Tamilla Ağamirova. Bu adı eşidəndə göz önündə ilk növbədə yaradıcılığı, istedadı ilə diqqət çəkən, maraqlı və məzmunlu ekran obrazlarına görə sevilən məxsusi gözəlliyə malik peşəkar aktrisa yada düşür.
Taleyinə yazılan 93 illik ömür payının sonuncu yayında (31.08.2021) dünyasını dəyişən görkəmli sənətkarın əziz xatirəsini kino fəaliyyəti fonunda sevərək xatırlayacaq, ehtramla yad edəcəyik.
Həyatının nə az, nə çox 70 ilini sənətə həsr edən Tamilla Ağamirovanın bəxti onda gətirir ki, aktrisanın yaradıcılıq taleyinə teatrla yanaşı kinoda çəkilmək də yazılır. Belə ki, istedadlı xanım 1957-ci ildə Qriqori Kozinsevin “Don Kixot” filmində qrafinya Altisidora roluna çəkilir. Sözügedən obrazla məşhurlaşan aktrisa sonrakı illərdə bir-birinin ardınca Azərbaycan kinosunda yaddaqalan ekran obrazları yaradır.
Azərbaycanın görkəmli kino rejissorlarından Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Əjdər İbrahimov və Kamil Rüstəmbəyov çəkdikləri müxtəlif janrlı ekran əsərlərində aktrisaya baş rol həvalə etməklə onun böyük, geniş potensiala malik olduğunu sübut etdilər.
Aktrisanın istedad və bacarığını təsdiqləyən ekran obrazlarından Səmayə (“Onun böyük ürəyi”), Bilqeyis (“Əsl dost”), Cüzeppa (“Matteo Falkone”), Alagöz (“Koroğlu”), Mariya (“Zəncirlənmiş adam”), Xavər (“Yenilməz batalyon”) obrazları kinosevərlərin sevərək xatırladığı ekran personajlarıdır. Xarakterik kino rollarının təfsirində kinoda mühüm nailiyyətlər əldə edən, yaradıcı sənətkar kimi məşhurlaşan aktrisa ona həvalə olunan hər bir rolun daxili dünyasına sirayət edib, dramatik ekran əsərlərində münasibətlərin kəskinləşməsinin, düyünlərin mürəkkəbləşməsinin səbəblərini, gərgin vəziyyətlərin məzmununu orijinal ştrixlərlə göstərməyə nail olub.
Ədəbi əsərlərin vizual şərhini tamlıqla təmin edən aktrisanın fərdi yaradıcılıq üslubu, orijinal dəst-xətti çəkildiyi ekran əsərlərinin nailiyyətinə bilavasitə təsir göstərib.
Əjdər İbrahimovun iri metallurgiya və kimya mərkəzi olan Sumqayıtın inşaatçılarına həsr etdiyi “Onun böyük ürəyi” filmindəki Səmayə obrazı İkinci Dünya müharibəsi illərində, həmçinin müharibədən sonrakı vaxtlarda Azərbaycan qadınının əzmkar, mərd, cəfakeş xüsusiyyətlərini təsvir edir. Rolun xarakterik və çoxplanlı (tələbkar, ciddi, qayğıkeş) xüsusiyyəti, çoxillik səhnə təcrübəsinə malik aktrisanın yaradıcılığında dəqiqliklə cilalanır. İddialı və mübariz cəhətli qadın obrazının təfsirində personajın hadisələrə münasibəti açıqlanır, digər obrazların fərdi cəhətləri, həyat mövqeləri şərh olunur.
Mürəkkəb həyat hadisələri bir çox hallarda kinoda psixoloji dramlarda şərh olunur. “Əsl dost” sosial-psixoloji dramında da uşaqlıq dostu olan Fərmanla Əsədin həyat hekayəsindən bəhs edilir. Filmdəki hadisələrin kəskinləşməsinə səbəb yaradan mürəkkəb xüsusiyyətli personajlardan biri də Bilqeyisdir. “Mən həmişə ürəyimin yox, ağlımın səsinə qulaq asıram” fikri ilə yaşayan Bilqeyisin səhv qərarları, bəzənsə çılğınlığı, qısqanclığı xoşbəxtliyini itirməsinə səbəb olur. Daim şan-şöhrət, var-dövlət sahibi olmaq arzusu ilə yaşayan Bilqeyis cılız düşüncə və mənəviyyatına qurban gedir, həyatın sınaqlarından çıxa bilmir. İstedadla zəhməti hesabına sənətini milyonlara sevdirən aktrisanın bütün ekran personajları göründüyü kimi tədqiqat obyektidir.
Tamilla Ağamirovanın sənət bilgisinin təzahürü olan zəngin yaradıcılıq metodu rolların fərdi xüsusiyyətlərinin açılmasına, hadisələrin məzmununun çatdırılmasına imkan yaradıb. Aktrisanın bu və ya digər rolları ekran hadisələrinin inandırıcı, baxımlı olmasına, filmlərin uğurlu alınmasına hesablanıb. Bənzərsiz traktovkada müxtəlif həyat həqiqətlərini səciyyələndirən aktrisa bütün ekran personajlarının fonunda sənətin həyat üçün vacib olduğunu dəfələrlə vurğulayıb, ziyalı, istedadlı sənətkar mövqeyinin cəmiyyət üçün nə dərəcədə vacib, gərəkli olduğunu göstərməyə nail olub.
Yaradıcılığı fonunda şəxsiyyəti hörmətlə xatırlanan, RSFSR xalq, Azərbaycanın əməkdar artisti, bir sıra orden və mükafatlar laureatı olan Tamilla Ağamirovanın xatirəsi bu mənada əzizdir, unudulmazdır. Allah ona rəhmət eləsin.
Dövlət Film Fondu