Emin Sabitoğlunun doğum günüdür

Bütün dövrlərin sevimli sənət növü olan kinematoqrafı bizə sevdirənlər içərisində kino bəstəkarlarının rolu əvəzsizdir. Milli kinomuza uğur gətirən mühüm amillərdən biri də mövzuların ruhuna, məzmununa uyğun bəstələnən musiqilərdir. Görkəmli bəstəkar, Respublikanın xalq artisti, Dövlət Mükafatı laureatı Emin Sabitoğlunun kino musiqiləri də Azərbaycan kino sənətinə uğur gətirib, filmlərimizin ölkədən kənarda belə sevilməsinə səbəb olub. Noyabrın 2-si unudulmaz bəstəkarın anadan olmasının 84-cü (02.11.1937-18.11.2000) ildönümüdür. Nümunəvi yaradıcılığa malik, könül nəğmələrinin ustadını dərin ehtiramla yad edir, həyat və yaradıcılıq yoluna qısa nəzər salırıq.

Kino musiqisi bəstəkarlarımızın yaradıcılığında əsas yer tutur. Dahi Azərbaycan bəstəkarı Qara Qarayev deyərdi ki, mən kinoda çalışmayan müasir bəstəkar təsəvvür etmirəm. Çünki kino öz xarakterinə görə böyük müasir bəstəkarlıq məktəbidir. Bu mənada Azərbaycanın görkəmli bəstəkarlarından Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov, Emin Sabitoğlu və digərlərinin kino musiqiləri filmlərin ideya-məzmununun dolğunluğuna, ekran obrazlarının ifadəli, emosional təsvirinə böyük təsir göstərib. Milli kinomuzun inkişafında xüsusi xidmətləri olan, filmlərə yazdığı (əsasən) poetik-romantik musiqi əsərlərinə görə çoxsaylı tamaşaçı rəğbəti qazanan Emin Sabitoğlu da sevilən, mahnıları dillər əzbəri olan bəstəkarlarımızdandır.

Qəlbəyatımlı musiqiləri ilə milyonların rəğbətini qazanan ustad sənətkar 1937-ci il noyabrın 2-də Azərbaycanın məşhur komedioqrafı, yazıçı, dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyli  adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb (1954). Oranı bitirdikdən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib (1956-1961). 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb, bir sıra filmlərə musiqi yazıb. Sonralar Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər vəzifəsində çalışıb, konservatoriyada dərs deyib. Ömrünün son illərində Türkiyədə yaşayıb-yaradıb. İstanbul Texniki Universitetinin Türk Musiqi Konservatoriyasının professoru olub. 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Könül oxşayan, insanlara mənəvi qida verən, xalqımızın mədəni irsinə çevrilən musiqiləri dillər əzbərinə çevrilib. “Dərələr”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada” mahnıları nəsillərin sevərək ifa etdiyi könül nəğmələridir.

Çox sayda tamaşalara musiqi yazan bəstəkar paytaxt teatrları ilə bərabər Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına da musiqi bəstələyib.

Bəstəkarın məzmunlu kino musiqiləri bədii komponentlərin dəyərli vasitəsi kimi milli kinomuza həmişə uğur gətirib. Bəstəkarın tanınmış kinorejissorlardan Arif Babayev, Rasim Ocaqov, Həsən Seyidbəyli, Fikrət Əliyev və başqalarının filmlərinə yazdığı musiqilər filmlərin ekran ömrünü uzadıb, baxımlılığını artırıb.

Emin Sabitoğlunun kino musiqiləri tamaşaçının filmlərdəki hadisələrə ürəkdən təmas etməsinə, daxilən obrazlarla ünsiyyət qurmasına təkan verir. Məsləyinə böyük məsuliyyətlə yanaşan istedad sahibi kino musiqisi yazmağa hələ tələbəlik illərindən maraq göstərib. Kino fəaliyyətinə 1962-ci ildən başlayıb, bir neçə sənədli filmə musiqi tərtibatı verib. Bundan sonra “Kür”, “Yollar və küçələrlə”, “Dəniz”, “Dostların ölkəsində”, “Salam, Azərbaycan” və başqa sənədli filmlərə musiqi bəstələyib. Filmlərə yazdığı mahnılar dövrün ab-havasını, müasirlərinin daxili aləmini şərh edib, duyğu və düşüncələrini, arzu və xəyallarını ekrana gətirib, kadrların mənasını, personajların xarakterini musiqilərin dili ilə səciyyələndirib. Bəstəkarın kinorejissor Mirzə Mustafayevin çəkdiyi “Azərbaycan çayı” (1967) sənədli filminə bəstələdiyi “Çay” nəğməsi, kinorejissor Rasim Ocaqovun çəkdiyi “Çiçək  yağışı” (1971) sənədli filminə yazdığı “Çiçək yağışı” (lirik) mahnısı neçə onilliklərdir ki, tamaşaçıların rəğbətlə dinlədiyi musiqilərdir.

“Cazibə qüvvəsi” (1964) kinoalmanaxında “Dağ meşəsindən keçərkən” novellası ilə bədii kinoya ilk töhfəsini verən sənət bilicisi bunun ardınca “Poçt qutusu”, “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Atları yəhərləyin”, “Bəyin oğurlanması”, “Yaramaz”, “Ölsəm… bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və digər ekran əsərlərinə musiqilər yazıb.

