Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, avqustun 31-də Naxçıvan Dövlət Film Fondu Naxçıvan şəhərindəki “Əyləncə adası” İstirahət Parkında açıq havada “Onu bağışlamaq olarmı?” bədii filminin nümayişini təşkil etmişdir.
Bu filmdə cinayət axtarışı əməkdaşlarının, ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. Süjetin əsasında uşaq vaxtı qatı cinayətkarın təsiri altına düşmüş, oğrulara qoşulmuş gənc Tərlanın və onun “iş başında” qarşılaşdığı şahidi aradan götürmək istəyəndə şikəst etdiyi gənc qızın taleyindən bəhs edilir. Qatı cinayətkarın təsiri altına düşmüş gənci xilas etmək üçün milis-mayou müxtəlif fəndlərə əl atır. Cinayət başında yaxalanan gənc istintaqın humanist üsulu nəticəsində öz günahlarını etiraf edir, yenidən ətrafındakı adamların etibarını qazanır və cəmiyyətdə öz yerini tapır.
1959-cu ildə ekranlaşdırılan bu filmin rejissoru Rza Təhmasib, ssenari müəllifi Məmmədhüseyn Təhmasib, operatoru isə Teyyub Axundovdur.