Sənətini qismətinə yazmışdı

Çox vaxt aktyorluq sənətinin uğurunu şansla əlaqələndirirlər. Amma sənət adamının qazandığı nailiyyətin bünövrəsində mütləq məsləyinə olan sevgisinin özəyi durur. Xalq artisti Nuriyyə Əhmədovanın kino obrazlarının təfsirində də peşəsinə olan böyük rəğbəti, sevgisi tərənnüm olunur. Bunu aktrisanın koloritli, maraqlı, baməzə rolları, sevgi ilə təqdim etdiyi ekran personajlarının işıqlı baxışlarının ifadəsi təlqin edir.

Aktrisa yaddaqalan yaradıcılığını həyat və sənət qovşağında formalaşdırıb, təkmilləşdirib desək yanılmarıq. Bəlkə də həyatda gördüyü çətinliklərdən, qarşılaşdığı qadağalardan nəticə çıxararaq sənətin fövqündə durmaqda daha çox fayda olduğunu anlayıb, bu çətin peşəyə sahib çıxıb.

Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə aktrisa haqqında məqaləsində yazır: “Nuriyyə xanımın tərbiyə aldığı ailədə çox qəribə bir qayda-qanun qoyulmuşdu. Atası evə televizor almırdı ki, uşaqların tərbiyəsi pozula bilər. Bu ailədə soyuducudan da istifadə olunmurdu. Əliağa kişinin fikrincə, soyuducunun insan səhhətinə mənfi təsiri var. Digər tərəfdən ana və nənəsi yeniyetmə qızın çalıb-oxumasına qadağa qoymuşdular. Hansı sənəti seçir seçsin, bircə artist, müğənni olmasın deyirdilər”.

Cəsarətli qərar

Çin filosofu, mütəfəkkiri Konfutsi “ağıl, mehribanlıq, cəsarət… bunlar insanın, dünyanın hər yerində qəbul edilmiş üç mənəvi dəyəridir” deyir.  Bu kimi sadalanan xüsusiyyətlərə malik olan Nuriyyə Əhmədova da ailəsindəki qadağalardan yeganə xilas yolunu məhz sevdiyi sənətinə sahiblənməkdə, istedad və bacarığını əməyi sayəsində üzə çıxarmaqda görür. Ailəsində və ətrafında gördüyü xarakterlərdəki həyat ifadələrini (təkəbbür, qadağa, mövhumatçılıq, köhnə adətlərə meyllilik və s.) yaradıcılığında göstərmək, qınaq obyektinə çevirmək üçün də cəsarətli qərarını verərək, sənətə doğru ilk addımlarını atır. Sənədlərini Asəf Zeynallı adına Musiqi Texnikumuna verir. Lakin 18 yaşına çatmadığına görə sənədlərini qəbul etmirlər. Bir gün bəstəkar Tofiq Bakıxanovla qarşılaşması isə onun Musiqili Komediya Teatrına gəlməsinə imkan yaradır. 1968-ci ildən etibarən bu teatrda çalışdığı on il ərzində Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Ofeliya Aslan və başqa sənətkarların sənət təcrübəsindən bəhrələnərək müxtəlif xarakterli, yaddaqalan obrazlar yaradır.

Sənət intuisiyadır, mənəvi gözəlliyin, zəngin dünyagörüşünün, işıqlı təfəkkürün vəhdəti, təzahürü, təntənəsidir. Ona nə məcburən sahiblənmək, nə də ondan qaçmaq olar. Nuriyyə Əhmədova da qəlbinin səsini dinləyərək üz tutduğu sənət ocağında topladığı təcrübənin, qazandığı nailiyyətlərin davamlı olması arzusu ilə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur (1970), Dram və kino aktyorluğu fakültəsində görkəmli rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda oxuyur. 1975-ci ildə ailə qurur. İki uşaq böyüdən ana eyni zamanda institutun Tədris teatrında çalışır. Fərqli və özünəməxsus yaradıcılığına görə rejissorların diqqətini çəkən aktrisa çox keçmir ki, bir sıra televiziya tamaşalarında maraqlı rollara imza atır. 

