Fazil Salayev – 90

Fazil Salayev haqqında “az yazılıb, az danışılıb” sözləri işlənsə də, yazılan çox sayda məqalələr, hazırlanan verilişlər istedad sahibinin yaradıcılığının sevilməsindən, gənc nəsillərin də diqqətində olmasından xəbər verir. Kino fəaliyyətində bənzərsiz yaradıcılıq nümayiş etdirən aktyorun  bioqrafiyasına anadan olmasının 90 illiyi ərəfəsində nəzər salaraq əziz xatirəsini ehtiramla yad edirik.   

Fazil Salayev Azərbaycan kinosunda yumor və satiranın rəngarəng boyaları ilə işləyən, vəziyyətdən yaranan, gülüş doğuran situasiyaları komediya səviyyəsində tamaşaçıya çatdıran, bununla da komik janrın idrak gücünü, ciddiliyini təsdiqləyən aktyorlarımızdandır. Onun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-a yaxın (“Mozalan” satirik kinojurnalındakı süjetlər daxil olmaqla) filmdə yaratdığı maraqlı və yaddaqalan rolları bunu bir daha sübut edir.

Geniş yaradıcılıq imkanlarına, maraqlı səhnə plastikasına malik aktyorun sənət yönümü tragikomik istiqamətdə inkişaf edib. Bəlkə də bu seçim obrazların təfsirində, aktyorun rola olan münasibətindən, biixtiyar yaranıb. Personajların xarakterinin dolğun və yaşarı təqdimatına görə də orijinal və yaddaqalımlı alınıb. Aktyorun teatr fəaliyyətindəki yaradıcılıq üçün zəruri xüsusiyyətlərini görən Həsən Seyidbəyli xarakterik simaya malik aktyoru 1963-cü ildə quruluş verdiyi “Möcüzələr adası” filminə dəvət edib. Kino obrazların ardıcıllığı da məhz bu filmdən sonra başlayıb.  

Fazil Salayevin kiçikplanlı rollarının hafizələrə yazılmasının əsas səbəblərindən biri də rolun daxili mənini duyub göstərməsindən əlavə tərəf müqabilinin ifasını həssaslıqla hiss edib, onun davranış və xüsusiyyətinə cavab olaraq oyun nümayiş etdirməsində idi. Nəticədə isə rola və filmin atmosferinə uyğun düzgün mizanladığı personajlar inandırıcı alınır, kadrlardakı düşünülmüş həyat hekayələri real təsir bağışlayırdı.

Aktyorun “Möcüzələr adası” filmində rola uyğun təqdim etdiyi maraqlı və bənzərsiz jestlər obrazın xarakterinin açılmasına, tanıdılmasına səbəb olub. Filmdə aktyorun öz adı ilə canlandırdığı obrazın (Fazilin) tənbəl, haradasa yalançı, baməzə xüsusiyyəti personajın dəqiq həyat mövqeyi olmadığından xəbər verir. Obrazın dialoq və monoloqlarını, jest və hərəkətlərini izlədikcə də həyat tərzinin mahiyyəti, sonrakı yaşamı haqqında narahatlıq hissi keçirirsən. Vəziyyətdən yaranan gülməli situasiyalar vasitəsilə filmdəki paradoksal prinsiplərin məzmunu açılır, peşəkar rejissor traktovkasında, məharətli aktyor ifasında sadə priyomlarla həyatın daha dərin qatlarına nüfuz edilir, qəribə və fərqli münasibətlər fonunda düşündürücü həssas nüanslar qabardılır.

