Avqustun 2-də YARAT Müasir İncəsənət Məkanının qarşısında, açıq havada Azərbaycan Kinosu Gününə həsr olunmuş “Kinosevərlər gecəsi” keçirildi. Tədbir Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə reallaşdı.
Tədbiri açıq elan edən Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov 2 avqust – Milli Kino Günü münasibətilə bu sahədə çalışan insanları təbrik etdi. Bildirdi ki, 123 yaşını qeyd edən Azərbaycan kinosu zəngin inkişaf yolu keçib: “Biz ənənəvi olaraq hər il Milli Kino Gününü təntənəli şəkildə qeyd edirik. Bu il əlamətdar günü fərqli təşkil etməyi, pandemiya şəraitində hər kəsin böyük ekran üçün darıxdığı bir vaxtda açıq havada, festival şəklində qeyd etməyə qərar verdik. Kinosevərlərə beynəlxalq festivallarda ölkəmizi uğurlu təmsil edən 2 tammetrajlı və 2 qısametrajlı film təqdim ediləcək. Bu filmlər ilk dəfə nümayiş olunur. Filmlər gənc rejissorlar tərəfindən lentə alınıb. Önəmli tərəfi odur ki, ekran əsərləri həm dövlət, həm də özəl sektor tərəfindən lentə alınıb. Dövlət və özəl sektorun əməkdaşlığından danışarkən YARAT İncəsənət Məkanının rəhbərliyinə bizə yaratdığı şəraitə görə təşəkkür edirəm”.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov tamaşaçıları Milli Kino Günü münasibətilə təbrik etdi. Bildirdi ki, tədbirə bu qədər insanın toplanması milli kinomuza olan marağın göstəricisidir. Bu il Azərbaycan kinosunun 123-cü ilinin tamam olduğunu deyən nazir qeyd etdi ki, kino ilk dəfə Fransada yarandıqdan cəmi 2 il sonra Azərbaycana gəlib. Bu, böyük bir nailiyyətdir. Buna görə Azərbaycan kinosu ilə fəxr etməliyik.
Anar Kərimov diqqətə çatdırdı ki, Azərbaycan kinosu zəngin ənənələrə malikdir və Mədəniyyət Nazirliyi olaraq məqsədimiz kino sənətini inkişaf etdirmək və bu ənənəni yaşatmaqdır: “Hazırda nazirlik kino ənənələrini daha da irəli aparmaq üçün müxtəlif layihələr həyata keçirir. Pandemiya dövrünə baxmayaraq, qısa müddət ərzində bir neçə layihə artıq reallaşdırılıb. Bu layihələrdən biri də “Böyük Qayıdış” film ssenariləri müsabiqəsi idi. Vətənpərvərlik ruhunun yüksəldilməsi və Qarabağımıza qayıdış məqsədli bu müsabiqə uğurla başa çatdı. Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Film Komissiyası yaradıldı. Hazırda Kino Agentliyinin yaradılması istiqamətində işlər həyata keçirilir. Qısaca olaraq demək istərdim ki, bütün bu fəaliyyətin əsas məqsədi Azərbaycanda zəngin ənənələrə malik olan kino sənayesinin daha da inkişaf etdirilməsinə nail olmaq və onu dünyada rəqabətli bir sənayeyə çevirməkdir.
Kino Gününü bu gün biz ənənəvi qaydada deyil, açıq havada keçirməyi qərara aldıq. Bu da daha çox tamaşaçının filmləri izləməsinə imkan yaradır. Bir daha Milli Kino Günü münasibətilə bu sahədə çalışan insanları təbrik edirəm. YARAT Müasir İncəsənət Məkanına bizə yaratdığı fürsətə görə təşəkkürümü bildirirəm.
YARAT Müasir İncəsənət Məkanının İctimai proqramlar departamentinin rəhbəri Ülviyyə Axundova Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıqdan məmnunluqlarını ifadə etdi və Kino Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırdı.
Sonra səhnəyə nümayiş olunacaq ilk filmin yaradıcı heyəti dəvət edildi. Rejissor Əli-Səttar Quliyev çəkdiyi “Olimpia” filmi barədə məlumat verdi. Qeyd etdi ki, filmin çəkilişlərinə ötən il başlanılıb. İlk olaraq filmin qısametrajlı bir formatda çəkilməsi nəzərdə tutulsa da, sonradan xronometrajı artırmaq qərara alınıb. Filmin “sountrack”ı isə tam olaraq müəllif musiqisidir.
Çıxışlardan sonra filmlər nümayiş olundu. “Olimpia” melodramı bir idmançının həyatından bəhs edir. Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayır, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edir və uzaq Kubada sona çatır. Moskva Olimpiadasının bürünc mükafatçısı olan İlqar Süleymanov uzun müddətdir peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit həyat sürür. O, yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və bununla həyatı tamamilə dəyişir…
“Daxildəki ada” filmi Azərbaycan-Fransa birgə istehsalıdır. 100 dəqiqəlik filmin rejissoru Rüfət Həsənovdur. Filmin süjeti Seymur Tahirbəyov adlı qrossmeysterin həyatı üzərində qurulub. O, karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə xəlvətcə yalnız bir nəfər sakini olan adaya yola düşür…
Teymur Hacıyevin “Axşama doğru” 12 dəqiqəlik filmi ölkəmizdə istehsal olunub. Film ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxan cütlükdən bəhs edir. Məişət məsələləri onları dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.
“Kinosevərlər gecəsi”nin son 20 dəqiqəsi “Quxuroba” filminə ayrılmışdı. Dram janrında çəkilən ekran əsəri ötən il ölkəmizdə lentə alınıb. Taksi sürücüsü Rasim müdirindən çox vacib bir tapşırıq alır: o, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır…
Qeyd edək ki, filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunurdu. “Kinosevərlər gecəsi” tamaşaçılar və paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılandı.