Milli Məclisdə “Vətən Müharibəsi” ilə bağlı çəkiləcək filmlərin vergidən azad edilməsi təklif edilib

Qarabağın işğal olunduğu 30 il ərzində bu mövzuya müxtəlif formada müraciət olunub.Ədəbiyyat bir başqa, kino daha fərqli, rəssamlar isə sadəcə xaos xarakterli müharibə mövzusunu xarakterizə etməyə çalışdılar. Artıq Azərbaycan Qarabağ torpaqarında öz qələbəsini qazandı, torpaqlarımız mənfur düşmənin tapdağından xilas olundu, bir sözlə, hadisələr bir qədər öz axarına düşməyə başladı. Bu dəfə Vətən Müharibəsi mövzusu gündəmə gəldi. Yenə də bu mövzuya hər sahənin adamları özünəxas tərzdə baxmağa çalışacaq, ancaq nə olur olsun, baş verən hadisələrin obyektiv şəkildə təhlil olunmağa ehtiyacı var. Dövlət səviyyəsində də müharibə mövzusunda olan ədəbiyyata, filmlərə və s. mütləq diqqət, qayğı göstəriləcəyinə əminik.

Apa-nın məlumatına görə, Azərbaycan Respublikasının Milli Məclisinin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov təkliflə çıxış edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası, 44 günlük müharibənin nəticəsi uzun müddət davam edəcək və buna görə də təklif edirəm ki, bu səpkidə yazılan kitablar, çəkilən filmlər, ümumiyyətlə, oradakı igidlərin qəhrəmanlıqları ilə bağlı ortaya çıxarılan əsərlər də vergidən azad edilsin.

Daha sonra deputat əlavə edib ki, hər kəsin yazmaq hüququ var, ancaq bu müharibə ilə bağlı yazılanlar çox ciddi şəkildə araşdırılmalıdır: “Vaxtında Xocalı ilə bağlı bizə düzgün məlumatların verilməməsi ermənilərə şərait yaratdı. Onlar bu boşluqdan istifadə etdilər. Ona görə indi 44 günlük müharibə ilə bağlı yazılan əsərlərin yoxlanılması Milli Məclisdə yaradılan bir komissiya tərəfindən həyata keçirilə də bilər. Bunlar çox vacib məsələlərdir. Xaricə tərcümə edilən bu əsərlər sonradan bizim əleyhimizə yönəlməməlidir”.

29.12.2020