“Möcüzələr adası” filmindən sonra istedadlı aktyor “Ulduz” kinokomediyasında müxbir, “Sən niyə susursan”da Ramazan, “Bir cənub şəhərində” filmində məhəllə sakini, “Şərikli çörək” kinodramında Məhəmməd, “Bizim Cəbiş müəllim”də Mıqqı, “Axırıncı aşırım”da Rəşid, “Ömrün səhifələri” kinoalmanaxına daxil olan “Rəqiblər” novellasında Fazil, “Alma almaya bənzər”də Mehdi, “Dərviş Parisi partladır”da Qulaməli, “Ürək, ürək”də usta, “Şir evdən getdi” filmində İbrahim və bir sıra “Mozalan” satirik kinojurnalında maraqlı, koloritli rollar yaradıb.   

Müxtəlif janrlı filmlərdən də görünür ki, hər bir rol aktyordan fərqli yaradıcılıq, yeni axtarışlar tələb edib. Güclü intuisiya və səhnə plastikasına əsasən ekran obrazlarını yaddaşlara yazan aktyorun uğurlu yaradıcılığı onu bir daha sübut edir ki, Fazil Salayev hər növ janr və üsluba uyğun yaradıcılıq nümayiş etdirməyi bacaran sənətkar idi. Kamera qarşısındakı personajlara uyğunlaşdırdığı  jest və hərəkətlərinin dolğunluğu isə sənət texnikasını bilməsindən, dəqiq müşahidə qabiliyyətinin zənginliyindən irəli gəlirdi.

Korifey kino rejissorlarımızdan Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Kamil Rüstəmbəyov, Arif Babayev və digərləri böyük məmnuniyyətlə Fazil Salayevin yaradıcılığına təkrar-təkrar müraciət edirdilər. Çünki yaxşı bilirdilər ki, kiçik rolun mahiyyətini təsdiqləmək, rejissor ideyasını azhəcmli rolda belə cilalamaq mürəkkəb olduğu qədər də maraqlı jestlər sahibinin yaradıcılıq prinsipidir. Buna görə də filmlərindəki  kiçik planlı rolları böyük məmnuniyyətlə xarakterlər ustasına həvalə edirdilər.

“Dərviş Parisi partladır” filmini yada salaq. İlk baxışda avam və fərsiz görünən Qulaməli əslində hiyləgər və fırıldaqçıdır. O, dərvişin əmrlərinə can-başla tabe olaraq insanların sadəlövhlüyündən istifadə edir, təmkinlə, bacarıqla onları aldadır.

Filmin finalında Qulaməlinin susqun və nigaran halda öz “məharətinin” nəticəsini gözlədiyini görürük. Qulluqçu Sənəmə (akt. S. İbrahimova) dərvişin göstərdiyi mərəkənin mahiyyətini anladan Qulaməlinin baxışlarında inamsızlıqla yanaşı, narahatlıq da var. Yanğından (partlayışdan) sonra isə tökülmüş üst-başına əhəmiyyət verməyən Qulaməli hətta dərvişin ona təlaşla dediyi “ay axmaq, bu qədər də barıt qoymaq olar…” sözünə də biganə reaksiya verərək saya salmır. Çünki ətrafdakılar üçün təhlükə yaradan “bacarığı” onun məmnunluqla izlədiyi “qələbəsidir”, “əməyinin bəhrəsidir”.   

Fazil Salayevin əminliklə mizan verdiyi, səmimiyyətinə və reallığına inandırdığı rolların məzmunu filmlərin süjetinin məna dəyərini artırır və tamamlayır. Rolun psixologiyasının, tanıtım xəttinin hansı vacib nöqtədən vurğulanmalı olduğunu dəqiq çatdıran aktyorun mənalı baxışı, orijinal, koloritli jestləri tamaşaçı fkrini doğru səmtə yönəldir, çəkildiyi kadrlar düşüncə mənbəyinə çevrilir. Elə buna görə də forma və məzmunundan asılı olmayaraq, bütün rollarını hafizələrə yazan sənətkarın ölməz sənəti fonunda şəxsiyyəti hörmətlə yad edilir, əziz xatirəsi sevgi hissi ilə anılır.   

Dövlət Film Fondu