İncəsənət həyat hadisələrinin tənzimləyicisidir. Sənəti isə qəlbi, ruhu yaradıcılıq eşqi ilə döyünən, dünyanı sənətin fövqündə gözəlləşdirən insanlar ucaldıb, aliləşdirib, cəmiyyətə sevdirib.
Dünya şöhrətli fransız teatr, kino aktyoru Jan-Pol Belmondo da 20 yaşından sevib-seçdiyi sənətində daim peşəkarlıq nümayiş etdirdi, xarakterik rolları fonunda da milyonların diqqət və rəğbətini qazandı.
İlk dəfə “Molyer” filmində debüt rolunu oynayan aktyor, sonrakı yaradıcılığında daha çox ərköyün, çılğın, oğru, həmçinin məzlumların yanında olan, haqqı tapdanan köməksiz insanlara dəstək göstərən mərd xüsusiyyətli, yumor hissinə malik cinayətkar rollarında çəkildi.
Çılğın xarakterə malik sənətsevər aktyora uğur gətirən səbəblərindən biri də ekran personajlarını səmimi və özünəməxsus cizgilərlə təqdim etməsi idi. Zəngin yaradıcılıq plastikasına, koloritli ifa manerasına malik sənətkar bu mənada rol aldığı bütün filmlərə uğur qazandırırdı.
Heç də təsadüfi deyil ki, dünya şöhrətli kinorejissor Jan-Lük Qodar tammetrajlı kinoda debüt filmi olan “Son nəfəsdə” filmində baş rolu Belmondoya həvalə edir. Mişel Puakkar obrazı 26 yaşlı gənc aktyora dünya şöhrəti qazandırır. Digər filmlərdə yaratdığı xarakterik rollar, həmçinin, məşhur fransız kino rejissoru Klod Şabrolun çəkdiyi “Açarın ikiqat dövrəsi” filmində Laslo Kovaç və “Kartuş” macəra filmindəki Kartuş rolu aktyora daha çox şöhrət qazandırır. Ekran rollarının təfsirində dinamik plastikasını, kamera qarşısında olan sərbəst davranışını, müxtəlif dövrlərə aid dəqiq mizanladığı xarakterik quruluşları fonunda aktyor tamaşaçıların diqqətini bir daha cəlb edir.
Məşhur fransız aktyorlarından Marsel Dalio, Noel Rokver (Benevan), Jan Roşfor, aktrisa Odil Versua və digər məşhurların rol aldığı tarixi-macəra dramında Jan-Pol Belmondo yaradıcılığında mühüm yer tutan xalq qəhrəmanı (Kartuş) obrazını yaradır. Bu rol xarakterlər aktyorunu daha çox romantik üslubda yaradıcılıq imkanını təsdiqləyən sənətkar kimi tanıdır.
Ümumiyyətlə romantik və realist sənət istiqamətində yaradıcılığını davam etdirən Belmondo üçün janr müxtəlifliyinin və yaxud məzmun fərqliliyinin fərqli yox idi. Bu kimi xüsusiyyətlərinə, sənət biliciliyinə görə də hər bir ekran obrazı ilə tamaşaçı sevgisini, rejissorların diqqətini qazanmağı bacarırdı. Məşhur kino rejissorlarının sevgisini qazanan aktyor bu mənada ömrünün sonuna qədər kino obrazlarını tamaşaçılara təqdim etmək şansı əldə etdi.
Aktyorluq sənəti ilə idmançı peşəsi arasında seçim etmək məcburiyyətində qalan, daha çox sənətə meyillənən və doğru qərarı sayəsində də sənətdə məşhurlaşan aktyorun kriminal dramlarda çəkilməsi bilavasitə onun dinamik plastikasının olması ilə əlaqədardır. Bəlkə də idmançı olmaq, bu peşəyə yiyələnmək istəyi, idmanla bir müddət məşğul olması onun çılğın xarakterli personajlarının inandırıcı, real alınmasına təkan verirdi. Bu mənada aktyorun kinorejissor Jorj Lotnerin 1981-ci ildə çəkdiyi və dünya şöhrəti qazanan “Peşəkar” filmindəki mayor Josslen rolu aktyor yaradıcılığına uğur qatan obraz kimi yadda qalıb.
Bundan başqa Belmondonun müxtəlif janrlı ekran əsərlərində, eləcə də, “Yalançılar”, “Çoçara”, “Peşəkar”, “Fransız qadın və məhəbbət”, “Ağılsız Pyero”, “Şəxsi xəfiyyə”, “Bədheybət” və digər filmərdəki koloritli rolları onun istedad və bacarığını, fərqli yaradıcılıq taktikasını, kinonun inikas olduğunu sübut edən personajlardır. Aktyorun sənətə böyük ehtiramı, tamaşaçılara ürək sözü, həyata olan baxışı, ziyalı mövqeyi məhz yaradıcılığını püxtələşmiş formada, realist üslubda təqdim etməsinə imkan yaradırdı.
Ömrü boyu sənətinə sadiq qalan, müxtəlif janrlı ekran əsərlərində aktyor, prodüser kimi çalışan Jan-Pol Belmondunun yaradıcılıq eşqi ilə döyünən ürəyi sentyabr ayının 6-da dayandı. Kinosevərlərin sənətinə, şəxsiyyətinə pərəstiş etdiyi daha bir sənət incisinin parıltısı söndü. Sənətin fövqündə həyatın vacib məsələlərinin həlli istiqamətində müəllif yaradıcılıını cəmiyyətə ərmağan edən sənət fədaisinə Allahdan rəhmət diləyir, ölməz sənətini, unudulmaz xatirəsini böyük ehtramla yad edirik.
Dövlət Film Fondu