Yaşar Nurinin məzarı ziyarət olunub

Sentyabrın 6-da Mədəniyyət Nazirliyinin kollektivi, tanınmış incəsənət nümayəndələri Xalq artisti Yaşar Nurinin məzarını ziyarət ediblər.

Xalq artisti Hacı İsmayılov unudulmaz sənətkarın həyat və yaradıcılığından danışıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açılıb. “Biz Yaşar Nuri ilə teatrda birgə tamaşalarda çıxış etmişik. Biz onunla dost idik. Hamı onunla dostluq etmək istəyirdi”, – deyə H. İsmayılov vurğulayıb.

Bildirib ki, mərhumun həyat yoldaşı Rəhimə xanım, onun xəstə vaxtlarında ananın körpəsinə göstərdiyi qayğını yoldaşına göstərib. O, qeyd edib ki, görkəmli sənətkarın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq və mədəniyyətimiz var olduqca, Yaşar Nuri də hər zaman yad ediləcək.

Tanınmış aktyor, Xalq artisti Rafiq Əzimov deyib: “Yaşar Nuri teatr və kino sahəsində özünü peşəkar aktyor kimi təsdiqləyib. O, macar bəstəkarı İmre Kalmanın “Silva” əsərini elə məharətlə oynayıb ki, heç kim onu səhnədə təkrar edə bilməz”.

Yaşar Nuri ilə tez-tez səhnəni bölüşən Əməkdar artist Əli Nur onunla bağlı xatirələrindən söz açıb. Tələbəlik vaxtlarını xatırlayan Ə. Nur bildirib ki, Yaşar Nuri bəxti gətirən bir insan olub. O, hələ tələbə və müəllimlər arasında sevilib sonradan bütün xalqın sevincini qazanıb. Allah-təala ona peşəkar və yaddaqalan aktyor olmaq üçün bütün keyfiyyətləri bəxş edib.

Mərhumun həyat yoldaşı Rəhimə xanım Yaşar Nurinin xatirəsinə göstərilən ehtirama görə təşəkkür edib.