Əzizə Məmmədovanın dünyasını dəyişməsindən 60 il ötür

Zəngin ənənələrə, müqtədir sənət ustalarına malik olan Azərbaycan kinosunda ana rollarını ifa edən aktrisalarımızın yaradıcılığı xüsusilə diqqət çəkir. Milli kinomuzda ana rollarının mahir ifaçılarından biri də respublikanın əməkdar artisti, görkəmli teatr, kino aktrisası Əzizə Məmmədovadır. Unudulmaz aktrisanın dünyasını dəyişməsindən artıq  60 il ötür. İstedadlı sənət fədaisinin milli kinomuza verdiyi töhfələri xatırlayaq, xarakterik ekran obrazlarını bir daha yada salaq, xatirəsini əziz tutaq.  

Həssas qəlbli insanların ürəyi həmişə yaradıcılıq eşqi ilə çırpınır. Bu kimi narahat qəlbli insanlar əksər hallarda incəsənətə üz tutur, teatr və kinonu məbədgahı bilirlər. Həyata baxışını, insanlara olan münasibətini, üstün, fərqli düşüncələrini yaradıcılıqlarında əhatəli şəkildə şərh edən sənət müqtədirləri məhz bu mənada həyatın vacib nüanslarını, həyat məsələlərinin həllini sənətləri vasitəsilə təbliğ, təsvir edirlər.

Məhz elə söylənilən üstülüklərinə və sənətə olan sevgilərinə görə də sənətin  çətinliklərinə sinə gərir, ömürlərinin sonuna qədər seçdikləri peşəyə sadiq olurlar.

Uşaq yaşlarından sənət vurğunu olan Əzizə Məmmədova kimi…

Əzizə Məmmədova hələ kiçik yaşlarından musiqiyə həvəs göstərib, incəsənətə meylini salıb. Erkən yaşlarından qarmonda çalmağı öyrənən, ilk musiqi təhsilini atası Əbdübağı Zülalovdan alan Əzizə xanım bir müddət sonra Əbilov adına, sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olur. Sənət vurğunu olan gənc qız 1921-ci ildən Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında aktrisa kimi əmək fəaliyyətinə başlayır. Burada  səhnə sənətinin sirlərinə bələd olaraq, 1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alır. Müxtəlif səpkili tamaşalarda uğurlu rolların iştrakçısına çevrilərək tədricən kino rejissorlarının da diqqətini cəlb edir.  

Əzizə xanımın sənətə gəlməsi, dövrünün müasirlərinin həyatını tamaşalarda əks etdirməsi, həmçinin yeni-yeni milliləşməkdə olan filmlərdə çəkilməsi həm Azərbaycan teatr, kino sənətindəki azərbaycanlı kadrların artmasına kömək etməsi, həm də sənəti təbliğ etməsi demək idi.   

Aktrisanın kinoda debüt rolu “Hacı Qara” filmindəki Gülsüm obrazıdır. Bundan sonra o, “Sevil” kinodramında dayə obrazını canlandırıb. Filmdəki ekran personajı kiçikplanlı olsa da, Əzizə xanım sənət bilgisi və fərdi istedadı sayəsində rolu inandırıcı səviyyədə canlandırmağa nail olur. Personaj köməkçi rol olsa belə, əsərin mahiyyətinin tamaşaçıya çatdırılması üçün baş rol iştrakçılarına, tərəfmüqabillərinə dolğun stimul ötürə bilir. Bundan sonra  rolunda çıxış edən aktrisa 5 il sonra görkəmli kinorejissor Mikayıl Mikayılovun dəvəti ilə “İsmət” kinodramına dəvət alır.  Dövrünün real hadisələrinə istinad edən filmdə gender bərabərsizliyi, qadın hüquqsuzluğu ekran əsərinin əsas süjet xəttini təşkil edir. 

Sözügedən filmdə Səmədin anası obrazını canlandıran Əzizə xanım meşşan və zalım qadın surətini dolğun çalarlarla tənqid hədəfinə çevirməyi bacarır. Səmədin anası əzazildir, qəddar və hiyləgərdir. Oğlunun övlad sahibi ola bilməyəcəyini qəbul etməyən ana onun qüsurunu evləndiyi qadınların üzərinə atmaqdan, evinə gətirdiyi gəlinlərin haqqını tapdalamaqdan, onları aşağılamaqdan çəkinmir, aqressiv, kinayəli davranışı ilə birinci gəlinin ölümünə, ikincisinin isə evdən qaçmasına səbəb olur. Savadsızlıq və köhnəlmiş adət-ənənələrə meyilliliyin tüğyan etdiyi dövrdə (XIX əsrin sonu, XX əsrin əvvəlləri) cəmiyyətin bəlası olan faktların ifşası aktrisanın peşəkar və məqsədyönlü sənət taktikasında təcəssüm olunur, pislənilir, vizual hekayə səssiz mərhələdə belə tamaşaçılar tərəfindən maraqla qarşılanır.   

