təlqin etməsi insanlara olan sevgilərindən, həyata fərqli baxışlarından yaranmışdır.
Azərbaycan teatr, kino sənətinin inkişafında böyük xidmətləri olan, aktyorluq və rejissorluq fəaliyyətini sənət məktəbinə çevirən görkəmli sənətkar, Xalq artisti Rza Təhmasib də səhnənin ona ehtiyacı olan bir vaxtda sənətə gəlmiş, böyük istedadı, zəhməti sayəsində teatr, kino sənətimizin inkişafına təkan vermişdir.
Milli teatr ənənələrinin yaranmasında mühüm xidmətləri olan, uzun illər Dram Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərən, kino sənətimizin formalaşmasında zəhmətini əsirgəməyən sənətkarın adı çəkiləndə əsl sənət nümunələri yada düşür, sənətin ali təqdimatı xatırlanır.
Realist aktyor məktəbinin yetirmələrindən olan Rza Təhmasib hələ kiçik yaşlarından teatra meyil göstərmişdir. 16 yaşında Tbilisidə Müsəlman Artistləri İttifaqının teatr truppasında aktyor kimi fəaliyyətə başlamışdır. 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq etmişdir. Həmin ildən etibarən Azərbaycan Dövlət Dram Teatrında çalışmış, bir müddət sonra bu teatrda bədii rəhbər (1922–1924), direktor kimi (1953–1959) fəaliyyət göstərmişdir.
R.Təhmasibin teatrdakı fəaliyyəti dövründə Azərbaycan kino sənəti inkişaf mərhələsini yaşamışdır. Həmin vaxtlarda teatr fədailəri kino işçilərinə yaxından köməklik göstərmiş, aktyor, rejissor kimi filmlərin çəkilişlərində iştirak etmişlər. Daim yaradıcılıq axtarışında olan R.Təhmasib də kino sənətinə maraq göstərən, inkişafına can atanlar sırasında olmuşdur. Sənətin sirlərinə dərindən bələd olmaq üçün Moskvaya getmiş, 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Rejissorluq fəaliyyətinə “Balıqçılar” (1927) bədii filmi ilə başlamış, daha sonra “Azərbaycan SSR-in 15 illiyi” (1935), “Ordenli Azərbaycan” (1938) sənədli filmlərini çəkmişdir. “Arşın mal alan” (1945, N.Leşşenko ilə birgə), “Mahnı belə yaranır” (1957, M.Mikayılovla birgə), “Onu bağışlamaq olarmı?” (1959) və digər bədii filmlərə quruluş vermişdir. Mühüm məsələləri filmlərin leytmotivinə çevirmiş, müxtəlif həyat hadisələrini məntiqli quruluşlarda təqdim etmişdir. Hər bir dövrün müasirinin düşüncəsini, əməllərini, fərdi mövqeyini mühitin təmsilçisinə çevirmiş, formalaşmış xarakterlərin, yüksək mənəviyyatın vacibliyini, həyatda öz yerini müəyyənləşdirməyin, insanlara xeyir verməyin labüdlüyünü vurğulamışdır. Sənətkarın hər bir təqdimatı mühüm hadisəyə, tamaşaçılar üçün böyük töhfəyə çevrilmişdir.
Yazıçı, dramaturq Məmmədhüseyn Təhmasibin ssenarisi əsasında quruluş verdiyi “Onu bağışlamaq olarmı?” filmi Rza Təhmasibə böyük şöhrət qazandırmışdır. Əsərin dərin qatlarına nüfuz edən rejissor ekran hadisələrinin məntiqi mənasını mürəkkəb psixoloji priyomlarla açmağa nail olmuş, cəmiyyət üçün təhlükə yaradan insanların iç üzünü, psixologiyasını təhlil obyektinə çevirmiş, lazımlı vətəndaş olmağın vacibliyini önə çəkmişdir.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında quruluş verdiyi “Arşın mal alan” (1945) filmi geniş şöhrət qazanmış, 150-dən çox ölkədə nümayiş olunmuşdur. 1946-cı ildə filmin yaradıcı heyətindən bir qrup üzvü (7 nəfəri) Stalin mükafatına layiq görülmüşdür. Rejissorun mövzu ilə bağlı qeydlərindən: “Arşın mal alan” yetkin əsərdir. Orada fabula, dramaturgiya çox güclüdür. Sözün əsl mənasında komediyadır. Bu əsərə heç bir müdaxilə lazım deyil. Mənim müvəffəqiyyətimin sirri ondadır ki, əsərə toxunmamışam, aktyorları düzgün seçmişəm”.