Xalq artisti, tanınmış televiziya rejissoru Ramiz Həsənoğlunun aktrisa ilə bağlı xatirələrindən: “Nuriyyə Əhmədova ilə ilk tanışlığım Tədris teatrında olmuşdu. O vaxt  teatra Vaqif İbrahimoğlu rəhbərlik edirdi. Nuriyyə xanım müxtəlif tamaşalarda oynayırdı. Onun üstün cəhəti onda idi ki, rol oynayanda əslində heç nə oynamırdı. Obrazı öz daxili aləmindən keçirirdi, ona xas olan halları obraza gətirirdi. Bununla da personaj yaranır, inandırıcı alınırdı. Onunla işləməyim yaxşı yadımdadır. Düşünürəm ki, hər bir rejissorun uğurunun səbəblərindən biri də düzgün aktyor seçimi etməkdir. Çox məmnunam ki, Nuriyyə xanım mənim çəkdiyim bir neçə film və tamaşada rol alıb. Mən həmişə onu çox böyük hörmət hissi ilə xatırlayıram”.

Kinoda tanınmaq

Nuriyyə Əhmədovanın yaradıcılıq filmoqrafiyasında 80-dən artıq film var. Bunların içərisində bədii filmlər, televiziya tamaşaları, həmçinin “Mozalan” satirik kinojurnalına çəkildiyi süjetlər də var. “Mozalan” kinojurnalının bir çox bədii süjetlərinə çəkilən aktrisa ekran hadisələri fonundakı həqiqətləri, süjetin ideyasını kiçikplanlı xarakterik rolların təfsirində belə göstərmək iqtidarına malik olduğunu bir daha təsdiqlədi.

1974-cü ildə “Qeyri-adi ov” filmində debüt rolunu (Tələbə qız) oynayan aktrisa 1983-cü ildən (“Evlənmək istəyirəm”də Qulluqçu) etibarən bədii kinoda ardıcıl olaraq çəkilməyə başladı. “Bağ mövsümü” filmində Xeyransa, “Yaramaz”da Zöhrə, “Sahilsiz gecə”də Roza, “Qəzəlxan”da Əzizə, “Bəxt üzüyü”ndə Məsmə, “Köpək” psixoloji dramında ana, “Həm ziyarət, həm ticarət”də Nuriyyə, “Fransız”da Zöhrə, “Yuxu”da Səriyyə, “Yoxlama”da Həlimə və başqa müxtəlif janrlı ekran əsərlərində irili-xırdalı orijinal rollar yaratdı. 

Sənət dostları, tərəf-müqabilləri aktrisanın obraza yanaşma tərzini, sənətə münasibətini xüsusi qeyd edirlər. “Köpək” filmində onunla tərəf-müqabil olan Xalq artisti Məmməd Səfa bəzi incə məqamlara toxundu: “Nuriyyə xanımı xatırlayanda ilk növbədə ağıla onun sənətkarlıqdan əvvəl maraqlı bir şəxsiyyət olması, yaşadığı çətinlikləri, yaradıcılığı, taleyi gəlir. Onun şəxsiyyəti, varlığı həmişə rollarından öndə dayanıb. Obrazları şəxsiyyətinə, üslubuna, xarakterinə söykənib. Çox əzabkeş qadın idi. Buna rəğmən içindəki böyüklüyünü quruyub saxlayırdı və rollarında, yaradıcılığında nümayiş etdirirdi. Həmişə hesab etmişəm ki, aktyorluq sənəti ilə məşğul olan hər bir kəs şəxsiyyət olmalıdır. O, şəxsiyyətli xanım idi. Azərbaycan mədəniyyətində, kinosunda məxsusi yeri olan aktrisalarımızdandır. Onunla 1994-cü ildə “Köpək” filmində çəkildik. Həyat yoldaşımı oynayırdı. Obrazı yaddaqalan işıqlı bir rol kimi təqdim etdi.  Özünəməxsus yaradıcılığına, oyun tərzinə görə də rol yadda qaldı. Tərəf-müqabil olmaq da qismətdi. Sevinirəm ki, bu filmdə bir yerdə oynadıq. 

