Rusiya Kino Gününə həsr olunmuş tədbir keçirilib

27 avqust 2021-ci il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Rusiya Kino Gününə həsr olunmuş tədbir keçirildi.

Xatırladaq ki, Rusiya kinosu günü 27 avqust 1919-cu ildə kinematoqrafiyanın milliləşdirilməsi haqqında dekretə əsasən qeyd olunur.

Kino Evində təşkil olunan tədbir Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (“Rossotrudniçestvo”) ilə birlikdə keçirilib.

Tədbiri açıq elan edən aparıcı, gənc rejissor Vəfa Məmmədova AKİ katibi, Kino Məktəbinin rəhbəri, rejissor Oleq Səfərəliyevi tamaşaçılara təqdim etdi.

Tədbirdə Oleq Səfərəliyevin yaradıcılığından söz açıldı və Rusiyada çəkdiyi filmlərdən (“Birbaşa yayım”, “Savva Morozov”, “Növbətçi mələk”) kadrlar nümayiş olundu.

Sonda rejissorun 2010-cu ildə çəkdiyi “Qorxu mağarası” (2010-cu il) tammetrajlı bədii filmi tamaşaçılara təqdim olundu. Filmin süjet xətti, əsasən, ailə münasibətlərinin qorunub saxlanılmasının vacibliyindən bəhs edir.

Filmdə Rusiyanın tanınmış aktyorları – Viktoriya Tolstoqanova, Sergey Qorobçenko, Nina Ruslanova və başqaları çəkilib.

Tədbirdə Rusiyanın Azərbaycandakı Səfirliyinin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin məsul işçiləri, Mərkəzin rəhbəri İrek Xayrullin və başqaları iştirak etdilər.