Azərbaycan səssiz kinosunda dövrünün reallığını, cəmiyyətin köləlik və avamlığını tənqid edən “Almaz” (rejissorlar Ağarza Quliyev, Qriqori Braginski) tammetrajlı kinodramında Telli obrazını canlandıran Əzizə xanımın ifası xüsusilə diqqət çəkir. Səmədin anası rolundan xarakter baxımından tamamilə fərqlənən Telli obrazının təfsirində hər bir dövr üçün gərəkli olan işıqlı insanların həyatın nicatı, yaxşıların dostu olduğu fikrini vurğulayır, təsdiqləyir.

Telli digər kənd sakinlərindən və qadınlardan fərqli olaraq onlara yeni iş yeri açan, övladlarının təhsili ilə məşğul olan Almaza kömək edir. Hətta toxucu qadınlar üçün məkan seçimi zamanı belə Almaza hücum edən qadınlarla savaşmaqdan çəkinmir. O, hər bir halda çətin sınaq qarşısında qalan Almaza kömək və dəstəyini əsirgəmir. Səssiz kinonun uğurlarından olan dəqiq mizanlanmış ifa və jestlər hadisələrin mahiyyət və məzmununu (tərəfmüqabilləri ilə birlikdə) tamamlayır, təsdiqləyir.

Azərbaycan kinosunun ilkin mərhələsində və inkişaf dövründə qadın və ana rollarının bacarıqlı ifaçısı kimi tanınan Əzizə Məmmədovanın kino yaradıcılığı müxtəlif dövrlərin hadisələrinin dolğun və inandırıcı çatdırılmasında mühüm rol oynayıb. Məhz buna görə də Əzizə xanımın kinoya gəlişini milli kinomuzun qazancı və tapıntısı da adlandırmaq olar. Bu mənada 20-yə yaxın filmdə, o cümlədən  “Dəcəl dəstə” filmində Yusufin anası, “Yeni horizont” kinodramında Fatma, “Vətən oğlu” bioqrafik müharibə filmində Kamalın anası, “Qara daşlar”da Nisə xala, “Səhər”də Səlminaz, “Görüş”də Əzizə, “Əsl dost”da  Şirəlinin arvadı və digər ekran surətləri aktrisanın fərdi yaradıcılıq üslubunda mənalıdır, baxımlıdır. Əzizə xanımın hadisələrə həssas münasibəti, mülayim davranışı, qəlbəyatımlı səs tembri ana obrazlarını sevdirməsinə səbəb olurdu.

Görkəmli kinorejissor Ağarza Quliyevin  Əbdürrəhman Minskinin ssenarisi əsasında ekranlaşdırdığı “Vətən oğlu” bioqrafik müharibə filmində Əzizə xanım Kamalın anası obrazını canlandırır. Filmin ilkin kadrlarından ön cəbhəyə paltarlar, yun corablar və digər geyim göndərməyə hazırlaşan, hər bir saniyə müharibədə olan oğlundan məktub gözləyən nigaran baxışlı ananın iztirablı, kədərli həyat durumu təqdim olunur. Əzizə xanımın simasında İkinci Dünya müharibəsində oğullarını cəbhəyə göndərən, gözü yollarda qalan nigaran anaların ağrı-acısı, təlaşı, kədəri emosional ştrixlərlə xarakterizə olunur, dövrünün çətin sınaqları qarşısında qalan acı taleli insanların yaşam tərzi göz önündə canlanır.   

Azərbaycan teatr və kino sənətinin öncüllərindən olan Əzizə Məmmədovanın bu və ya digər ekran obrazlarının milli kinomuza verdiyi töhfələri haqqında uzun-uzadı danışmaq olar. Ən önəmlisi odur ki, aktrisa lazımi zamanda kinoda canlandırdığı rollarını böyük sevgi və məsuliyyət hissi ilə tamaşaçılara çatdırıb. Peşə borcunu məsuliyyətlə yerinə yetirməklə sevərək seçdiyi sənətinin keşiyində layiqincə durub.

Dövlət Film Fondu