Rejissorluq fəaliyyəti ilə paralel olaraq, bir neçə filmdə canlandırdığı həkim (“Almaz”), Ağası xan (“Fətəli xan”), Mircəfər Bağırov (“Bakının işıqları”), Qaloş (“Qanun naminə”), Şahmar bəy (“Bakıda küləklər əsir”), Cəbrayıl dayı (“Ən vacib müsahibə”) və digər dolğun obrazları ilə mövzunun mahiyyətini aydınlaşdırmış, filmlərin baxımlılığını təmin etmişdir.
Xarakterik, yaddaqalan rolları ilə kino salnaməmizi zənginləşdirən aktyor hər bir obrazın təfsirində hadisələrə dəqiq mövqeyini bildirmiş, dərinliyinə sirayət etmiş, ekran əsərlərinin keyfiyyətli təqdimatına, yaddaqalımlı olmasına zəmin yaratmışdır. Məntiqli yanaşması ilə tərəf-müqabillərinə olan münasibətini göstərmiş, mühüm məsələlərin, incə məqamların diqqətə çatdırılmasına nail olmuşdur.
Dövrünün sosial problemlərini, insanları narahat edən həyat faktlarını sənətin fövqündə təhlil edən, ibrətamiz yaradıcılığı ilə ətrafındakıların düşüncəsini, həyatını doğru səmtə təlimatlandıran R.Təhmasib personajların səciyyəvi cəhətlərini nəzərə alaraq mövzunun bədii xüsusiyyətinə uyğun davranmış, tamaşaçının diqqətini tamlıqla özünə yönəldərək məzmunlu ekran nümunələri ərsəyə gətirmişdir.
Rollarını maraqlı detallarla canlandıran aktyorun kino obrazları içərisində mənfi xarakterli personajlar çoxluq təşkil edir. Bu isə obrazların xarakterik cizgilərini düzgün qavramasından, dəqiq boyalarla göstərmək, daxili mənini tanıtmaq prinsipindən, rolun təfsirində sənətin mahiyyətini çatdırmaq istəyindən irəli gəlmişdir. Ümumiyyətlə, bütün rollarına həssaslıqla yanaşan aktyor ədəbi əsərlərin məzmununun əhatəli şərhinə nail olmuş, hər bir rolunu dəqiq ştrixlərlə, həssaslıqla canlandırmışdır. Fərdi cizgilərlə çatdırdığı davranış və xüsusiyyətləri diqqət çəkmiş, düşündürmüş, filmlərin baxımlılığını təmin etmiş, yaradıcılığı fonunda sənətkar qüdrətini təsdiqləmişdir.
Aktyorun “Bakıda küləklər əsir” filmində canlandırdığı Şahmar bəy obrazı uğurlu rollarındandır. XX əsrin 40-cı illərində, İkinci Dünya müharibəsi ərəfəsində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərindən, çekistlərin təxribatçılara qarşı apardıqları mübarizədən bəhs edən filmdə Şahmar bəy ziddiyyətlərin kəskinləşməsinə səbəb yaradan, hadisələrin dramatizmini artıran personajdır. Obrazın hiyləgər xüsusiyyətini, məkrli niyyətini özünəməxsus ştrixlərlə təqdim edən aktyor fikir və davranışları ilə dövrün hadisələrinə aydınlıq gətirmiş, filmin ideya məzmununun açılmasına təkan vermişdir. Müəllif-aktyor olaraq hadisələrə şəxsi münasibətini bildirmiş, orijinal təqdimatı fonunda filmin maraqla izlənilməsinə zəmin yaratmışdır.
R.Təhmasibin kino yaradıcılığında aktyor kimi oynadığı və rejissor kimi quruluş verdiyi filmlər məzmun və forma baxımından mürəkkəbdir, fərqlidir, düşündürücüdür. Rejissorluq fəaliyyətində mühüm işlərə imza atan sənətkar quruluş verdiyi filmlərdə müxtəlif dövr hadisələrini, mürəkkəb insan münasibətlərini təhlil etmiş, ziddiyyətli fikirləri, əməlləri təhlil obyektinə çevirmişdir.
Sənətin cəmiyyətdəki rolunu, əhəmiyyətini yaxşı bilən R.Təhmasib 1946-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs demişdir. Pedaqoji fəaliyyəti dövründə onlarla tələbəyə sənətin sirlərini öyrətmiş, peşəkar aktyor nəslinin yetişməsində xüsusi xidmətləri olmuşdur. Dərs hissə müdiri, dekan, aktyorluq və rejissorluq kafedrasının müdiri vəzifələrində çalışmış, 60-cı illərin birinci yarısında Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuşdur.
R.Təhmasibin sənətdəki xidmətləri Dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1943-cü ildə Əməkdar, 1964-cü ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Stalin mükafatı (2-ci dərəcəli, 1946), “Şərəf nişanı” ordeni (1946) ilə təltif olunmuşdur.
Dövlət Film Fondu
