Yaşar Nuri – 70

Kinonu tarixin salnaməsi və müxtəlif zamanların inikası kimi qəbul edirik. Bu salnamədə iz qoyan sənət xadimləri isə yaradıcılıqlarını təsdiqləyib, yaddaşlarda iz qoyduqlarına görə unudulmazdırlar, əzizdirlər.

Sənət onu sevib yaşadanları, zəhməti, istedadı sayəsində yüksək səviyyədə tanıdanları sevdirir, qəlblərdə yaşadır. Respublikanın xalq artisti, görkəmli teatr, kino aktyoru Yaşar Nuri də ömrü boyu sadiq qaldığı məsləyini milyonlara sevdirməyə, yaddaşlara həkk etməyə nail oldu, yaradıcılığı vasitəsilə həyat üçün vacib olan maarifçilik ideyalarının tərəqqisində mühüm rol oynadı. Unudulmaz sənətkarın 70 illik yubileyi ərəfəsində (03.09.1951) ömür yoluna bir daha nəzər salacaq, kino yaradıcılığını xatırlayacağıq.      

Məsləyi alın yazısı olan gələcəyin tanınmış sənətkarı səhnəyə ilk dəfə 11 yaşında çıxıb. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindir?”  (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxış edib. Orta məktəbdə təhsil alarkən dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından biri kimi tanınıb. Bundan başqa  “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinin fəalı olub, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib. Göründüyü kimi, uşaq yaşlarından sənət mühitində formalaşan, bilik və potensialını sevdiyi məsləyinə həsr edən aktyor üçün sənətdə tanınmaq, məşhurlaşmaq, geniş tamaşaçı auditoriyasının diqqətini cəlb etmək bu mənada çətin olmayıb.  

Görkəmli sənətkar, xarakterik rollar ifaçısı Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açan, canı-qanı ilə sənətə bağlı olan Yaşar Nuri teatr fəaliyyətinin ilkin mərhələsində görkəmli sənətkarlar Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu ilə birgə səhnəyə çıxıb, tərəf-müqabillərinin sənət bilgisindən bəhrələnib.

Çoxşaxəli yaradıcılığa malik olan sənətkar teatrla yanaşı televiziya tamaşalarında və kinoda fərdi dəsti-xəttini təsdiqləməyə, tamaşaçıların rəğbətini təkrar-təkrar qazanmağa müvəffəq olub.

İstedad və bacarığına görə kinorejissorların diqqətini çəkən gənc aktyor görkəmli kinorejissor Şamil Mahmudbəyovun quruluş verdiyi “Dörd bazar günü” televiziya filmində (1975) debüt (Seyran) rolunu oynayıb. Bundan sonra isə “Mezozoy əhvalatı” filmində Rauf obrazını canlandırıb.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan müxtəlif janrlı filmlərdə yaradıcılıq üslubunu təsdiqləyən Yaşar Nuri sənətdə sayılıb-seçilən aktyor kimi bir-birinin ardınca 50-də artıq filmdə, o cümlədən “Şir evdən getdi” macəra filmində Səməd, “Bayquş gələndə” filmində həkim, “Od içində”də Əjdər, “Yol əhvalatı” kinokomediyasında Makintoş, “Üzeyir ömrü” bioqrafik-musiqili filmində bəstəkar Zülfüqar Hacıbəyov, “Əzablı yollar” musiqili nağıl-macəra filmində kiçik Div, “Tənha narın nağılı” kinodramında Qubad  və başqa xarakterik rollar yaradıb.

Yumorun mahiyyətini dərindən bilən, məna və məzmunu ekran personajlarının təfsirində göstərən, rəftar və münasibətlərində ciddi təqdimatı əsas götürən, yumorun koloritini artıran, gülüş doğuran nüansları xarakterlərin təbiətinə uyğun şəkildə tənqid edən sənətkar fərqli kino personajlarını yaradıcılıq həyatının əsas hədəfinə çevirib.

Realist yaradıcılıq üslubuna malik sənətkar bir sıra tragikomik rollarının təfsirində vəziyyət komediyası yaradaraq gülüş doğuracaq hadisələrdəki komizmi janrın təbiətinə uyğun şəkildə, qrotesk boylarla çatdırmağa nail olub. “Bəyin oğurlanması” kinokomdiyasında İsrafil, “Cin mikrorayonda”  fantastik filmində Azər, “Lətifə” filmində Məmməd, “O dünyadan salam”  faciəvi komediyasında Məşədi Oruc, “Nə gözəldir bu dünya” sosial dramında Asim Əliyeviç, “Yaramaz”da Maşallah, “Hər şey yaxşılığa doğru”da Əbdülqəni, “Fransız”da  ata və digər personajlar fərqli və rəngarəng çalarda təqdim olunan orijinal ekran personajlarıdır.

Musiqili Komediya Teatrı və Akademik Milli Dram Teatrında müxtəlif obrazlar oynayan Yaşar Nuri yaradıcılıq potensialını günü-gündən genişləndirərək müxtəlif janrlı ekran əsərlərindəki xarakterik rollarını fərqli çalarlarla təqdim edərək filmlərdəki dramatik  məqamları diqqətdə saxlamağı məslək borcuna çevirir. Belə ki, “Xüsusi vəziyyət” filmində yaratdığı Samson, “İşarəni dənizdən gözləyin” filmindəki kapitan, “Qəm pəncərəsi” bioqrafik-faciəvi komediyasındakı  Kərbəlayı Cəfər, “Şeytan göz qabağında” kinodramındakı Nazimzadə, “Yay gününün xəzan yarpaqları”nda Rizvan, “Zirzəmi” filmində mağaza müdiri, “Qəzəlxan” dramında oynadığı müdir, “Mənim ağ şəhərim” dramındakı Mirzəbala, “Yuxu” kinokomediyasında  Xəlil və digər rolları ilə  müxtəlif həyat hekayələrindəki personajların münasibətini öz dövrlərinin çıxışçısı, hadisələrin bələdçisi kimi təqdim edir. Məhz bu mənada bütün dövrlər üçün aktual, baxımlı sənət nümayiş etdirən sənətkarın məntiqli, məzmunlu yaradıcılığı işıqlı həyat günəşidir, mənəvi yüksəkliyi təbliğ edən tərəqqipərvər mövqeyi fərdi yaradıcılığının fonunda mənəvi dirçəlişin təkanıdır. Məhz bu mənada səmərəli yaradıcılıq fəaliyyəti qəlblərdə kök salan unudulmaz sənətkar Yaşar Nuri sənəti unudulmazdır, ölməzdir. Allah ona rəhmət eləsin.   

Dövlət Film Fondu