Kinorejissor, kinooperator Rasim Ocaqovun doğum günüdür

Maraqlı, orijinal yaradıcılıq üslubu ilə aktyorların ekranda səciyyəvi, fərdi cizgilərini yaradan, xarakterlərini açan, ədəbi əsərlərə uğurlu ekran taleyi bəxş edən istedadlı kinorejissorlarımızdan biri də Respublikanın Xalq artisti, Dövlət Mükafatı laureatı görkəmli kinorejissor Rasim Ocaqovdur. Ömrü boyu sənətinə sadiq qalan rejissor kinomuzun intibah və tənəzzül dövrlərində çəkdiyi ekran əsərləri ilə peşəkarlıq nümayiş etdirib, özünəməxsus yaradıcılığını yaddaşlara, qəlblərə yazıb. Ustad sənətkarın anadan olmasının 88-ci ildönümündə (22.11.1933-11.07.2006) həyat və yaradıcılıq yoluna qısa nəzər salır, əziz xatirəsini dərin ehtiramla yad edirik.

Rasim Mirqasım oğlu Ocaqov 1933-cü il noyabrın 22-də Azərbaycanın gözəl guşələrindən olan Şəkidə anadan olub. Orta məktəbdə oxuyarkən geoloq olmağı qarşısına məqsəd qoysa da, bir qrup kinematoqrafçının Şəkidə çəkiliş aparması onu bu fikrindən daşındırıb. Kinomanların böyük həvəslə film çəkdiklərini seyr edən yeniyetmə həmin andan etibarən kinoya vurulub. Bundan sonra o, özünə bir fotoaparat alır və şəkil çəkməyə başlayır. Orta məktəbi bitirdikdən (1951) sonra isə ailəsinin narazılığına baxmayaraq, sənədlərini Moskva Dövlət Kinematoqrafiya İnstitutuna verir və institutun kinooperatorluq fakültəsinə daxil olur.

Ali kino məktəbində o dövrün görkəmli kinooperatorlardan olan Aleksandr Qolovnya, Leonid Kosmatovdan sənətin sirlərini öyrənir. 1956-cı ildə institutu bitirib böyük yaradıcılıq eşqi ilə vətənə qayıdır. Kinoda ilk dəfə kinorejissor Əjdər İbrahimovun çəkdiyi “Bir məhəllədən iki nəfər” (1957) filmində ikinci operator kimi işləyir, tanınmış rus operatoru Pilixina ilə birgə çalışır. Rus kinosunda peşəkar yaradıcılıq nümayiş etdirən Pilixinanın fərqli yaradıcılıq manerası onun operator kimi sənətdə formalaşmasına təkan verir. Bu filmdən sonra o, rejissor-operator kimi bir neçə sənədli film çəkdikdən sonra yenə də Əjdər İbrahimovla birlikdə yaradıcılıq tandemini davam etdirir, “Onun böyük ürəyi” bədii filminə operator kimi quruluş verir. Ona verilən bu imkandan böyük məharətlə istifadə edən operator müharibədən sonrakı quruculuq illərinin qaynar həyatını, insanların sosial mövqelərini, psixoloji durumlarını müxtəlif planlarla, yüksək sənətkarlıq üslubunda açıb göstərməyə nail olur.

Rasim müəllimin bəxti onda gətirir ki, kinostudiyaya gəldiyi illərdə yaradıcı və peşəkar sənətkarlarla çiyin-çiyinə çalışır. Yuxarıda sözügedən filmlərdən sonra görkəmli kinorejissor Tofiq Tağızadə ilə birgə “Əsl dost” filmində quruluşçu operator kimi, ardınca isə “Matteo Falkone” filmində işləyir. 1961-ci ildə isə kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi “Bizim küçə” filminə dəvət alır. Bundan sonra ardıcıl olaraq kinorejissor Həsən Seyidbəyli ilə “Cazibə qüvvəsi”, “Sən niyə susursan?” filmlərində, həmçinin, kinorejissor Eldar Quliyevin quruluş verdiyi bir neçə filmdə çalışır, ondan artıq bədii filmə operator kimi quruluş verir.

