Azərbaycan kinosunda bənzərsiz səsi, yaradıcılığı ilə çoxsaylı tamaşaçı qəlbində yaşayan, ekran obrazlarına peşəkar ifası ilə ölməzlik gətirən unudulmaz aktyorlarımızdan biri də Müxlis Cənizadədir. Sənətdə daim peşəkarlıq nümayiş etdirən, həyatda dost və tanışlarının, doğmalarının böyük rəğbət və hörmətini qazanan istedadlı sənətkarın 93-cü ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edirik.
Qısa arayış
Müxlis Sabir oğlu Cənizadə 1928-ci il noyabrın 26-da Bakıda anadan olub. Ailələrində böyüyən beş uşağın (4 oğlan, 1 qız) demək olar ki, hər biri incəsənətə, musiqiyə böyük həvəs göstərib. Elə buna görə də qardaşlar müxtəlif çalğı alətlərində ifa edib, sənətə, sözə böyük hörmət olan ailədə hər gün xoş əhval-ruhiyyə yaşanıb. Müxlis Cənizadənin ailəsi, doğma ocağı onu sənət dünyasına həvəsləndirən, istedadını düzgün istiqamətləndirən uğurlu yolun başlanğıcı olub. Orta məktəbi bitirən gənc 1950-ci ildə Azərbaycan Dövlət Teatr Texnikumuna daxil olub. Burada görkəmli səhnə ustaları Kazım Ziya və Sidqi Ruhulladan sevdiyi sənətin sirlərini öyrənib. Bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor kimi fəaliyyət göstərib, 1953-1963-cü illərdə Akademik Dram Teatrında maraqlı, diqqətçəkən obrazlar yaradıb. Gənc aktyorun səhnəyə yaraşan xarici görünüşü, ahəngdar səsi, qüsursuz diksiyası oynadığı tamaşalara uğur gətirib, orijinal yaradıcılığı geniş tamaşaçı auditoriyasının diqqətini çəkib.
Dərin mütaliəsi sayəsində məsləyini daim təkmilləşdirən, sənətdə öz sözünü deyən Müxlis Cənizadə bədii qiraət ustası kimi də yaxşı tanınıb, dövrünün məşhur sənətkarlarından biri hesab olunub. Maraqlı və cəlbedici səs tembrinə, yüksək intellektinə görə istedadlı aktyor 1961-ci ildən ömrünün sonuna kimi Dövlət Teatr İnstitutunda (indiki ADMİU) pedaqoji fəaliyyət göstərib.
Kino fəaliyyəti
Filmlərdə səsləndirdiyi rollara böyük maraq yaradan Müxlis Cənizadə xarici filmlərin dublyaj olunmasında da yaxından iştirak edib. Onu haqlı olaraq məşhur dublyaj peşəkarı adlandırırdılar. Aktyorun ahəngdar, əvəzolunmaz səs tembri bizə neçə-neçə ekran obrazlarının daxili dünyasını açıb. Səsini obrazlara son dərəcə doğmalaşdıran ustad sənətkar personajların dialoq və monoloqlarının ən incə məqamlarının təfərrüatını belə fərqli improvizələri ilə çatdırıb, dublyaj sənətinin kinonun ayrılmaz hissəsi olduğunu dəfələrlə sübut edib.
Ekranda bir çox ciddi xarakterli dramatik rolların öhdəsindən bacarıqla gələn sənətkarın komik rolları da məharətlə səsləndirməsi ampluasız aktyor olmasından xəbər verir. Filmlərdə səsləndirdiyi prokuror (“Xatirələr sahili”), Çingizov (“İstintaq davam edir”), Əli müəllim (“Sehrli xalat”), Murad (“Torpaq. Dəniz. Od. Səma”) və başqa obrazların tipik cəhətləri, fikir və mövqeləri aydın tələffüz və diksiyada dəqiq çatdırılıb, dialoqların psixoloji təhlili, personajın məqsədi düzgün müəyyənləşdirilib.
Görkəmli kinorejissorlardan Əlisəttar Atakişiyev, Tofiq Tağızadə, Rza Təhmasib, Şamil Mahmudbəyov və başqaları çox böyük həvəslə onu filmlərinə dəvət edir, yaratdığı rolun neçənci planlı olmasına baxmayaraq, filmlərə uğur gətirəcəyinə əmin idilər. Təsadüfi deyil ki, filmlərində daim güclü aktyor heyəti toplayan görkəmli kinorejissor Hüseyn Seyidzadə çəkdiyi üç filmdə Müxlis Cənizadə yaradıcılığına yer verib, aktyorun bədii qiraət ustası olmasını belə “O olmasın, bu olsun” filmində təsdiqləyib. M.Ə. Sabirin şeirini öz təbirincə, xüsusi avazla deyən aktyor dostlarının düşdüyü vəziyyətin bədii mənzərəsini yaratmaqla film daxilində bir tamaşa göstərir, bizi XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşayan gənclərin psixologiyası ilə tanış edir, hadisələrin realist inkişaf etməsinə təkan verir.
Sərvərin dostu (“O olmasın, bu olsun”), Kipiani (“Dəli Kür”) və Nəriman Tağıyev (“Yenilməz batalyon”) obrazları həyatda fərqli mövqe tutan, təfəkkürü, mədəniyyəti ilə dövrünün hadisələrinə (yaxşı mənada) müdaxilə etməyi bacaran maraqlı və xarakterik personajlardır. Obrazların məntiqli traktovkası aktyor yaradıcılığında tam açıldığına, real təqdimata görə filmlərin mövzusu bütün dövrlər üçün aktual səslənir, obrazlar həmsöhbətimizə, müasirimizə çevrilir.
Buna görə də sevimli aktyorun “Azərbaycanfilm” kinostudiyasında çəkildiyi 20-dək filmdə yaratdığı Qara (“Bakının işıqları”), Kərim (“Bəxtiyar”), Ənvər müəllim (“Ən vacib müsahibə”), Əsəd (“Əsl dost”), “Kirpi” əməkdaşı (“Kazbek” qutusu”), baş leytenant İbrahimov (“Onu bağışlamaq olarmı?”) və başqa obrazlarına şəxsi keyfiyyətindən, nəcib xüsusiyyətindən pay düşüb. Rollarından da həyat mövqeyini bəyan edən, sağlam düşüncəsindən, insani cəhətlərindən seyrçisinə müsbət enerji ötürən aktyor “İyirmialtılar” filmində tamamilə fərqli – qoçu obrazını yaradıb. Obrazın iti baxışı, aqressiv xüsusiyyəti, dinamik davranışı aktyorun fərqli yaradıcılıq üslubunu sübut edir, maraqlı təqdimat rolun ciddi, dolğun təzahürünü verir.
İstedadlı aktyorun bütün rollarında filmlərə uğur gətirən cəhətlərini görmək mümkündür. Yaradıcılığının ilk günlərindən xalq məhəbbəti qazanan sənətkar 1960-cı ildə respublikanın əməkdar artisti fəxri adını alıb. Həyata və insanlara olan sevgisi, peşəkar yaradıcılığına görə də milyonların sevimlisinə çevrilib.
Yüksək mənəvi cəhətlərini, daxili dünyasını rollarında təlqin edən sevimli aktyor 1972-ci il dekabrın 10-da dünyasını dəyişib. Allah ona rəhmət eləsin. Təkcə sənətdə yox, həyatda da müsbət xarakterli insan olduğuna, daim insanlığı təbliğ etdiyinə görə də əziz xatirəsi qəlblərdə, yaddaşlarda yaşamaqdadır.
Dövlət Film Fondu