Kinoda olmaq böyük şansdır. Nuriyyə xanım kinomuzda bəxti gətirən sənətkarlardandır. Rolları əksər hallarda kiçikplanlı, epizodik olsa da, kinoda çox çəkilən aktrisalardan idi. Onu bir sənətkar və xanım kimi böyük hörmətlə xatırlayıram və təəssüf edirəm ki, həyatdan tez getdi. O daha çox rollara çəkilə, maraqlı obrazlar yarada bilərdi”.

Bəli, həyatın qanununu pozmaq mümkün deyil. Amma kinonun, texniki nailiyyətin  nəticəsində Nuriyyə xanımın varlığını yoxluğunda, şəxsiyyətini sənətinin fövqündə xatırlayırıq. Aktrisanın xüsusi şövqlə yaratdığı ekran obrazlarının yarızarafat, yarıciddi   ifadələri xəfif təbəssüm fonunda tamaşaçını düşündürür, mövzuya müdaxilə prosesini təmin edir, özünüdərk, özünüidrak müstəvisində sənətin aliliyi bir daha təsdiqlənir, alqışlanır.  

“Yumor zarafat arxasında gizlənən ciddilikdir” deyirlər. Aktrisanın televiziya tamaşalarında yaratdığı obrazların (“Bala-başa bəla”da Zəhra, “Yaşıl eynəkli adam”da falçı yanına gedən qadın və s.) və ekran personajlarının (“Bəxt üzüyü”ndə Məsmə, “Yuxu”da Səriyyə və s.) ironik replikaları, məzəli jestləri, gülüş fonunda avamlığı, yalanı, xəbisliyi və digər mənfi xüsusiyyətləri belə nümunələrdəndir. Komik situasiyaları doğuran səbəbləri görüb qınamağımıza imkan yaradan obrazların şərhi, nəticə etibarilə  əsərin ideyasını başa düşməyimizə, müsbət qənaətə gəlməyimizə kömək edən publisist, maarifləndirici missiyanı yerinə yetirir.   

Qismətin çəkisi

Çətin və məsuliyyətli aktyorluq sənətini seçən Nuriyyə xanım alın yazısını bir qədər qəlizləşdirmiş, qismətinin çəkisini ağırlaşdırmışdı. Bu da danılmaz həqiqətdir ki, aktrisanın sənətə gəldiyi illərdə bir çox ailələr qızlarının bu sənətə sahiblənməsinə razı olmurdu. Bununla belə doğmalarının xeyir-duasını almadan bu sənətə gələnlərə sənət sevinci, tamaşaçı sevgisi bəs edirdi.

Zaman da, şəxsi həyatdakı çətinliklər də onları incidir, kövrəldir, dəyişir, yaşlandırırdı. Bununla belə, bu sənətdə daim diqqət mərkəzində olduqlarına görə də enişli-yoxuşlu həyat yollarında başlarını dik tutaraq taleləri ilə barışırmış kimi davranmağa vadar edirdi. İnsan xarakterlərini kəşf edən, hisslərini, düşüncələrini sənətkarlıq hünəri ilə peşəkarlıqla sənətində təcəssüm etdirən Nuriyyə xanım kimi sənətkarların qismət çəkisinin ağırlığına dözməyə isə səbəbi çox idi. Həyatın hər cür çətinliyinə, acısına rəğmən əyilməmək, sınmamaq, yoxluğunda belə unudulmamaq, hörmət və sevgi ilə xatırlanmaq…

Şəhla ƏMİRLİ
kinoşünas

29.12.2020