Kinoya olan məhəbbətini, bilik və bacarığını (kinooperator kimi) hələ ilk yaradıcılıqlarından təsdiqləyən Ocaqov bir müddət sonra kinorejissor kimi fəaliyyət göstərmək qərarına gəlir. Buna görə də o, 1974-cü ildə çəkilişləri yarımçıq qalan “Qatır Məmməd” filminə (rejissor kimi) quruluş verir.

Yaradıcılığında heç vaxt mövzu məhdudiyyəti olmayan Ocaqov istər tarixi filmlərə, istərsə də psixoloji dram janrında çəkdiyi mövzulara eyni ciddiyyətlə yanaşır, ədəbi əsərləri uğurla ekranlaşdırırdı. Bir il sonra yazıçı, dramaturq İsa Hüseynovun “Saz” və “Tütək səsi” povestlərinin motivləri əsasında çəkdiyi “Tütək səsi” filmi ilə də rejissor kimi bir daha tamaşaçı rəğbəti qazanmağa müvəffəq olur. İkinci Dünya müharibəsi illərində Azərbaycanda arxa cəbhədəki insanların maddi və mənəvi durumlarını əks etdirən filmi o, psixoloji həssaslıqla işləyir. Rejissor fəaliyyəti boyunca ümumilikdə on iki bədii film ekranlaşdırır.

Ümumiyyətlə, Rasim müəllim hər bir dövr insanlarının sosial mövqelərini, şəraitlərini dərindən öyrənər, onların mənəvi aləmlərinə nüfuz edər, personajları tədqiqat mənbəyinə, kinonu ibrətamiz insan həyatını, ideyalarını əbədiyyətə qovuşduracaq, nəsillərin illər sonra belə baxıb örnək götürəcəyi, pisi qınayacağı bir vasitəyə çevirərdi. Elə buna görə də çəkdiyi heç bir mövzu təsadüfi, heç bir obraz isə mənasız olmazdı.

Yaradıcılıq filmoqrafiyasına 70-ə yaxın film daxil olan sənətkar bədii filmlərlə yanaşı sənədli, sənədli-televiziya filmləri ekranlaşdırıb, həmçinin (20-yə yaxın) “Mozalan” satirik kinojurnalına ssenarilər yazıb, rejissor kimi quruluş verib.

Örnək timsallı yaradıcılığına əsasən yaradıcı heyətin bacarığını doğru istiqamətə yönəldən Rasim Ocaqov çəkdiyi hər bir filmdə böyük bir aktyor nəsli yetişdirirdi. Onun geniş tamaşaçı auditoriyasına sevdirdiyi məşhur aktyorlardan, xalq artistləri Fəxrəddin Manafov, Hacı İsmayılov, Nuriyyə Əhmədova, Həsən Məmmədov, Zərnigar Ağakişiyeva və digərlərinin adlarını çəkə bilərik.

Rasim Ocaqovun kinodakı yüksək xidmətləri Dövlət tərəfindən layiqincə qiymətləndirilib, müxtəlif mükafatlara layiq görülüb. İstedadlı kinorejissor Azərbaycan kinosunda göstərdiyi xidmətlərə görə Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı olub, 1982-ci ildə Respublikanın xalq artisti fəxri adını alıb.

İnsanda insanlıq kimi ali xüsusiyyətləri qiymətləndirən Rasim Ocaqov həmişə deyərdi ki, “iş yalnız onda deyil ki, yaxşı film çəkəsən. Biz elə işləməliyik ki, sonra bütün ömrümüz boyu bir-birimizin gözünə hörmətlə və dik baxa bilək”.

Azərbaycan kinosunun inkişafında böyük xidmətləri olan Rasim Ocaqovun filmləri mədəniyyətimizn bir parçası kimi bütün dövr tamaşaçısını düşündürür, zövqünü formalaşdırır, onlara yüksək mənəvi-estetik zövq verir. Kinonu ali səviyyədə təbliğ etdiyinə görə də xatirəsi əziz tutulur, unudulmur.   

Dövlət Film Fondu