Ümumiyyətlə, kino musiqiləri bəstəkarlardan istedadla yanaşı, gərgin zəhmət tələb edir. Emin Sabitoğlunun kino musiqiləri ümumi bir süjet xətti üzrə qurulmuş ayrı-ayrı epizodları tamamlayan musiqilərdir. Müxtəlif janrların təbiətinə uyğunlaşdırılan musiqilər bəzən gərgin, bəzən komik hadisələri, bəzən mürəkkəb, bəzən xoş olan münasibətləri təhlil edir, düşündürür, qəhrəmanların düşdükləri şəraitlə bağlı hadisələri, keçirdikləri psixoloji vəziyyətləri emosionallıqla şərh edir, mövzunun mahiyyətini, əhəmiyyətini anladır. Melodiyalar tamaşaçını hər hansı bir dövrün müasirinə çevirir,  personajların psixologiyasını, həyat mövqeyini səciyyələndirir, ekran əsərlərinin emosional təsir gücünü artırır.

Məsələn, “Bizim Cəbiş müəllim” kinodramının musiqiləri İkinci Dünya müharibəsi illərində arxa cəbhədəki insanların psixoloji sarsıntılarını, məhv olmuş gənclik, uşaqlıq arzularını təcəssüm etdirir. “Ad günü” filminin poetik melodiyaları insan mənəviyyatını, təzadlı düşüncələri, (mövzudan irəli gələn) həyat fəlsəfəsini xarakterizə edir. “Bizi bağışlayın” filminin həzin melodiyaları illərin nostalgiyasını, peşmanlıq duyğusunu çatdırır, “Park” filminin bəstələri isə insan həyatının qaçılmaz hissəsi olan romantik və dərin mənəvi duyğuları tərənnüm edir. “Ölsəm… bağışla” müharibə janrlı ekran əsərinə yazılan həzin melodiyalar puç olmuş arzuların, nakam məhəbbətin faciəsini danışır, “Təhminə” melodramının musiqiləri isə yarımçıq qalmış sevgi və ömür hekayəsinin məzmun dərinliyini təsdiqləyir.

Kino hadisələrinin dərinliyinə sirayət edən, obrazların hiss və duyğularını musiqi və mahnılarında dəqiq çatdıran bəstəkar janrından asılı olmayaraq, komik və dramatik mövzulu filmlərdə uğurlu yaradıcılıq nümunələri təqdim edib, filmlərə yazdığı mahnılar sonralar fərdi repertuarlarda ifa olunub. Məsələn, “Bəyin oğurlanması” filmindəki hadisələrin məzmununa uyğunlaşdırılan musiqi və mahnılar məzəli hadisələrdəki məntiqi çatdırmaqla yanaşı, mürəkkəb xarakterlərin komik tərəflərini səciyyələndirir, vəziyyət və xarakterlər komediyasının həssas tərəflərini göstərir, dəqiq müşahidəsini təmin edir.

“Dədə Qorqud” film-dastanındakı melodik musiqilərlə yanaşı, qəhrəmanların xarakterinə, arzu və istəklərinə uyğunlaşdırılan mahnılar, “Gün keçdi” filminin romantik-poetik əhval-ruhiyyəsini artıran, qəhrəmanların həyat mövqeyini dilə gətirən, hiss və duyğularını şərh edən nəğmələr bu gün də sevilərək ifa olunur.

Kinorejissorların böyük sevgi ilə müraciət etdiyi bəstəkar imza atdığı hər bir filmdə rejissor ideyasını dolğunluğu ilə təsvir edib, musiqiləri vasitəsilə ekran əsərlərinin uğuruna uğur qatıb.

Görkəmli kinorejissor Rasim Ocaqov həmişə deyərdi: “Emin melodik sənətkardır. O, filmin dramaturgiyasını, ideyasını, ritmini çətinlik çəkmədən başa düşür və bunları kino musiqisində ustalıqla əks etdirirdi. Onunla əməkdaşlıqdan həm rahatlıq tapırdım, həm də zövq alırdım”.

Onu da qeyd edək ki, Rasim Ocaqov çəkdiyi filmlərin bir çoxunun (“Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Ölsəm… bağışla”, “Həm ziyarət, həm ticarət” və s.) musiqi taleyini məhz Emin müəllimə etibar edirdi. Heç də təsadüfi deyil ki, Emin Sabitoğlu dünyasını dəyişdikdən sonra, Rasim müəllimdən gələcəkdə çəkəcəyi filmlərin bəstəkarının kim olacağını soruşanda rejissorun cavabı çox qısa olurdu: “Emin Sabitoğlu”.

Hər bir evdə, hər bir məkanda duyulan Emin Sabitoğlunun musiqiləri saf, işıqlı qəlbindən qidalanan nəğmələri tamaşaçılara nikbin əhval-ruhiyyə bəxş edir, həyata baxışını (yaxşı mənada) dəyişir, dünyagörüşünü formalaşdırır.

Bir payız günüdə (02.11.1937) dünyaya gələn, qəlbi, ruhu həzin, işıqlı melodiyalarla dolu olan, hər yerdə gözəllik görüb musiqilərinə yansıdan sənətkar elə bir payız günüdə də (18.11.2000) dünyasını dəyişdi. Bizdə, yazdığı musiqi və mahnıları ilə ruhumuzu oxşayan, könüllərə sevgi, mərhəmət, fərahlıq bəxş edən unudulmaz bəstəkarımıza Allahdan rəhmət diləyir, insanlığı təbliğ edən yaradıcılığına görə də “adı dillərdə, xatirəsi qəlblərdə əbədidir” deyirik.

Dövlət Film Fondu